Son bir neçə gün ərzində ABŞ iqtisadiyyatı ağır zərbələrə məruz qalıb. İqtisadi stabilliyin əsas indikatorlarından biri olan Dou Cons indeksi 372 punkt aşağı düşüb ki, bu da ölkənin bütün maliyyə sistemini təhlükə altına salıb. Dolların zəifləməsi ilə müşayiət olunan iqtisadi böhran neft qiymətlərinə də təsir göstərib.
Belə ki, bir qədər əvvəl neft qiymətlərinin enişi müşahidə olunsa da, ABŞ-da iqtisadi böhran başlayandan bəri neft qiymətlərində də 16 dollarlıq artım qeydə alınıb. Amerikadakı yerli ekspertlər bunu dolların beynəlxalq bazardakı mövqelərinin zəifləməsi ilə izah edirlər. ABŞ hökuməti Uoll Stritin nəhəng şirkətlərinin bankrotluğa düşməsinin qarşısını almaq üçün konqresə 700 milyard dollarlıq iqtisadi yardım paketi təqdim edib. Əgər bu paket konqresdə təsdiqlənsə, ABŞ Xəzinədarlıq Departamenti bu 700 milyard dollarlıq vəsaitdən istifadə edərək əsas maliyyə şirkətlərini iqtisadi burulğandan çıxarmaq imkanı əldə edəcəkdir. ABŞ hökuməti artıq 85 milyard dollarlıq yardımın Amerikanın nəhəng sığorta şirkətlərindən olan AİG-nin xilas edilməsinə yönəldiləcəyini bəyan edib. Yerli ekspertlər və həm demokrat, həm də respublikaçı siyasətçilər tezliklə ABŞ hökumətinin bazara müdaxilə edərək iri şirkətləri böhrandan qurtarmalı olduğu fikrində yekdildirlər. Lakin iqtisadi böhranın seçki ilin təsadüf etməsi ortaya məsələləri çətinləşdirən məqamlar çıxardıb.
Konqresin hər iki palatasında üstünlüyü əldə saxlayan demokratlar iqtisadi böhranın səbəblərini müzakirə etməkdə maraqlıdırlar. Belə ki, bu cür müzakirələr ABŞ-ın hazırkı administrasiyasını çətin durumda saxlayaraq onun ictimai dəstəyini bir qədər də azalda bilər. Respublikaçı administrasiya isə bu tip müzakirələrə uzun vaxt ayırmayaraq iqtisadi paketi sürətlə konqresin hər iki palatasında təsdiq etdirməyə çalışır. «Nyu-York Taymz» qəzeti Senatın respublikaçı liderlərindən Miç Mak Konneldən sitat gətirərək yazır: «Sizin mətbəxinizdə yanğın başlayanda, siz onu söndürməyə gəlmiş yanğınsöndürənlərin qarşısını kəsib əvvəl yanğın detektorlarını tələb edib, sonra zirzəmidə alovlana bilən rəng qutularının saxlanmasının ziyanı barədə sizə uzun-uzadı moizə oxumasını tələb etməzsiniz. Siz istərsiniz ki, onlar sizin evinizi və ömrünüz boyu yığıb topladıqlarınızı tezliklə yanğından xilas etsinlər. İqtisadi vəziyyət barədə də eyni şeyi demək olar. Biz bilirik ki, iqtisadiyyatımıza ciddi təhlükə var və biz bilirik ki, biz hərəkətə keçib Meyn Stritə dəyən zərbədən yayınmalıyıq».
Senatda iqtisadiyyat komitəsinin sədri demokrat Kris Dod isə CNN-in verdiyi xəbərlərə görə belə bir mövqe sərgiləyib: «Bizim çox vaxtımız yoxdur. Biz istəyirik hərəkətə keçək, lakin məsuliyyətlə hərəkətə keçmək istəyirik».
Konqresin maliyyə xidmətləri komitəsi və senatın bank komitəsinin sədrləri (demokrat Barni Frenk və demokrat Kris Dod) bir araya gələrək ABŞ hökumətinin 700 milyardlıq yardım paketinə alternativ bir sənəd ortaya qoymuşlar. Həmin sənəd respublikaçılarla demokratların iqtisadiyyata baxışları arasında olan fundamental fərqləri əks etdirir. Belə ki, ABŞ hökumətinin layihəsinə əsasən 700 milyard dollarlıq iqtisadi paket Uoll Stritdə böhrandan əziyyət çəkən nəhəng şirkətlər və maliyyə qrupları arasında bölüşdürülməlidir, yerdə qalan problemlər isə bazar iqtisadiyyatının qanunlarına əsasən hökumət müdaxiləsi olmadan özəl şirkətlərin özləri arasında həll edilməlidir. Demokrat liderlərin təqdim etdiyi sənədə görə isə hökumətin şirkətlərə təqdim etdiyi iqtisadi paket şərtli olmalıdır: Dövlət bu pulu verdiyi şirkətlərin aksiyalarının müəyyən bir qismini alıb əlində saxlamalıdır; Hökumət maliyyə bazarına davamlı müdaxilə imkanlarını yaradaraq tənzimləyici sistem yaratmalıdır; maliyyə yardımını alan şirkətlər öz icraçı direktorlarının nəhəng maaşlarını əhəmiyyətli dərəcədə azaltmalıdırlar.
ABŞ prezidenti Corc Buş demokratların bu mövqeyi ilə razılaşmayaraq onları iqtisadi paketi iri maliyyə şirkətlərini hökumət pullarını almaqdan çəkindirən məqamlarla ağırlaşdırmamağa çağırmışdır. Konqresin spikeri demokrat konqresmen Nensi Pelosinin bu məsələdə mövqeyi isə dəyişməz qalmışdır: «Biz sadəcə Uoll Stritə 700 milyard dollarlıq çek verib yaxşı nəticələr gözləyə bilmərik».
İqtisadi böhran seçki kampaniyasının dinamikasını tamamilə dəyişmişdir. Bir qədər əvvəl xarici siyasət məsələlərində göstərdiyi qətiyyətə görə Barak Obama ilə reytinqlərini bərabərləşdirmiş, bəzi məqamlarda isə hətta onu üstələyən Con Makkeyn iqtisadi böhran başlandıqdan sonra bu mövqeləri tamamilə itirib. Hazırda seçki kampaniyası tamamilə iqtisadi məsələlər üzərində köklənib və CNN-in son iki gündə apardığı sorğular göstərir ki, Barak Obama Makkeyn üzərində 5 faizlik üstünlüyünü bərpa etməyə nail olub. Aparıcı qəzetlərin yazdığına görə böhran dərinləşdikcə, respublikaçı namizədin qarşıdan gələn seçkilərdə qələbə şansları azalmaqda davam edəcək.