«Müəllimlər dərsə səhlənkar yanaşırlar. Şagirdlərdən oxumaq tələb etmirlər. Əksinə, deyirlər ki, «get özün oxu».
Tovuz rayonunda orta məktəblərdən birini ötən il bitirən Könül Əliyeva deyir ki, şagirdlərin çoxu il boyu məktəbə də getmir: «Uşaqlar heç dərsə gəlmir. Elə adları gedir məktəbdə, biz də məşğələlərə gedirik. Elə yollarda qalırıq».
Müsahibimiz deyir ki, orta məktəbdə yaxşı dərs keçirilmədiyi üçün ali məktəbə də qəbul oluna bilməyib. Ona görə də hazırlıq kurslarına getmək üçün Bakıya gəlib. Deyir, özünü yenidən orta məktəb şagirdi sayır, amma bu dəfə əməlli-başlı dərs keçirlər.
Ötən il dövlət büdcəsindən təhsilə investisiya xərcləri üçün 196 milyon manat ayrılıb. Təhsil naziri Misir Mərdanov isə hələ ötən il bildirmişdi ki, bu vəsait ölkədə məktəb və əlavə tədris korpusların tikintisinə, qəzalı məktəblərin təmirinə xərclənəcək. Statistik planlaşdırmada son aylarını yaşadığımız bu ilin payına 115 orta, 4 peşə məktəbinin tikintisi düşür.
Ekspertlər isə hesab edirlər ki, ölkədə məktəb tikintisi bumu ayrılan vəsaitin mənimsənilməsi üçün yaxşı tor sayıla bilər. Məsələn, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, hökumət xəttiylə məktəb tikintisinə ayrılan xərclərlə xarici donorların malliyəsi əsasında inşa edilən məktəblərə yönəldilən vəsait arasında ciddi fərqlər var.
İqtisadçının fikrincə, üstəlik təhsilə ayrılan investisiya öz bəhrəsini vermir. Rövşən Ağayevin sözlərinə görə, ötən il 40 faizə qədər orta məktəbdən bir məzun da tələbə adını qazana bilməyib:
«Mənə elə gəlir ki, bu məktəblərin səmərəlilik məsələsini hesablamalıdır. Ən ciddi problem rayon və kəndlərdədir. Təsəvvür edin ki, ali məktəblərə daxil olunanların 65 faizi üç iri şəhərin - Bakı, Gəncə və Sumqayıtın payına düşür, bu o deməkdi ki, regionlarda vəziyyət daha acınacaqlıdır».
Təhsilə qoyulan investisiyaları araşdıran jurnalist Natiq Güləhmədoğlu da hesab edir ki, məktəb tikintisinə yönəlmiş investisiyaların səmərəsi görünmür. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2007-2008-ci il tələbə qəbulu üzrə nəticələrinin təhlilində investisiya qoyulan məktəblərin məzunlarını arayıb. Məlum olub ki, məsələn, bir sinif otağına 64 min manat vəsait qoyulan məktəbdən ya heç kim tələbə olmayıb, ya da uzağı bir-iki abituriyent bu adı qazınıb. Rəqəmlərə diqqət yetirək:
«1 otağı 64 min manata tikilən Lerikin Gürdəsər kənd orta məktəbindən ötən il 12 abituriyent olub, onların 2-si ali məktəbə daxil olub; Gədəbəyin Dəyəqarabulaq kənd orta məktəbinin cəmi 2 abituriyenti olub və hər iki abituriyentin toplam balı 100-ü keçməyib; Qusarın 47 orta məktəbinin 44-ü imtahan kampaniyasına qoşulub. 44 məktəbin tən yarısından - 22-dən bir nəfər də olsun ali məktəbə daxil olmayıb. Onların arasında bir sinif otağının tikintisinə 64 min dollara yaxın vəsait ayrılan Xürəldə kənd orta məktəbi də var».
Təhsil Nazirliyindən isə investisiyaların səmərəsizliyi ilə bağlı deyilənlərlə razılaşmırlar. Nazirliyin sözçüsü Bayram Hüseynzadə deyir ki, ölkənin regionlarında tədrisin keyfiyyətində problem var, amma bu, müəllim çatışmazlığıyla bağlıdır. Nazirlik göstəricisi aşağı olan məktəblərin maddi-texnika bazasını və müəllim heyətini yaxşılaşdırmağa çalışır.
Onu da deyək ki, bu il dövlət başçısı öz fondundan qəzalı məktəblərin təmiri üçün əlavə 25 milyon manat da ayırıb.
2009-cu ilin dövlət büdcə layihəsində isə təhsilə 1 milyard 300 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulub.