Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:34

Obama Türkiyə səfərində enerji layihələrinə xüsusi diqqət ayıracaq


ABŞ mediası Obamanın qarşıdan gələn Avropa turnesini müzakirə edir
ABŞ mediası Obamanın qarşıdan gələn Avropa turnesini müzakirə edir
ABŞ mediası Obamanın qarşıdan gələn Avropa turnesini müzakirə edir. Ümid edilir ki, bu səfər Birləşmiş Ştatların dünya dövlətləri ilə münasibətlərinin aydınlaşdırılmasında və yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu xüsusda Barak Obamanın Avropaya turnesini Türkiyə səfəri ilə yekunlaşdırmasına xüsusi diqqət ayrılır. «Vaşinqton Post» qəzetinin 8 mart sayında dərc edilmiş məqaləsində qeyd edilir ki, bu, qeyri-ərəb müsəlman ölkəsi islam dünyasına yönəlik diplomatik yanaşmada mərkəzi yer tutur.

Prezident Obamanın gələn ay baş tutacaq Türkiyə səfəri barədə məlumatı ABŞ-ın Dövlət katibi Hillari Klinton Ankarada olarkən verib. «Vaşinqton Post» qəzeti yazır ki, Türkiyə səfəri Barak Obamanın islam ölkələrinə yönəlik münasibətlərində mühüm yer tutsa da, o, hələ seçki kampaniyası dövründə vəd etdiyi islam ölkələrinə müraciəti Türkiyədə etməyəcək.

Seçki kampaniyası dövründə Obama söz vermişdi ki, prezident seçildikdə ilk yüz gün ərzində islam ölkələrindən birinin paytaxtında islama dair geniş çıxış edib ABŞ-ın yeni siyasətinin konturlarını cızacaq. Qəzet yazır ki, hazırda planlaşdırılan Türkiyə səfəri Obama administrasiyasına bu məsələdə öz mövqeyini dəqiqləşdirmək üçün müəyyən vaxt qazandırmış olur. Bu müddət ərzində isə Obama administrasiyası ABŞ-ın keçmiş administrasiyası dövründə izolyasiya olumuş İran və Suriya ilə yeni diplomatik təşəbbüslərə baş vuracaq.

Qəzet yazır ki, Türkiyə ABŞ-ın İraq, Əfqanıstan, habelə Fələstində apardığı siyasət üçün əhəmiyətli müttəfiq olmaq imkanındadır. Mötədil islam partiyası tərəfindən idarə olunan Türkiyə öz demokratik sistemində dini dəyərlərlə dünyəvi dəyərləri barışdıra bilmişdir ki, buna da Yaxın Şərqin ərəb hökumətləri nail ola bilməmişlər. ABŞ-ın Türkiyədəki keçmiş səfiri və hazırda Vaşinqtonda fəaliyyət göstərən Koen Konsaltinq Qrupunun sədr müavini Mark Qrosman deyir ki, Türkiyə sivilizasiyaların qarşıdurmasının heç də labüd olmadığını göstərən ölkələrdən biridir.

«Türkiyə həm də resurslarla zəngin olan Xəzər hövzəsindən neftin və qazın nəqlində əsas həlqə rolunu oynayır. Administrasiyanın böyük marağı var ki, Xəzər dənizindən Türkiyəyə çəkilmiş neft kəmərinin marşrutunu təxminən təkrarlayacaq qaz xəttinin də çəkilişi baş tutsun»

Barak Obamanın Avropa səfərini təsvir edən «Vaşinqton Post» yazır ki, ABŞ prezidenti bu səfəri Londonda 20-lər Qrupunun sammitində iştirak etməklə başlayacaq və bu səfərdə dünyanın ən iri iqtisadiyyatına malik olan ölkələr və yeni yaranmaqda olan iqtisadi güclər qlobal iqtisadi böhranı müzakirə edəcəklər. Sonra Strasburqda NATO sammitinə qatılan ABŞ prezidenti Avropa ölkələrini Əfqanıstanda daha çox qoşun yerləşdirməyə inandırmağa çalışacaq. Bu səfərdən dərhal sonra isə Barak Obama Praqaya gedərək orada Avropa Birliyi rəhbərləri ilə danışıqlar aparacaq. Səfər zamanı ayrıca olaraq Şərqi Avropa ölkələrinin qlobal iqtisadi böhranla bağlı düşdükləri çətin vəziyyət müzakirə olunacaq. Belə ki, qlobal iqtisadi böhran Qərbi Avropaya nisbətən Şərqi Avropa ölkələrinin iqtisadiyyatına daha çox təsir göstərmişdir. Bu səfərin də yekununda Barak Obama Türkiyəyə səfər edəcək.

Qəzet yazır: «Administrasiya rəsmiləri və kənar təhlilçilər deyirlər ki, Avropaya səfərini Türkiyədə yekunlaşdırmaqla Obama böyüyən bazar, hərbi müttəfiq və Xəzər regionundan neft və gələcək qazın alınmasında vacib rol oynayan bir fiqur kimi bu ölkənin əhəmiyyətini vurğulamağa çalışır. Buş administrasiyası dövründə siyasi məsələlər üzrə Dövlət katibinin keçmiş müavini Qrosman qeyd edir ki, Türkiyə səfəri bütün əvvəlki səfərlərin bir-biri ilə məntiqi bağlılığını təmin etmiş olacaq».

Türkiyə NATO üzvüdür və ABŞ-ın İraqa daxil olan qoşunlarını öz ərazisindən buraxmaqdan imtina etsə də, Əfqanıstanda 800 nəfərlik qoşun saxlayır. Türkiyə uzun müddət Avropa Birliyindən kənarda saxlansa da, ABŞ bu ölkənin Avropa Birliyinə üzvlüyü ideyasını daim dəstəkləmişdir.

Qəzet onu da vurğulayır ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxanlar iqtisadi göstəriciləri əsas gətirsələr də, bəzən belə bir arqument də dilə gətirilir ki, xristian çoxluğun yaratdığı Avropa Birliyi ilə Türkiyənin müsəlman xarakteri arasında ziddiyyətlər var.

Bütün hallarda mütəxəssislər vurğulayırlar ki, konkret Avropa Birliyi ilə NATO arazında bu məsələdə olan fikir ayrılığı Barak Obamanın səfərində əhəmiyyətli müzakirə obyekti olmayacaq.

Əsas diqqət yetirilən məqam isə ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğanın mötədil islamçı hökuməti radikal islam partiyalarının getdikcə gücləndiyi ərəb ölkələri üçün bir model rolunu oynaya bilər. Qəzet onu da ötəri olaraq vurğulayır ki, Türkiyənin islamçı hökuməti ilə dünyəvi hərbi rəhbərlik arasında da davamedici bir qarşıdurma var.

Daha bir məqama diqqət yetirən qəzet yazır ki, Ərdoğanın rəhbərliyi altında Türkiyə Suriya ilə İsrail arasında Qolan yüksəklikləri məsələsi ətrafında vasitəçilik missiyası həyata keçirmişdir ki, bu missiya da İsrailin bütün islam dünyasında tənqid atəşinə tutulan Qəzza hərbi əməliyyatları başlayana qədər davam etmişdir. Qəzet yazır ki, Suriya ilə danışıqlara hazırlaşan Barak Obama bu ölkə ilə danışıqlar aparmış Türkiyənin təcrübəsini də öyrənmək istəyərdi:

«Türkiyə həm də resurslarla zəngin olan Xəzər hövzəsindən neftin və qazın nəqlində əsas həlqə rolunu oynayır. Administrasiyanın böyük marağı var ki, Xəzər dənizindən Türkiyəyə çəkilmiş neft kəmərinin marşrutunu təxminən təkrarlayacaq qaz xəttinin də çəkilişi baş tutsun. Türkiyənin Xarici İşlər naziri Əli Babacanla birgə verdiyi bəyanatda Klinton ABŞ administrasiyasının neft və qazın nəqlini təmin edərək «enerji təhlükəsizliyini artırmağa və Cənub dəhlizini genişləndirməyə» yönəlik niyyətlərinin olduğunu vurğulamışdır».
XS
SM
MD
LG