Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:16

Prezidentlər nə qədər maaş alır


Azərbaycan prezidenti keçmiş SSRİ məkanında ən çox maaş alan prezident olaraq qalır
Azərbaycan prezidenti keçmiş SSRİ məkanında ən çox maaş alan prezident olaraq qalır
Azərbaycan prezidentinin maaşı 15 000 manatdır (təxminən 19 min dollar). Bu isə ölkədəki orta aylıq əmək haqqından 56 dəfə çoxdur. Son məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı 268 manatdır.

Doğrudur, İlham Əliyevin təxminən 19 min dollarlıq maaşı dünyada ən yüksək sayıla bilməz. Məsələn, Amerika prezidenti Barak Obama ayda 33 min dollar maaş alır.

Yaponiyanın baş nazirinin məvacibi də təxminən bu qədərdir. Böyük Britaniyanın baş naziri Qordon Braun isə aya 16 min funt-sterlinq (təxminən 23 min dollar) qazanır.

Azərbaycan prezidentinin maaşı 15 000 manatdır (təxminən 19 min dollar). Bu isə ölkədəki orta aylıq əmək haqqından 56 dəfə çoxdur. Son məlumata görə, Azərbaycanda orta aylıq əmək haqqı 268 manatdır
Fransa prezidenti isə keçən ilə qədər İlham Əliyevdən az qazanırdı, amma yeni qanuna görə, Nikola Sarkozinin maaşı 172 faiz qaldırılıb, bundan sonra o, ayda təxminən 24 min dollar maaş alacaq. Solçu müxalifət bunu yolverilməz adlandırsa da, prezidentin administrasiyasından deyiblər ki, Amerika, Almaniya, Britaniya rəhbərlərinin maaşı ilə müqayisədə bu rəqəm yüksək sayıla bilməz.

Dünyanın ən qüdrətli dövlətlərinin liderlərinin maaşları yüksək görünsə də, həmin ölkələrdəki orta aylıq maaşlarla müqayisədə təəccüb doğurmur.
Məsələn, Amerika prezidentinin maaşı ölkədə ibtidai sinif müəllimin maaşından 8 dəfə çoxdur. Amerikada ibtidai sinif müəllimləri ayda orta hesabla 4 min dollar qazanırlar. Azərbaycanda isə prezidentin maaşı ibtidai sinif müəlliminin maaşından təxminən 50 dəfə çoxdur. Hərçənd hökumət deyir ki, ildən ilə maaş artımları davam edəcək. Amma belə bir nisbəti nəzərə alanda Azərbaycan prezidentinin məvacibi dünyada ən yüksək maaşlardan sayıla bilər.

Vəzifəli şəxslərin maaşının yüksək olması dünyada korrupsiyaya qarşı mübarizə üsullarından biri sayılır. Məsələn, bu üsuldan Sinqapurda çox uğurla istifadə edirlər. Bu ölkədə baş nazirin aylıq maaşı 80 min dollardan artıqdır.

Azərbaycanda son illərdə təkcə icra hakimiyyətində çalışanların yox, millət vəkillərinin, hakimlərin də maaşı qaldırılıb. Amma bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanda korrupsiyayla mübarizə sahəsində ciddi irəliləyiş müşahidə edilmir. Məsələn, «Transparency International» təşkilatının tərtib etdiyi siyahıda Azərbaycan dünyada korrupsiyanın ən çox yayıldığı 25 ölkədən biridir (2007). Hərçənd Azərbaycan hökuməti belə hesabatları obyektiv saymır.

Doğrudur, Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin «minimum əmək haqqının 600 misli» qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Amma buna baxmayaraq Azərbaycan prezidenti keçmiş SSRİ məkanında ən çox maaş alan prezident olaraq qalır. O Ermənistan prezidentindən təxminən 15 dəfə çox qazanır. Serj Sarkisyanın əmək haqqı 400 min dram, yəni təxminən 1200 dollardır.

Gürcüstan prezidenti Mixail Saakaşvili İlham Əliyevdən təxminən 8 dəfə az maaş alır. Saakaşvilinin məvacibi 4000 lari, yəni 2400 dolara qədərdir.
Litva prezidenti İlham Əliyevdən 2 dəfə az qazanır, onun aylıq maaşı təxminən 9 500 dollardır, amma qlobal maliyyə böhranı ilə bağlı Litva iqtisadiyyatının vəziyyəti pisləşdiyi üçün prezident Valdas Adamkus bu ilin axırınacan öz maaşının 15 faiz azaldılması haqda təşəbbüs qaldırıb və parlament bunu təsdiqləyib. Bu addımdan sonra nazirlər də eyni addımı atıblar.

İlham Əliyevin məvacibi Rusiya prezidentinin maaşından 10 dəfə çoxdur. Rusiyanın dövlət başçısı 2 min dollara yaxın məvacib alır.

Amma onu da qeyd edək ki, bütün bu müqayisələr ancaq maaş məbləğlərinə aiddir. Bütün dünyada prezidentlər həm də xeyli imtiyazlara malikdirlər.
Bu haqda isə növbəti yazıda. Saytımızı izləyin.
XS
SM
MD
LG