Tom Feenly prezident Buşun adminstrasiyasından xahiş edib ki, İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələyə önəm verilsin
Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Florida ştatından respublikaçı konqresmen Tom Feeny Azərbaycanın keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsxanadakı durumundan narahat olduğunu bildirib. Konqresmen bununla bağlı ABŞ prezidenti Corc Buşa məktubla müraciət edib. Tom Feenly prezident Buşun adminstrasiyasından xahiş edib ki, İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı məsələyə önəm verilsin.
Dövlət çevrilişinə cəhddə təqsirləndirilən keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müdafiəçiləri isə Vaşinqtona gəliblər. Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri İradə Cavadova və vəkil Elton Quliyev Amerika rəsmiləriylə və qeyri-hökumət təşkilatlarının fəallarıyla görüşlər keçirirlər. İradə Cavadovanın verdiyi məlumata görə, onlar ABŞ-a insan haqları üzrə Beynəlxalq Liqanın dəvəti ilə gəliblər.
Bir gün əvvəl ABŞ-da mənzillənən « Human Rigts Watch» və «Freedom House» kimi beynəlxalq təşkilatlar da prezident Buşa müraciət edərək azərbaycanlı həmkarı ilə aprelin 28-də keçiriləcək görüşündə Azərbaycanda insan haqlarının vəziyyətini diqqətdə saxlamağı xahiş etmişdirlər.
Prezident İlham Əliyev də aprelin 26-da Vaşinqtonda ABŞ-dakı nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.