«Mən bu cinayəti qətiyyətlə pisləyirəm. Rail Rzayevin ailəsinə başsağlığı verirəm».
Prezident İlham Əliyev dünən axşam saatlarında general Rail Rzayevin qətlə yetirilməsi ilə bağlı müşavirə keçirib. Prezident müşavirədə qətli törədənlərin və sifarişçilərin tapılaraq, cəzalandırılması ilə bağlı göstəriş verib.
«Hüquq Mühafizə orqanlarından tələb edirəm ki, bu dəhşətli qətl hadisəsini törədənlər və sifarişçilər cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, artıq istintaq qrupu yaradılıb. İşlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları genişdir. Dövlətçiliyə və dinc əhaliyə qarşı yönələn hər bir cinayət əməlini törədənlər qanun qarşısında cavab verməlidirlər və verəcəklər».
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında yaşadığı evin yaxınlığında öldürülüb. Qətllə bağlı cinayət işi açılıb. İstintaq işini Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi aparır. Hərbi Prokurorluqdan «Azadlıq» radiosuna verilən məlumata görə, günün sonuna qədər araşdırmanın hansı qurum – Respublika prokurorluğu, Yasamal rayon prokurorluğu, yoxsa Hərbi prokurorluq tərəfindən aparılması məlum olmasa da, istintaq qrupu məlumat alınandan dərhal sonra hadisə yerinə gedib və gün ərzində istintaq əməliyyat tədbirləri keçirib. Hazırda hadisənin şahidləri dindirilir.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrayım Təhməzov:
«Baş vermiş cinayət hadisəsilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayyət Məcəlləsinin 120-ci maddəsi, yəni qəsdən adam öldürmə və 228-ci maddəsi ilə, yəni qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır».
İlkin məlumatlara görə, generala xidməti maşınında başının arxa tərəfindən bir güllə dəyib. Hadisə zamanı onun yanında təkcə sürücüsü olub. Sürücü generalı Müdafiə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hüquq Mühafizə Orqanları qətlin yüksək peşəkar tərəfindən törədildiyini bildirir. Rəsmi qurumlar hadisənin səbəbləri ilə bağlı hər hansı açıqlama verməsələr də, mütəxəssislər bir sıra versiyalar səsləndirirlər. Ümumi fikirlər isə belədir ki, qətl Rail Rzayevin xidməti işi ilə bağlıdır və heç bir siyasi məqsəd daşımır. Hərbi ekspert İlham Ismayıl deyir ki, versiyalardan biri onun peşəkarlığı ilə bağlı yaranan qısqanclıq da ola bilər.
«Nəzərə alaq ki, onu peşəkar, öz işini bilən perspektivli eyni zamanda dövlət başçısının yanında hörməti olan şəxs kimi dəyərləndirirlər. Ola bilsin onun perspektivi ilə bağlı rəqiblərində qısqanclıqlar yaranıb və ən yaxşı halda onu aradan götürməyi fikirləşiblər. Bu versiyalardan biridir, təbii ki başqa versiyalar da ola bilər».
Keçmiş hərbçi Üzeyir Cəfərov da Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayır. Deyir ki, general 17 il Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub və bu illər ərzində bir çox məsələləri dərindən bilib. Məhz buna görə də ekspert hesab edir ki, qətlin sırf onun işiylə bağlı olmasını araşdırmaq gərəkdir.
Rail Rzayev İkinci Fəxri xiyabanın qonşuluğunda Yasamal qəbristanlığında dəfn olunub. Onun dəfnində Müdafiə naziri Səfər Əbiyev iştirak etməyib. Nazirliyin sözçüsü Eldar Sabiroğlu «Mediaforum»a deyib ki, Səfər Əbiyev ezamiyətdədir. Amma o, nazirin haraya və nə məqsədlə ezam olunduğunu açıqlamayıb.