Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:51

Çində uyğur qadınlar qısırlaşdırılır


Uyğur qadınlar
Uyğur qadınlar

Avstraliya Strateji Siyasət İnstitutu Çinin 2011-2019-cu illərdəki rəsmi demoqrafiq göstəricilərini araşdırıb. Müəlliflər bu qənaətə gəliblər ki, dövlət Çində uyğur türklərinin və digər müsəlman etnik qrupların yaşadıqları ərazidə həmin xalqların doğum göstəricilərinin azaldılması üçün sistemli iş aparır.

1979-cu ildən bəri gerçəkləşdirilən "tək uşaq" siyasəti son illərdə etnik çinlilər üçün yumşaldılsa da, uyğurlar və digər etnik qruplara qarşı doğum göstəricisi nəzarətdə saxlanır və sərt tədbirlər həyata keçirilir. 2017-ci ilin aprelindən bu yana uyğurların yaşadığı Sincan vilayətində "Qeyri-qanuni doğumların azaldılması" kampaniyası başladılıb. Bunun nəticəsində 2017-2019-cu illərdə həmin bölgədə doğum göstəriciləri təxminən yarıbayarı – 48.7 faiz azalıb.

Çində uyğur türklərinin saxlandığı düşərgədən görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

2016-cı ildən bəri məhdudiyyətlər yumşaldılsa da…

Çində ailə planlama siyasətinin tərkib hissəsi kimi "tək uşaq" siyasəti 1979-cu ildən bəri gerçəkləşdirilir. 36 il qüvvədə qalan məhdudiyyətlər 2016-cı ildən bəri yumşaldılır. Məhdudiyyətlərin keçərli olduğu müddətdə onlara əməl etməyən ailələr pul cəzasına, işdən qovulmaya, hətta məcburi abortadək müxtəlif cəzalara məhkum edilirdi. "Tək uşaq" siyasəti nəticəsində Çində sayca 400 milyon insanın doğulmasının qarşısının alındığı ehtimal edilir. Maraqlıdır ki, "tək uşaq" siyasəti tətbiq edilən dövrdə etnik azlıqlar yaşayan bölgələrdə məhdudiyyətlər nisbətən yüngül olsa da, həmin siyasətin yumşaldılmasından sonra əks proses müşahidə edilməyə başlanıb.

Çində uyğurlara qarşı həyata keçirilən demoqrafiq siyasətlə bağlı digər bir tədqiqatda etnik qruplardan olan qadınların məcburi doğum nəzarət tədbirlərinə cəlb edildiyi və hətta qısırlaşdırıldığı vurğulanır. 2013-cü ildən bəri Türkiyəyə qaçan 300 uyğur qadının müayinəsi zamanı onların 27 faizinin qısırlaşdırıldığı üzə çıxıb. Maraqlıdır ki, həmin qadınların əksəriyyəti bundan xəbərsiz olub. Araşdırmaçılar bu əməliyyatların həmin qadınların başqa səbəblərlə xəstəxanalara müraciət etdikləri zaman xəbərsiz gerçəkləşdirildiyi qənaətindədir.

Çində repressiyalar nəticəsində pərən-pərən düşən uyğur ailələri
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Rəsmi rəqəmlər nə deyir?

Rəsmi rəqəmlərə görə, Çində istifadə edilən "intrauterine" cihazlarının (IUD) – uşaqlı borusu daxilindəki cihazların (spiralların) 80 faizindən məhz həmin bölgədə yararlanıblar. Digər tərəfdən, 2014-cü ildə ölkədə 3 min 214 qısırlaşdırma əməliyyatı aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20 dəfə artaraq 60 min 440-a yüksəlib. Onu da qeyd etmək lazımdır ki, uyğurlar yaşayan bölgə onlara qarşı həyata keçirilən bu doğum nəzarət tədbirlərinədək ölkədə təbii artımın ən yüksək olduğu regionlardan biri sayılıb.

Çin rəsmiləri bölgədəki doğum göstəricilərinin azalmasını regionun iqtisadi inkişafı və sosial rifahın yüksəlməsi ilə əlaqələndirib. Çində fəaliyyət göstərən hökumətyönümlü təşkilatsa bunu bölgədə radikal dindarlıq səviyyəsinin yüksəlməsi və bu üzdən qadınların zorla doğuşa məcbur edilməkdən qurtulmaq istəyi ilə əlaqələndirib.

XS
SM
MD
LG