«İnsan alveri qurbanlarından həm də gizli laboratoriyalarda təcrübə vəsaiti kimi istifadə edilir»
Azərbaycanda insan alverinə daha çox Gəncə regionunda yaşayanlar məruz qalır. Bunu Gəncə polis əməkdaşları ilə keçirilən müşavirədə deyən "Təmiz Dünya" ictimai birliyinin sədr müavini Vəfa Salehin fikrincə, buna əsas səbəb bu bölgədə kişi miqrantların çoxluq təşkil etməsidir. Başsız qalan ailələrdə sosial problemlər daha da qabarır.
Gəncə şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəhbəri Çingiz Hüseynov isə dedi ki, 2005-ci ildə 9 insan alverçisi məsuliyyətə cəlb olunub: "Ciddi faktlar aşkarlamışıq. Məsələn, Gəncəbasar regionundan olan bir qadın 13 yaşında bir qızı üç ölkənin sərhədindən yol çantasında keçiribmiş". Çingiz Hüseynov hazırda insan alveri ilə bağlı iki fakt üzrə araşdırma apardıqlarını bildirdi.
"Gəncədən həm də tranzit kimi istifadə olunur" deyən "Təmiz Dünya" təşkilatının nümayəndəsi Vəfa Salehin sözlərinə görə, insan alverçiləri qurbanlarını Türkiyəyə aparmaq çün Gəncə-Naxçıvan reysindən vaxtaşırı istifadə edirlər. Gəncə polisləri də ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsini, insan alverinin potensial qurbanları olan qadınların ilk növbədə işlə təmin olunmasının vacibliyini söylədilər.