«Bəxtiyar Vahabzadə ağrısını Türkiyə də yaşayır». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, türkoloq-alim Kamil Vəli Nərimanoğlu dedi. Hazırda Türkiyədə fəaliyyət göstərən alimin sözlərinə görə, görkəmli şair Bəxtiyar Vahabzadənin vəfatıyla bağlı, təkcə orada yaşayan azərbaycanlılar deyil, bütün ziyalılar, ədəbiyyatçılar, tarixçilər ona başsağlığı verirlər:
«İnanın ki, bütün Türkiyə yaşayır bu ağrını. Böyük insanlar dünyanın dərdini yüngülləşdirmək üçün dünyaya gəlirlər, amma həyat fanidir. Hətta böyük insanlar da bir gün həyatdan ayrılmaq zorundadırlar».
Kamil Vəli Nərimanoğlunun fikrincə, Bəxtiyar Vahabzadənin ən şah əsəri onun «Gülüstan» poemasıdır:
«Bu poema çox ağır dövrdə qələmə alınıb. Sovet rejimi get-gedə qatılaşırdı, kəskinləşirdi. Bəxtiyar Vahabzadə də bu rejimə qarşı mübarizə aparan dissident hərəkatının təmsilçisi idi. Sovet rejiminə qarşı etiraz edirdi, onun ideologiyası ilə barışmırdı, milli dəyərləri ortaya qoyurdu. Amma o, gizli təşkilatın üzvü deyildi, siyasi fəaliyyət göstərmirdi. Mədəniyyət sahəsində milli dəyərləri qorumaq üçün cəfa göstərirdi. Xüsusən də, «Gülüstan» poemasında Azərbaycanın bölünməsini, iki yerə parçalanmasını göstərməsi o dövr üçün böyük bomba partlayışı idi».
Müsahibimiz Bakı Dövlət Universitetindəki tələbəlik illərini də xatırladı: «Yaxşı yadımdadır, 1964-cü il idi, o vaxt mən ikinci kursda oxuyurdum. Azərbaycanın Rusiyaya daxil olmasının 150 illiyi çox böyük dəbdəbə ilə qeyd olunurdu. Bəxtiyar Vahabzadə bizim auditoriyaya girəndə, ilk etirazı bu oldu ki, «bədbəxt o millətdir ki, müstəmləkə tarixini bayram kimi qeyd edir». Onun əzablı sifətindən və qayğılı ürəyindən bu sözləri eşitmək o dövrkü gənclər üçün böyük təsəlli idi. Bu cəsarətinə görə, dəfələrə partiya iclaslarında onun məsələsini qaldırırdılar, şairi universitetdən qovmaqla hədələyirdilər».
Xalq artisti Əminə Yusifqızı hazırda Bəxtiyar Vahabzadənin «Ekran qaralanda» şeirinin ekranlaşdırıldığını dedi: «İki həftə öncə şeirin sözlərini lentə yazdım, bu günlərdə çəkilişə başlamalıyıq. Fevralın 13-də fikirləşdim ki, zəng vurub şairə deyərəm ki, klipə baxsın. Elə həmin gün axşam onun dünyasını dəyişdiyini eşitdim. İnanın ki, bu neçə gündə özümü elə hiss edirəm ki, sanki əziz adamın ölüb».
Əminə xanım bəzi telekanalları şairin vəfatına laqeyd münasibətlərinə görə qınadı: «Bəzi telekanallara baxıram, çox ürəyim ağrıyır. Hamısı şıdırğı vurur. Mənə elə gəlir ki, hamı özünü başqa cür aparmalıdır... Amma əlbəttə ki, həyat davam edir».
Bəxtiyar Vahabzadə ilə yaxın dost olan professor Şirməmməd Hüseynov 60 ildən çoxdur onu tanıdığını söylədi:
«Mənə verdiyi kitablara belə bir imza qoyub – «qardaşım, əqidədaşım, sirdaşım Şirməmməd Hüseynova». Mən qardaşımı, əqidədaşımı, sirdaşımı itirmişəm. Bizi birləşdirən əqidə və məslək olub». Müsahibimiz deyir ki, Bəxtiyar Vahabzadə 1959-cu ildə yazdığı «Gülüstan» poemasını çap etdirə bilmirmiş:
«1960-cı Bəxtiyarla birgə Şəkidə istirahət edirdik. Poemanı da orada oxuduq. Mərkəzi mətbuatda heç bir qəzet bu poemanı çap etməyə yaxın durmadı. Qəzeti Şəkinin «Nuxa fəhləsi» qəzetinə apardıq, bu poema qəzetin 23 və 26 oktyabr tarixli sayında dərc olundu. Bundan sonra Bəxtiyara qarşı hücum başladı. Hətta rəsmi bir toplantıda dedilər ki, son zamanlar Bəxtiyar Vahabzadə əsərlərini gizli mətbuatda çap etdirməyə başlayıb».