Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Bir rəqs, 10 dəqiqəlik məhkəmə və 5 il həbs…


Əsgər Əkbərzadə
Əsgər Əkbərzadə
«Bigünah, bu cür. Bu səfər elə tutublar ki, belə məni yandırırlar. Mənim cigərimi yandırırlar».

23 yaşlı Əsgər Əkbərzadənin anası Həmayil Əzizi «Azadlıq» radiosuna belə deyir. Onun oğlu, Ərdəbil Pəyame Nur Universitetinin kimya fakültəsinin tələbəsi Əsgər Əkbərzadə dekabrın 10-da 10 dəqiqəlik məhkəmədən sonra 5 il həbs cəzasına məhkum olunub. Bu sözləri isə Həmayil Əzizi iyun ayında, oğlu, imtahanların qızğın çağında həbs olunanda demişdi. 28 gün sonra Əsgəri 30 milyon tümən - təqribən 30 min dollar cərimə müqabilində azadlığa buraxmışdılar ki, məhkəməsini gözləsin.

Dekabrın 10-da isə ona oxunan hökmdə deyilir ki, Əsgər Əkbərzadəni nəinki həbsə, hətta 5 illik həbsini çəkmək üçün elə gözdən-könüldən uzaq yerə göndərmək lazımdır ki, bu tələbə İslam inqilabının əsaslarına və İran dövlətinin təhlükəsizliyinə zərbə vura bilməsin.

Əkbərzadənin hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.

Bəs görəsən, Əkbərzadə nə edib?

Hökmdə yazılanlara görə, iş polisin raportu əsasında açılıb. İddiaya görə, Əkbərzadənin günahı budur ki, 23 yaşlı Ərdəbil sakini ölkənin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə yaranan «Azərbaycan Milli Hərəkatı» adı altında tanınan qanunsuz qruplara üzv olub. Hökmdə yazılıb ki, «Ettelaatın verdiyi məlumatlara əsasən, müttəhim təkcə həmin qrupa üzv olmayıbmış, hətta bu təşkilatın rəhbərinin Ərdəbil əyalətindən xaric bir yerdə həbsdə olduğu vaxt həmin qrupu idarə edib, onun iclaslarını təşkil edib və orada gənclər arasında mövcud nizama qarşı şüarlar, milliyyətçilik və separatizm ideyaları yayıb».

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlının verdiyi məlumata görə, bu adda təşkilat yoxdur:

«Azərbaycan Milli Hərəkatı» - struktursuz bir hərəkatdır. Onun nə üzvlüyü, nə də rəhbər orqanları var. Bu, sadəcə, İranın ayrı-ayrı şəhərlərində milli haqları pozulan azərbaycanlıların öz hüquqları uğrunda mübarizəsinə verilən addır».

V.Qarabağlı deyir ki, Əsgər Əkbərzadə bir tələbədir və ana dilində təhsil tələb etməsi ilə tanınır.

Amma İran məhkəməsi bu fikirdədir ki, Əkbərzadənin fəaliyyəti siyasidir və o, bu fəaliyyətə 2004-cü ildən müxtəlif mərasimlərdə iştirak etməklə başlayıb. Hökmdə onun günahını sübut edən bu dəlillər gətirilib:

1. «Azərbaycan Milli Hərəkatı»nın rəhbəri ilə birgə bu qurumu yaratmaq;
2. Pantürkist məzmunlu CD, bəyanatlar, elanlar hazırlayıb və yaymaq;
3. Milliyyətçi toplantılarda iştirak etmək;
4. Pantürkist fəal Məhəmmədəli Fərzanənin yas mərasimində, tələbə yığıncaqlarında, Babək qalasına yürüş və 21 Azər Günü ilə bağlı keçirilən mərasimlərdə iştirak etmək;
5. Azərbaycan rəqsləri kursuna gedib, rəqs etdiyi zaman bozqurd işarəsi etmək.

Sonuncu ittihamla bağlı məhkəmənin əşyayi-dəlili də var. Rəqs edən Əsgər Əkbərzadənin şəkli müttəhimin dosyesinin 56-cı səhifəsində yer alır.

Məhkəmənin fikrincə, onun digər qanunsuz fəaliyyəti Ərdəbil şəhərində divarlara şüarlar yazmaq, xarici media və təşkilatlara yalan məlumat vermək, «Savalansəsi» veb səhifəsinə xəbər və şəkillər göndərməkdən ibarətdir.

«Savalansəsi» veb səhifəsinin redaktoru olan Vahid Qarabağlı deyir ki, bu ittihamın heç bir əsası yoxdur:

«Əsgər Əkbərzadə bizə məlumatlar göndərməyib. Amma «Savalansəsi» dəfələrlə onun həbsi barədə məlumatlar yayıb, necə ki, İranda digər haqqı pozulan insanlar barədə məlumat yaymışıq. Çünki bu, bizim görəvimizdir».

«Azərbaycan Milli Hərəkatı» qrupunun adı çəkilməyən «başqa üzvlərinin etirafları»na istinad edən məhkəmə bildirir ki, Əkbərzadə onları mövcud rejimə qarşı fəaliyyətə təşviq edən əsas ünsür olub.

Amma Əsgərin anası Həmayil Əzizinin fikrincə, onun oğlunun yeganə günahı ana dilində təhsil istəməsi olub:

«Biz ana dili, bircə türk dili istəyirik ki, biz türk deyək, türk yazaq. Əsgər bir tələbədir. Məgər ana dili demək sizə günahdır? Dövlətimizə söyüb, başqa bir iş görüb? Hamısını çox istəyir. Əsgərin dərdi bir ana dilidir. Qaziyə də dedim. Dedim ağa qazi, sən də türk balasısan, mən də. Əsgər bir söz deyib? İki kəlmə söz deyib. Universitetdə deyib ki, ağa biz azərbaycanlıyıq, türkük. Bunu deyib. Əsgərin günahı budur, ondan oyana günahı yoxdur».

Hökmdə deyilir ki, müttəhimin özünü müdafiə üçün gətirdiyi dəlillər qəbul olunmayıb və buna görə də İslam Cəza Qanununun 499-cu maddəsinə əsasən o, beş il müddətinə həbsə məhkum olunur. Amma onun qanunsuz qrupun əsas üzvlərindən, banilərindən və idarəçilərindən biri olması nəzərə alınaraq, Ərdəbil vilayətində həbsdə olması məsləhət görülmür, çünki, o, həbsxananda da digər insanları təşviq edə, təbliğat apara bilər və bununla da Ərdəbil ostanının təhlükəsizliyinə zərbə vura bilər. Odur ki, hakim Həsənzadə belə qərar verib ki, İslam Cəza Qanununun 20 və 19-cu maddələrinə görə, başqa gənclərin də həmin təşkilata üzv olmaması, ostanın təhlükəsizliyi, asayişi və əmin-amanlığı naminə Əsgər Əkbərzadə həbsini Zahidan həbsxanasında çəkməlidir. Əsgərin anası Həmayil xanım hər dəfə oğlunu görmək üçün Ərdəbil məhkəməsindən yazılı icazə istəməli, sonra isə ölkənin şimal şəhəri Ərdəbildən cənub şəhəri Zahidana 30 saatlıq yol qət etməlidir.
XS
SM
MD
LG