Cənab Fasye bildirir ki, gələn həftə amerikalı həmsədr Stiven Mann regiona gələcək. Ola bilsin ki, tezliklə rusiyalı həmsədr Yuri Merzlyakov da bölgəyə səfər etsin. Mayın əvvəlində isə Minsk Qrupunun hər üç həmsədri aprel səfərlərinin yekunlarını müzakirə etmək üçün Moskvada görüşməyi planlaşdırıblar.
Bundan sonra onların yenidən bölgəyə səfəri gözlənilir. Həmin səfər prezidentlərin ehtimal edilən növbəti görüşünə hazırlıq olacaq. Hələlik həmin görüşün vaxtı məlum deyil. Prezidentlərin həmin görüşündə onlara münaqişənin yeni həll prinsipləri təqdim olunacaq.
Bugünlərdə yayılan məlumatlara görə isə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ABŞ-ın da yeni təklifi var.
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Bakı həmin təklifə Stiven Mannın Bakı səfərindən – yəni aprelin 18-dən sonra münasibət bildirəcək.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunda Amerika, Rusiya və Fransa təmsil olunur.