Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:16

Dağ Yəhudiləri İcması karikatura müəlliflərinin üzr istəməsini tələb edir


Səs: Real audio
Semyon İxilov: «Əks halda, daha betər hadisələr baş verə bilər» Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxilov Avropa qəzetlərinin Məhəmməd peyğəmbərin karikaturalarını çap etməsini müsəlmanlara və onların müqəddəslərinə qarşı hörmətsizlik kimi qiymətləndirir. O, hesab edir ki, qarşıdurmadan qaçmaq və müsəlmanları qəzəbləndirməmək üçün karikatura müəllifləri və onları dərc edənlər tez bir zamanda üzr istəməlidirlər.



Semyon İxilov: «Hələ ki, gec deyil, üzr istəmək və bu yolla hər şeyi yoluna qoymaq lazımdır. Əks halda, daha betər hadisələr baş verə bilər. Başqa yerləri deyə bilmərəm, amma məncə, Azərbaycanda belə qarşıdurmalardan qaçmaq olacaq. Çünki burda bütün dinlərə qarşı dözümlülük var».



Bakı Baptistlər Kilsəsinin təmsilçisi İlya Tixinov isə, ayrı-ayrı adamların islama və ya onun peyğəmbərinə mənfi münasibətinə görə, çoxsaylı insanların əziyyət çəkdiyini və baş verənlərə görə, təəssüfləndiyini deyir. Amma o, hesab edir ki, tərəflər məsələni dramatikləşdirməməyə çalışmalıdırlar.



İlya Tixonov: «Mən Azərbaycanda xristianlığın müqəddəs kitablarının təhqir olunduğunun şahidi olmuşam. Amma buna görə bütün xalq və ya hökumət məsuliyyət daşımamalıdır. Bunu ayrı-ayrı adamlar ediblər».



İslam Partiyası və Azərbaycançı Qüvvələr Birliyi isə, fevralın 6-da bəyanatla çıxış edərək, hökuməti baş verənlərə münasibət bildirməyə çağırıb. Eyni zamanda «Cümə» Məscidi Dini İcması da Azərbaycan hakimiyyətinin baş verənlərə qiymət verməsini tələb edib. İcma rəhbəri İlqar İbrahimoğlu deyir ki, onlar «İslamafobiyaya yox!» şüarı ilə fevralın 11-də keçmiş «Qələbə» kinoteatrının qarşısında mitinq keçirmək niyyətindədirlər və bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Buna qədərsə, icma forum keçirəcək.
XS
SM
MD
LG