Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:59

«Hökumə Əliyeva martın 18-ni səbirsizliklə gözləyir…»


Seçki mütəxəssisləri hesab edirlər ki, iqtidaryönlü təşviqat qruplarının görüşlərinə xeyli adamın yığışması inzibati resurslar hesabına başa gəlir
Seçki mütəxəssisləri hesab edirlər ki, iqtidaryönlü təşviqat qruplarının görüşlərinə xeyli adamın yığışması inzibati resurslar hesabına başa gəlir
Astara rayonundan Hökumə Əliyeva Konstitusiyaya dəyişikliklərin lehinə səs vermək üçün martın 18-ni səbirsizliklə gözləyir. Füzuli sakini Zöhrab Şıxəliyev də hesab edir ki, bu dəyişikliklərdən yalnız xalq qazanacaq.

İmişli rayonundan Qüdrətova Maycahan müəllimə isə əmindir ki, millətini sevən hər bir kəs Hökumə Əliyeva, Zöhrab Şıxəliyev və «Yeni Azərbaycan» qəzetində sitatları dərc olunan digər vətəndaşlar kimi düşünməlidir. Yəni dəyişiklikləri dəstəkləməlidir.

Son günlər «Yeni Azərbaycan» qəzeti hakimiyyətyönlü təşviqat qruplarının yerlərdə keçirdiyi görüşlərdə əhalinin Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı fikirlərini dərc edir. Qəzetin yalnız martın 5-də çıxan sayında müxtəlif rayonların 50-dək sakininin dəyişikliklərin lehinə olan sitatı verilib.

Ancaq «Azadlıq» radiosuna gələn xəbərlərə görə, ayrı-ayrı dövlət idarələrinin işçiləri, xüsusilə orta məktəb müəllimləri məcburən, hətta dərs saatlarından ayrılaraq, məhz iqtidaryönlü təşviqat qruplarının görüşlərində iştiraka məcbur edilirlər. Adını və işlədiyi məktəbi deməkdən çəkinən bir müəllim bildirir ki, onların seçki öncəsi belə tədbirlərə qatılması artıq xeyli vaxtdır ki, ənənəyə çevrilib.

Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü də bildirir ki, müəllimlərin iqtidaryönlü təşviqat qrupları ilə görüşə məcburi aparılması barədə onlarda faktlar yetərincədir:

«Məsələn, Bakının Nizami rayonunda fəaliyyət göstərən orta məktəblərin müəllimlərinə belə tədbirlərə qatılacaqlarını təsdiq etmək üçün hansısa siyahıya imza da atdırırlar. Sonra siyahı üzrə gələnləri qeyd edirlər».

M.Mürşüdlünün sözlərinə görə, əvvəllər zorla siyasi tədbirlərə qatıldığından danışan müəllimlər bunun ziyanını çəkdikləri üçün indi bu barədə açıq danışmaqdan ehtiyatlanırlar.

Bakı şəhər Baş Təhsil İdarəsinin sözçüsü Zəminə Əliqızı isə deyir ki, onlar müəllimlərin dərs zamanı öz işlərini necə yerinə yetirmələrinə ciddi nəzarət edirlər. Əgər hətta istirahət günləri hər hansı məktəbin direktoru müəllimləri harasa getməyə məcbur etsə belə, bu məsələni də araşdırılıb ölçü götürülər.
Amma hələlik müəllimlərdən belə bir müraciət və ya şikayət onlara daxil olmayıb.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bu günlərdə MSK-da keçirilən geniş toplantıda yerli icra hakimiyyəti orqanlarının, DSK-ların rəhbərlərinə müraciətində demişdi ki, 18 mart referendumu ərəfəsində və səsvermə günü inzibati resurslardan yalnız seçicilərin maraqları naminə istifadə olunmalıdır:

«Bütün demokratik dünyada olduğu kimi, Azərbaycanda da mərkəzi, yerli icra hakimiyyəti orqanlarının seçkiyə bilavasitə müdaxiləsi qadağandır».

MSK sədri Məzahir Pənahov isə bu günlərdə belə demişdi:

«18 mart referendumundan sonra hakimiyyət resurslarından istifadə, icra strukturlarının, bələdiyyə qurumlarının seçkilərə müdaxiləsi məsələsini, hesab edirəm ki, artıq tarixdə biz xətt çəkib arxada qoyacağıq. Ondan sonrakı seçkilərdə bizim bununla bağlı problemlərimiz olmayacaq».

Ancaq seçki mütəxəssisləri də hesab edirlər ki, iqtidaryönlü təşviqat qruplarının görüşlərinə xeyli adamın yığışması inzibati resurslar hesabına başa gəlir.

Seçki mütəxəssisi Anar Məmmədli deyir ki, təşviqat qruplarının keçirdiyi görüşlərə vətəndaşların qatılması könüllü olmalıdır. Əks halda vətəndaşların zorla görüşlərə cəlb edilməsi seçkilərin təməl prinsiplərinə ziddir.

A.Məmmədli deyir ki, bu vəziyyətlə üzləşən və ya onun şahidi olanlar yuxarı seçki komissiyalarına şikayət qaydasında müraciət edə bilərlər. Nəticə olmadıqda isə məhkəməyə üz tutsunlar. Çünki bu cür hallar ciddi qanun pozuntusu sayıla bilər.
XS
SM
MD
LG