Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:43

«Atam fiziki və mənəvi baxımdan qüvvətli adam idi»


Qənimət Zahid, 3 dekabr 2008
Qənimət Zahid, 3 dekabr 2008
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid «İşdən sonra» proqramına müsahibə verib.

-Qənmət bəy, adətən ata-oğul münasibətləri əksər hallarda gərgin keçir. Nəsillər arasında bir-birini anlamaq problemləri mövcuddur. Atanızla bu problemi yaşamısınızmı?

-Açığı atamla olan münasibətlər konservativ olsa da, gərgin olmayıb. Daha çox şəffaf olub. Görünür ailədə ən balaca olduğuma görə mənimlə atam münasibətlərdə daha açıq və daha yaxın olub. Axıra qədər də, onun mənə dediyi sözlər qardaşlarıma deyilənlərdən daha yumşaq olub.

-Dünyagörüşünüzün formalaşmasında atanızın rolu nə qədərdir? Hansısa baxışın formalaşmasına təkan veribmi?

-Atam savadsız olub. Ömür boyu sadə işlərdə işləyib. Vəzifə daşıyıcısı olmayıb. Bu baxımdan mənim hansısa ictimai-siyasi baxışlarımın formalaşmasında qəti deyə bilmərəm ki, atamın rolu olub. Amma, ümumiyyətlə, adamlara münasibətlərdə, həyati məsələlərdə atamın rolu birmənalı olaraq danılmazdır. Hər-halda tanıyanlar hamısı təsdiq edər. O sözünün üstündə dayanan adam olub. Saflığı ilə seçilib. Zamanının həm fiziki baxımdan, həm də mənəvi baxımdan çox qüvvətli adamlarından biri hesab olunub. Bu baxımdan mən ondan örnək götürmüşəm ki, kiminsə qabağında əyilmək, yaltaqlıq etmək yox, sözü düz demək lazımdır.

-Qardaşınız Sakitə atanız bir-neçə əvvəl telefonla deyib ki, «əqidəni dəyişmə, hansı mövqedə dayanmısansa, onu da müdafiə et». Bu istiqamətdə söhbətləriniz atanızla olubmu?

-Təbii ki olub. Deməzdim ki, ictimai və siyasi təsəvvürlərim barədə söhbət edirdik. Fikir mübadiləsini etmişik. Atam mənim hansı adamlarla bir yerdə olduğumu bilirdi. Evimizə gəlib-gedən dostlarımı şəxsən tanıyırdı. Həmişə də qeyd edir ki, mənim əhatəmdə olan adamlar qismət üçün adamlardır.

-Oğul atasını itirəndə belə məqamları yada salır ki, peşmançılıq haqda ən azı düşünməyə başlayır. Nəyə görəsə peşmansınızmı? Atanız qarşısında nədə günahkarsız?

-Bəlkə eqoistcəsinə səslənər, amma belə anları xatırlamıram. Son illər artıq qocalmış atamı çalışırdım ən azı həftədə bir dəfə görüm, problemlərilə maraqlanım. Zatən, bu dünyanın problemlərində gözü, nəfsi olan adam da deyildi ki, məndən hansısa tələbləri olsun. Peşman olacağım bir şey odur ki, dəfn mərasiminə çata bilmədim.

-Həbsdə olan zamankı əlyazmalarınızda insanlar arasında münasibətlər, cəmiyyət haqda fikirləriniz var idimi?

-İstər-istəməz, bu həbsxanada yazılmış bir əsər idi. Əsərin leytmotivi də cinayətkar adlanan insanların arasında yaranan təəssüratdan ibarət idi. Amma daha çox riyakarlığın sosial-siyasi mənşəyini araşdırmağa bir cəhd idi.

Buna da bax:

XS
SM
MD
LG