Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:54

Məhbuslara şad xəbər – oxumaq imkanı var!


Azyaşlı məhbuslar kimya dərsində, Bakı, 30 mart 2006
Azyaşlı məhbuslar kimya dərsində, Bakı, 30 mart 2006
Bu imkandan əvvəlcə azyaşlı məhbuslar faydalanacaq

Bu ildən Azərbaycanda ilk dəfə olaraq yetkinlik yaşına çatmayan məhbuslar orta ixtisas təhsili ala biləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası onlar üçün saxlandıqları cəzaçəkmə yerində imtahanqabağı hazırlıq kurslarına da başlayıb. Əvvəlcə yetkinlik yaşına çatmayan 70 nəfər məhbus arasından təhsillə meylli 11 nəfər seçilib. Sonra isə hazırlığa başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında deyirlər ki, uşaqların hazırlaşmaları yüksək ixtisaslı pedaqoqlara tapşırılıb.


Uşaqların hazırlaşmaları yüksək ixtisaslı pedaqoqlara tapşırılıb, 30 mart 2006
Mən azyaşlı məhbusların saxlanıldığı cəzaçəkmə yerində olanda uşaqlar kimya dərsindəydilər. Onlar Azərbaycan dili və ədəbiyyat, tarix, kimya və riyaziyyat fənlərinə hazırlaşırlar. Hər fəndən həftədə iki saat dərs keçilir. Kimyadan dərs deyən Bakı Dövlət Universitetinin müəllimi Nabir Məmmədov şagirdlərinin təhsilə həvəsli olduqlarını deyir:


«Əvvəlcə qəbul komissiyası oxumağa həvəsi olan uşaqları gəlib seçdi. 11 uşaqdır. Mən onlara kimyadan dərs verirəm. İçərilərində qabiliyyətli uşaqlar var. Hardasa beş nəfəri çox qabiliyyətlidir. O birilərinin də həvəsləri var. Eksperimentdir, nəticəsini isə yayda görəcəyik».


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlərə hazırlıq kursunun rəhbəri Teymur Mustafayev deyir ki, cəzaçəkmə yerində orta təhsildən sonrakı təhsil məsələsi çox müzakirə olunub. Nəhayət, bu yay ilk addım atılmağa qərar verilib:


«Əvvəlcə həmin uşaqların bilik səviyyəsini yoxlayan, intellektual potensiallarını müəyyən edən testlər keçirdik. Sonra onlarla psixoloq görüşüb araşdırma apardı. Bu uşaqlar stress keçirmiş, problemli uşaqlar olduqlarından, psixoloqun testləri xarakterin xüsusiyyətini müəyyən etmək üçün olan testlər idi. Sonradansa müəllim axtarışına başladıq. İndi isə imtahana hazırlıq gedir».



Elşən Həmidov, 30 mart 2006
Teymur Mustafayev deyir ki, müəllimlər seçilərkən fənn biliyindən əlavə onların uşaqları başa düşmələri, ürəyiaçıq olmaları da əsas götürülüb. Müəllimlərin arasında Qəbul Komissiyasında imtahanların ekspertizasını keçirənlər də var.

Cəzasını çəkə-çəkə təhsilini davam etdirmək istəyən uşaqlardan biri Elşən Həmidov bu imkandan faydalanmaq istəyir:


«Hazırda texnikuma hazırlaşırıq. Bu bizim üçün böyük şansdır. Hələ qiymətləndirmə yoxdur, bir azdan sınaq imtahanı olacaq».

Ramin Allahquluyev isə deyir ki, azadlıqda olanda imkansızlıq üzündən çox vaxt məktəbə getmirmiş. Burada isə vaxtını daha çox dərsləri ilə keçirməyə çalışır:


«Çöldə məktəbə getməyə imkanım olmayıb. Evin vəziyyəti çətin olduğu üçün daha çox işləyirdim. İmtahan uğurlu keçsəm, ali məktəbdə də oxumaq istəyərəm».



Ramin Allahquluyev, 30 mart 2006
Bu uşaqları orta ixtisas məktəblərinə qəbul olunduqları zaman harada, hansı şəraitdə oxuyacaqları çox maraqlandırır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmisi Teymur Mustafayev deyir ki, indilik təhsilin qiyabi olmasına üstünlük verilir:


«Qəbul Komissiyası imtahanı orada [cəzaçəkmə yerində] keçirəcək. Düşünürəm ki, orta ixtisas məktəbləri ilə danışıqlar aparılmalıdır. Qiyabi təhsildə ildə iki dəfə imtahan olacaq. Onların qəbul olunduğu orta ixtisas məktəbləri bu uşaqları təhsil almaları üçün ixtisas üzrə ədəbiyyatlarla təmin etməli, ildə iki dəfə isə imtahan sessiyasını təşkil etməlidirlər».

Teymur Mustafayev deyir ki, əgər bu ilki təcrübə uğurlu olsa, gələcəkdə yaşca böyük məhbuslar da bundan faydalanacaq. Bir neçə ildən sonra isə məhbusların ali təhsil almaq arzuları da reallaşa bilər.


XS
SM
MD
LG