Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Prezident generalın qətli ilə bağlı müşavirə keçirdi


Prezident 1990-cı illərdəki hadisələri yada salıb
Prezident 1990-cı illərdəki hadisələri yada salıb
«Mən bu qanlı cinayəti qətiyyətlə pisləyirəm və Rail Rzayevin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah ona rəhmət eləsin».

Prezident İlham Əliyev fevralın 11-də Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə belə deyib.

Ölkə başçısı hüquq-mühafizə orqanlarından qətlin üstünün açılmasını tələb edib:

«Tələb edirəm ki, bu dəhşətli qətli törədənlər və sifarişçilər cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılıb, istintaq gedir, ilkin məlumatlar var».

Cənab Əliyev Azərbaycan dövlətinin özünü müdafiə etməyə qadir olduğunu bildirib:

«Azərbaycan dövlətinin imkanları çox böyükdür, bizə qarşı, dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə, onu törədənlər cavab verməlidir və cavab verəcəklər. Azərbaycan dövləti bir daha demək istəyirəm ki, özünü müdafiə etməyə qadirdir».

Prezident 1990-cı illərdəki hadisələri yada salıb:

«90-cı illərin əvvəllərində bizim xalqımız terror aktlarına məruz qalmışdır. Günahsız insanlar qətlə yetirilmişdir. Müxtəlif dövrlərdə biz onun şahidi olmuşuq. Ancaq bütün bu qanlı hadisələrin üstü açılmışdır və cinayətkarlar öz cəzasını çəkirlər və çəkməlidirlər».

Prezident müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün müxtəlif qüvvələrin cəhdlər göstərdiyini bildirib:

«Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün müxtəlif cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir ki, bütün hallarda hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və məhv edilməsi üçün lazımi tədbirləri görür. Ümid edirəm ki, bu dəhşətli hadisəni törədənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar».
XS
SM
MD
LG