Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:40

Birinci ledi ikinci ledi olanda…


Prezident Muqabe
Prezident Muqabe
Afrikada birinci ledilər haqda yalnız şayiələrdən nəsə öyrənmək olar, ya da təsadüfən. 2004-cü ildə Keniyanın vitse-prezidenti çaşıb birinci lediyə «ikinci ledi» deyəndə, cəmiyyətə məlum oldu ki, prezident Kbaki ikinci dəfə evlənib, birinci ledi artıq ikinci ledidir. Beş ay sonra yerli televiziya yeni birinci ledidən tərifli veriliş verəndə, keçmiş birinci ledi studiyaya gəlib kameramanı döydü.
Zimbabvedə prezident Muqabedən çox yəqin yalnız bircə adama nifrət edirlər, o da prezidentin ikinci dəfə evləndiyi Grace Muqabedir. Yoxsulluq və vəba xəstəliyi içində olan Zimbabvedə dünən o, Mərkəzi Bankdan 92 min dollar götürüb ki, Malayziyaya ailəvi istirahətə gedir.
Belə bir vəziyyətdə Nigeriyanın keçmiş birinci ledisi kitab yazır. Və öz keçmiş əri, Nigeriyanın sabiq prezidenti Olesequn Obasanjonu «zorakı və hiyləğər arvadbaz» adlandırır.
«Mənim Obasanjo ilə həyatım» adlı kitabında Oleremi Obasanjo yazır ki, onlar məktəbdə tanış olanda, Obasanjo ayaqyalın gəzirdi, çünki hətta qəpik-quruşa olan tennis ayaqqabılarını da ala bilmirdi. Sonra hərbi yolla karyera qurub general, sonra da diktator və prezident olanda hamını məcbur edirdi ki, ona «doktor», ya «müəllim», ya da «böyük fil» deyə müraciət etsinlər.
Keçmiş birinci ledi yazır ki, bir dəfə Obasanjo onu döyüb, bıçaqlayandan sonra hökumətdən kömək istəyib. Ancaq hökumətdə heç kim qorxusundan prezidentin əleyhinə gedə bilməyib və ona 1975-ci ili xatırladıblar. Onda Nigeriyanın gələcək hərbi lideri Murtala Məhəmməd Obasanjoya irad tutub ki, öz həyat yoldaşı ilə niyə belə rəftar edir? Bunu eşidən Obasanjo zabitlərin yanında öz rəisi Məhəmmədin yaxasından yapışıb onu duelə çağırıb.
Britaniyanın «İndependent» qəzeti yazır ki, bu kitab çox pis vaxtda çıxıb. 2007-ci ildən daha prezident olmayan Obasanjo indi özünə yeni imic - dünya miqyaslı siyasətçi obrazı yaradır. BMT onu Konqo Respublikasına BMT səfiri qoyur, Qərb liderləri onu Kofi Annandan sonra qitənin ən tanınmış dövlət xadimi adlandırırlar. Obasanjo Amerikanın keçmiş Müdafiə naziri Donald Ramsfeldin isə, ümumiyyətlə, sevimlisidir.
Düzdür, Qərbin belə qiymətləndirməsinə bir obyektiv səbəb də var. Obasanjo ilk Nigeriya diktatorudur ki, hakimiyyəti dinc yolla təhvil verdi. Maraqlıdır ki, Obasanjo Konstitusiyanı dəyişmək istədi ki, üçüncü dəfə prezident ola bilsin, ancaq buna nail olmadı. Ancaq buna nail olmayanda zorakılığa getmədi.
Oluremi Obasanjo bu kitabı niyə yazdığını belə izah edir:
«O, uşaqları naminə on illərlə susub ki, onları birinci ailə statusundan məhrum etməsinlər».
Ancaq onun fikrincə, ictimai fiqurların cəmiyyətdən gizli həyatından məxfilik götürülməlidir. Keçmiş diktatorun özü isə sabiq həyat yoldaşının Nigeriyada bestseller olan kitabına hələ ki, heç bir reaksiya vermir.
XS
SM
MD
LG