Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:36

Jurnalistlərin həbsinə görə Azərbaycan ön sıradadır


Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə, hazırda dünyada 125 jurnalist həbsdədir
Jurnalistləri Müdafiə Komitəsinin verdiyi məlumata görə, hazırda dünyada 125 jurnalist həbsdədir
Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, dünya üzrə həbsdə olanlar daha çox internet jurnalistləridir. Qurum bildirir ki, dünyada həbsdə olan jurnalistlərin 45 faizi bloq sahibləri, elektron KİV-lərin müxbirləri və redaktorlarıdır.

Hesabatda deyilir ki, dünyada jurnalistləri həbsdə olan 29 ölkə arasında Çin lider yeri tutur. İlk beşlikdə Çindən sonra Kuba, Birma, Afrika ölkəsi Eritreya və Özbəkistan gəlir. Bu 5 ölkə jurnalistlərin həbsə atılmasına görə ən irəlidə gedən ölkələr hesab olunur.


Həbsdə olan jurnalistlərin sayına görə bu beş ölkədən sonra İran və Azərbaycan gəlir. Komitənin qənaətinə görə, hər iki ölkədə 5 jurnalist həbsdədir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin satirik yazarı Sakit Zahid, «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, «Talişi Sədo» qəzetinin redaktoru Novruzəli Məmmədov, bir də «İdeal» qəzetindən Əli Həsənov həbsdədirlər.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, ölkədə ümumiyyətlə peşə fəaliyyətinə görə həbs olunmuş jurnalist yoxdur, həbsdə olan jurnalistlər başqa ittihamlarla həbs olunublar. Amaşov bildirir ki, Azərbaycanda həbsdə olan jurnalistlərin sayı Jurnalistləri Müdafiə Komitəsinin qeyd etdiyi kimi 5 yox, daha azdır. Onun sözlərinə görə Mətbuat Şurası indiyə qədər həbsdə 3 jurnalistin olduğunu qeyd edirdi. Bunlar Qənimət və Sakit Zahidov qardaşları və Eynulla Fətullayevdir. Bu yaxınlarda isə «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovu da həbsdə olan jurnalistlər siyahısına əlavə ediblər. Səbəb də onun xəstə və ailə vəziyyətinin çətin olması və bir sıra digər səbəblərdir. Mətbuat Şurası həm də istəyib ki, jurnalistlərin azadlığa buraxılması ilə bağlı qərar olarsa Müşfiq Hüseynov da nəzərə alınsın. Lakin o bildirir ki, komitəsinin hesabatında adı yer almış Novruzəıli Məmmədov və Əli Həsənov həbsdə olmuş jurnalist kimi qeyd edilə bilməz.


Əflatun Amaşov deyib ki, hazırda atalarının yas mərasiminə görə 1 həftəliyə azadlığa buraxılan jurnalistlər Qənimət və Sakit Zahidovların tam olaraq azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edəcəklər və müraciət məktubu üzərində işləyirlər.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov deyir ki, Azərbaycan jurnalistlərin həbsinə görə keçən il tutduğu pillədən az da olsa aşağı düşüb və bunu mənfi qiymətləndirmək olmaz. O, bildirir ki, rəhbərlik etdiyi qurumun hesablamasına görə hazırda Azərbaycanda 5 həbsdə olan jurnalist var. Qənimət və Sakit Zahidovlar, Eynulla Fətullayev, Müşfiq Hüseynov və Əli Həsənov. Bəzi qurumların, eləcə də Jurnalistləri Müdafiə Komitəsinin həbsdə olan jurnalist kimi qeyd etdiyi Novuzəli Məmmədov isə onun sözlərinə görə jurnalist fəaliyyətindən daha çox siyasi baxışlarına görə həbs olunub. Emin Hüseynov bildirir ki, Azərbaycanda həbsdə olan jurnalistlər adı altında qeyd olunan insanlara qarşı müxtəlif ittihamlar irəli sürülsə də onlar hamısı məhz peşə fəaliyyətinə görə həbs olunublar.
XS
SM
MD
LG