Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:51

Nəhs nazirlik


Heydər Babayev
Heydər Babayev
«Təəssüflər olsun ki, həm əvvəllər, həm də son üç ildə nazirliyə rəhbərlik etmiş şəxslərin səriştəsizliyi, işi günün tələbləri səviyyəsində qura bilməmələri, kadr siyasətindəki nöqsanları və qarşıya qoyulmuş vəzifələri tam dərk etməmələri dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilməsinə gətirib çıxarmışdır».

Bu, yeni İqtisadi İnkişaf naziri Şahin Mustafayevin Nazirlər Kabinetində 2008-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki ilk çıxışıdır. O, dövlət başçısına indiyə qədər nazirliyə rəhbərlik edənlərin səriştəsizliyindən danışır.

Ş.Mustafayev yeddi il ərzində bu nazirliyə təyin edilən sayca üçüncü nazirdir.

Prezident İlham Əliyev ölkədə iqtisadi inkişafın sürətlə getdiyini, ötən il iqtisadiyyatın 11 faiz artdığını deyir.

Bəs onda İqtisadi İnkişaf nazirlərinin belə tez-tez dəyişməsi nə ilə bağlıdır?

Rəsmi səbəb indiki nazirin dediyi kimi, odur ki, həmin nazirlər öz işlərinin öhdəsindən gələ bilmirlər. Ekspertlərin səsləndirdikləri qeyri-rəsmi cavablar isə tam başqadır.

Ekspertlərə görə, bu, daha çox kimin yuxarılarla necə işləməsindən asılı bir məsələdir.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, siyasi elitanın yuxarı dayaqlarının formalaşması və onlara sərvət toplanması baxımından bu nazirliyə çox önəmli bir rol düşür.

Bu rol lazımı qaydada yerinə yetirilməyəndə, təyin edilmiş qaydalar pozulanda isə həmin nazirlərin cəzalandırılması baş verir:

«Və əgər sərvət toplama prosesində kimsə hakimiyyəti aldadırsa, təbii ki, o, cəzalanmalıdır. Bu cəzalandırma o qədər ciddi olur ki, qoy hamı üçün görk olsun».

Ə.Oruclu deyir ki, əslində daha çox o şəxslər yerində qalır ki, onlar daha çox mənimsədiyi kimi, daha çox da yuxarılara verirlər.

Bunun əksi olanda problem yaranır.

Hətta bəzi ekspertlər hesab edirlər ki, hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev gömrükdən keçirilən malların real qiymətilə, ölkə bazarına çıxarılan qiymətlər arasındakı fərqi mətbuata açıqlamaqla bir növ göstərmək istəmişdi ki, yuxarılara daha çox haqq verən, həm də daha çox qazanır.

Amma bu, yuxarılara gedən pulun bir növ hesabının aparılması kimi yozularaq Fərhad Əliyevin əleyhinə işlədi. Elə Heydər Babayevin cəzalandırılması da həmin qaydalara əməl etməməsi ilə əlaqələndirilir.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, məsələnin bir tərəfi də qlobal maliyyə böhranı ilə bağlıdır.

Onun fikrincə, bu böhran Azərbaycanda hiss olunanda günahkar tapıb, onu nümayişkaranə cəzalandırmaq lazım idi:

«Bu olacaq Heydər Babayev, bu olacaq onun komandasına daxil olmuş bir neçə insanlar».

Ə.Oruclu bu baxımdan Heydər Babayevin həbs ediləcəyini istisna etmir. O, hesab edir ki, qlobal böhranın günahı kiminsə boynuna qoyulmalıdır. Hətta ekspertlər hesab edirlər ki, prezident İlham Əliyevin müşavirədəki yekun nitqində dedikləri bunu söyləməyə əsas verir.

İlham Əliyev: «Antiinhisar fəaliyyətini gücləndirməliyik, əsasız inhisarçılığa son qoyulmalıdır və bu işlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdır ki, biz bu sahədə dönüş yaradaq. Bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dövlət qurumları tərəfindən dayandırılmalıdır, dərhal. Qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilməlidir və olunur və daha geniş və ciddi olmalıdır. Hamı bilməlidir ki, dövlət əleyhinə olmaq, qanunsuz yolla varlanmağa heç kimə icazə verilməyəcək».

«Ayna–Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, əgər Fərhad Əliyev az-çox inhisarçlığa qarşı mübarizə apardığı üçün oliqarx məmurlar onu hakimiyyətin gözündə arzuolunmaz şəxsə çevirdilərsə, elə həmin adamlar Heydər Babayevi digər yolla vurdular:

«Hətta bəzi müxalifət mətbuatının yazdığı kimi, Heydər Babayev qısa müddətdə ona görə oliqarxların düşməni oldu ki, o, qazandıqlarını bölüşməməyə başladı. Və təbii ki, bu da uzun sürə bilməzdi. Zənnimcə, Heydər Babyev «sədaqət andı içib» topladığı sərvətini hakim elitaya verməlidir».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə baş verənləri həm də hakimiyyətdaxili qruplaşmalar arasındakı mübarizə də hesab edir. Amma ekspert yeni İqtisadi İnkişaf nazirinin öz postunda nə qədər qalmasının bu qruplaşmadan asılı olmadığını düşünür:

«Tutaq ki, müəyyən çirkli iş var və həmin işi görən lazımdı, könüllü də kifayət qədərdir, o işi gördürürlər və həmin adamları da yola salırlar».

Politoloqa görə, açıq görünməsə də, hakim komandada başıpozuqluq var. Təcili referendum keçirilməsi zərurətini də bununla əlaqələndirən politoloqa görə, Babayevin həbs edilməsi komandaya işarədir ki, hamı bir nəfərə tabe olmalıdır.

Politoloq İlqar Məmmədovsa deyir ki, sabiq nazirin həbsi haqda indidən danışmaq tezdir. Onun sözlərinə görə, Babayevin yaxın adamları həbs edilə bilər. Şəxsən ona toxunmaya da bilərlər. Əgər Heydər Babayev sussa. Amma politoloqa görə, sabiq nazir susmaya da bilər.

Buna da bax:

XS
SM
MD
LG