Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:45

«Aldatdığına görə xoşbəxtsən?»


Miqrant fəhlələr Moskvada, 29 avqust 2008
Miqrant fəhlələr Moskvada, 29 avqust 2008
«Burda yaşayan azərbaycanlıların 60 faizi qanunsuz işləyir, daha çox kəndlərdən, balaca şəhərlərdən gəlirlər. Mənim işlədiyim kiçik yerdir, burda işçilərin 60 yox, 90 faizi qanunsuz işləyir, heç bir vergi vermir, qeydiyyatı yoxdur…»

İlham Əsədov Rusiyada yaşayan minlərlə azərbaycanlıdan biridir, taxta-şalban biznesi ilə məşğul olur. O deyir ki, Rusiyadakı azərbaycanlıların əsas problemi savadsızlıqdır. Buna görə də hüquqlarını bilməyən miqrantlar sonradan problemlərlə qarşılaşırlar.

Mərkəzi Nyu-Yorkda yerləşən «Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının fevralın 10-da açıqladığı hesabatda deyilir ki, Rusiyada tikinti sektorunda çalışan miqrantlar həm iş yerlərində, həm də ondan kənarda istismar olunurlar, sərt münasibətlə qarşılaşırlar.

Təşkilatın «Aldatdığına görə xoşbəxtsən? Rusiyada tikintidə çalışan miqrantların istismarı» adlı (130 səhifəlik) hesabatında qeyd olunur ki, əksər hallarda tikintidə çalışan miqrantlarla müqavilə bağlanmır, təhlükəsizlikləri təmin olunmur, bununla da miqrantlar rəsmi qurumlardan yardım almaqdan məhrum olurlar.

Miqrant işçilər Moskvadan vətənlərinə dönürlər, 15 dekabr 2008
«Human Rights Watch» bildirir ki, Rusiyada tikintidə işləyən miqrantların əksəriyyəti keçmiş sovet ölkələrindən gələnlərdir.

Təşkilatın Avropa və Mərkəzi Asiya ölkələri üzrə tədqiqatçısı Jane Buchanan «Azadlıq» radiosuna deyir:

«Bizim təşkilat Rusiya ilə viza rejimi olmayan ölkələr, o cümlədən Azərbaycandan gələn miqrantların bu ölkədə üzləşdiyi problemləri qeydə alıb. Bunlar işçilərin istismarı, bəzi hallarda pasportlarının müsadirə edilməsi, əməkhaqqı olmadan işləməyə məcbur edilmək, iş saatının çox olması, miqrantların müqavilə ilə təmin olunmaması, o cümlədən polislərin sənəd yoxlaması zamanı insanları alçaltması kimi hallardır».

«Human Rights Watch» təşkilatı tikintidə işləyən 140-dan artıq miqrantla söhbət edib, miqrantlardan heç birində Rusiya qanunvericiliyinə uyğun olaraq müqavilə olmayıb.

Rusiyadakı miqrantların 40 faizdən çoxu tikinti sektorunda çalışır. Rusiya Dövlət Statistikasının Federal Xidmətinin məlumatına görə, son illər MDB ölkələrindən bu ölkəyə miqrasiya edənlərin sayı artıb. Tək 2007-ci ildə Azərbaycandan Rusiyaya gedənlərin sayı ötən illərlə müqayisədə 5 dəfə artıq olub.

Ötən ayın sonlarından isə xaricdən gələnlərə Rusiya hökuməti iş icazəsinin verilməsi prosesini dayandırıb. Moskva bunu qlobal iqtisadi böhranla əlaqədar Rusiyada əcnəbi işçilərə ehtiyacın azalması ilə izah edib.

Federal Miqrasiya Xidmətinin əməkdaşı Moskvada miqrant işçinin şəxsiyyət vəsiqəsini yoxlayır, 28 avqust 2007
Rusiyada nəşr olunan «Yeni səs» qəzetinin baş redaktoru Tünzalə Vəliqızı isə deyir ki, başqa ölkələrdə olduğu kimi, Rusiyada da bu gün bir qrup işbaz ucuz işçi qüvvəsindən istifadə etməyə, qanunsuz miqrantları tikintiyə cəlb etməyə maraq göstərir:

«Burda Azərbaycandan gələnlərin heç biri tikinti sektorunda qanuni şəkildə işləmək istəmir. İşverənlər də elə miqrantları işə götürürlər ki, onlar tam miqrant statusuna malik deyillər. Ona görə ki, miqrant aldığı əməkhaqqına görə, vergi ödəməlidirlər. Bu da təbii ki, həm də miqrantı qane etmir».

ÜmumRusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev isə Rusiyada azərbaycanlı miqrantlara qarşı təzyiq olunması barədə məlumatı olmadığını deyir.

Qurumun məlumatına görə, Rusiyada 400 minə yaxın daimi qeydiyyatda olan azərbaycanlı var. Ancaq bu, Rusiyada yaşayan azərbaycanlıların dəqiq sayı deyil. Müstəqil mənbələr bu rəqəmin 1 milyondan çox olduğunu deyirlər.
XS
SM
MD
LG