Martın 22-də yüksək hərarətlə Neftçala rayonunun Xolqarabucaq kəndindən Bakıdakı Elmi Tədqiqat və Ağ Ciyər Xəstəlikləri İnstitutuna gətirilən hamilə qadın Qənirə Əsgərovanın da vəziyyəti normallaşıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin qadında ümumiyyətlə, «quş qripi» virusunun əlamətləri aşkarlanmayıb.
Martın 5-dən 7 Saylı Xəstəxanada pnevmoniya diaqnozu ilə müalicə olunan Salyan rayonunun Dayıkənd sakini, 2 yaş yarımlıq Şahsənəm İbrahimovanın vəziyyəti də yaxşılaşıb. Xəstəxananın baş həkimi Məhəbbət İbrahimova deyir ki, çox güman ki, həmin uşaq gələn həftə evə buraxılacaq.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın bildirdiyinə görəsə, London laboratoriyasının nəticələrinə görə, «quş qripi»nə yoluxan və 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə olunan 15 yaşlı Ülkər Əsgərovanın da vəziyyəti ötən günlə müqayisədə normallaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda isə, deyilir ki, son günlər çöl quşlarının ölməsi halları xeyli azalıb. Nazirlik bunu havaların istiləşməsilə bağlı köçəri quşların Azərbaycandan getməsilə əlaqələndirir. Amma buna baxmayaraq qurum quşların miqrasiyasının may ayına qədər uzanacağını proqnozlaşdırır.
Azərbaycanda «quş qripi» xəstəliyi bu ilin fevralında aşkarlanıb. Bu virusun insanlarda olmasını isə Ümumdünya Səhiyyə Təşkilatı martın 21-də elan edib. Azərbaycandan London laboratoriyasına göndərilmiş 11 nəfərin qan nümunəsindən 7-də «quş qripi» müəyyən edilib. Onlardan beşi - Salyandan dörd, Tərtərdən isə bir nəfər vəfat edib. İki nəfərdən biri müalicə olunub evə buraxılıb, bir nəfər isə hazırda Bakıdakı 2 saylı Uşaq Klinik Xəstəxanasında müalicə olunmaqdadır.