Qazax rayonunun yeddi kəndi - Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Bağanıs-Ayrım, Yuxarı Əskipara və Aşağı Əskipara Ermənistan silahlı qüvvələrinin əlindədir. Həm minlərlə hektar ərazinin itirilməsi, həm də yeddi mindən çox insanın öz ev-eşiyindən didərgin düşməsi bu rayonunun sosial-iqtisadi həyatına mənfi təsir göstərib. Çünki itirilən ərazilər bir yana, üstəlik cəbhə xəttinə yaxın kəndlərdə əkin-biçin işləri dayandırılıb. Əslində, Azərbaycan, nəzarətindən çıxan Dağlıq Qarabağ və digər yeddi rayonun yaratdığı problemlərlə necə baş-başa qalıbsa, Qazax rayonu da bir qədər əvvəl sadaladığım həmin yeddi kəndin ağrı-acılarını yaşayır. Ancaq Qazax rayonunda da, bütün ölkədə olduğu kimi, müharibənin dağıntıları qurtarmamış, dinc dövrün quruculuq işləri başlayır. Bir sözlə, Qazax ayrılıqda götürsək, balaca bir Azərbaycandı. Ona görə də bu rayonda baş verənləri öyrənmək bütünlükdə ölkəni daha yaxından tanımaq üçün çox gözəl fürsətdi.
...Qazax şəhərində taksi sürücüləri sərhədyanı kəndlərə müştəri aparmağa meylli deyillər. Onlar bunu qiymət qaldırmaqla yox, həyatlarını təhlükəyə atmaq istəməmələri ilə izah edirlər. Ancaq atəşkəsdən əvvəl orduda xidmət edən, indi isə kirayə götürdüyü maşını taksi kimi işlədən bir sürücü ilə razılaşıb Ermənistanla sərhəddəki Məzəm kəndinə yollanırıq…
Sürücü: «Bu, satılmış dağdır. 1985-ci ildə Ermənistana verilib. Elə o vaxtdan da qazaxlılar o dağın adını «Satılmış» qoyublar. Qazax rayonunun təhlükəsi bu satılmış dağdandır…»
Taksi sürücüsünün sözlərinə görə, həmin dağdan nəinki Qazax-Məzəm yolunu, hətta Qazaxın özünü də vurmaq mümkündür. Ancaq bu təhlükəyə baxmayaraq, yolboyu, mal-qoyun sürülərinə də rast gəlirdik.
- Qorxmursunuz?
Çoban: - Nədən qorxacağıq. İndi atmırlar. Ancaq ara-sıra atırlar. Ötən il payızda isə bir polismizi vurub öldürdülər…
Sürücünün deməsinə görə, Məzəm kəndi nisbətən dərədə olduğundan oranı qarşı tərəfdən atılan güllə bir qədər az tutur.
«Evin içi sudur. Dam örtüyü uçub. Dəfələrlə müraciət etsək də, dam örtüyünü dəyişmirlər…»
Məzəmdə tək evlər yox, həyətlərdəki təndirlər də uçulub-dağılır. Qadınlar danışırlar ki, qəfil atılan gülləyə tuş gələ biləcəklərindən qorxub təndirdə çörək bişirmir, bəzən hətta yuduqları paltarları da evin içində qurutmalı olurlar. Ancaq indi qadınlar bir növ evdarlığı unutsalar da, hər cür silahları tanıyırlar. Belələrindən biri də 60 yaşlı Əsli Nəsibovadır: «Gör, bir «TŞK», «PK»-a, «5-45» evləri nə kökə salıb. Elə mənə də «5-45»dən atəş açdılar. Yanımdaca hinduşqalar öldü. Prezident bütün dünyanı gəzir, Qarabağı geri qaytara bilmir. Bəs bu kəndlər getsə Azərbaycanın taleyi necə olacaq? Quşçu-Ayrım, Fərəhli, Məzəm Azərbaycanın qalalarıdır…»
Qazaxın Ermənistanın nəzarətinə keçən yaşayış məntəqələrindən və yarımboşalan sərhəd kəndlərindən köçən insanlar əsasən taxtadan tikilmiş şəhərcikdə məskunlaşıblar. Son həftələr tez-tez yağan yağışa görə rayon mərkəzinə bitişik bu şəhərcikdə uzunboğaz çəkmə olmadan gəzmək müşkülə çevrilib: «Burada insan öləndə, cənazəni yola çıxarırlar. Çünki palçıqdan maşın şəhərciyin məhəllələrinə daxil ola bilmir…»
Şəhərciyin sakinləri daha çox isə işsizlikdən gileylənirlər. İş yerləri olsa, daha dövlətdən asılı olmayacaqlarını deyirlər: «Ancaq yardımlarla dolanırıq. Hökumət işıq, qaz pulumuzu verir. Bir də adambaşına 30 min manat çörək pulu verirlər. Bundan başqa, neft şirkəti adambaşına 5 kiloqram un, 1 kiloqram yağ, 1 kiloqram şəkər tozu, 1 kiloqram da düyü verir…»
Məzəm kəndindən sonra, bu taxta şəhərciyə gələndə adamı ilk düşündürən belə bir sual olur. Görəsən, sərhəd kəndlərində yaşamaq yaxşıdır, yoxsa bu taxta şəhərcikdə? Cavabı taxta şəhərciyin sakinlərinin öz dilindən eşidək: «Ordakı orda, burdakı da burda zülmünü çəkir. Bizi kəndimizə qaytaran olsa, burada qızıldan evim olsa da, qalmaram. Bir şərtlə ki, kəndimizdə atışma olmasın…»
Şəhmən Musayevin qardaşı Oruc Musayev deyir ki, şəraitlərinin dözülməzliyini izah etmək üçün dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinə getsə də, icra başçısı Rauf Hüseynovla görüşə bilməyib. Onun sözlərinə görə, başçının birinci müavini Fərman Nağdəliyevə isə nə qədər desə də, dərdlərini anlada bilmir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev isə Oruc Musayevi tanımadığını bildirdi. Onun sözlərinə görə, Qazax şəhərində məskunlaşan bütün köçkünlərə imkan daxilində qayğı göstərməyə çalışırlar. O cümlədən də sərhəd kəndlərinə: «İcra başçısı Rauf Hüseynovun təşəbbüsü ilə Məzəmdə bir neçə ev təmir edilib. Orada ibtidai məktəb tikilib. Quşçu-Ayrım kəndində də 7 sinif əsaslı şəkildə təmir edilib».
Fərman Nağdəliyev deyir ki, sərhəddə yerləşən Cəfərli və Balacəfərli kəndlərində də xeyli quruculuq işləri aparıblar. Onun sözlərinə görə, həmin kəndlərdə artezian quyuları qazılıb və yeni məktəb inşa edilib.
Qazaxın mərkəzi park və meydanlarında da təmir gedir. Şəhərin mərkəzi parkında, iki cərgə sıra ilə Qazax rayonunda doğulan elm və incəsənət xadimlərinin abidələri qoyulub. Qazax Azərbaycanın bəlkə də yeganə bölgələrindəndir ki, orada əsasən bu rayonda boya-başa çatmış, sonradan isə ölkənin tanınmış şəxsiyyətləri olan insanlara abidələr qoyulur, onların adına küçələr verilir.
Rayonun mərkəzindəki abadlıqdan narazı qalanlar da çoxdur. Park və meydanlarda köhnə iaşə obyektləri sökülüb, yeniləri ilə əvəz olunur. Amma köhnə obyekti sökülənlər yeni tikilənlərdən onlara verilmədiyindən gileylənirlər.
Vaxtı ilə Qazax Şəhər Mərkəzi Xəstəxanasının qarşısında mağaza işlədən Mədət Qasımov deyir ki, həmin yerdə tikilən köşkü onlara vermək istəyirlər: «Mənim yerim 8 kvadratmetr idi. İndi isə köşklər 4 kvadratmetrdir. O yerləri 1300 dollara satırlar. 8 kvadratmetr yer isə 2500 dollaradır».
Sakinlər danışırlar ki, paytaxt Bakıda olduğu kimi, son illər Qazaxda da həmin ticarət obyektləri, həm də yaşayış binaları üçün nəzərdə tutulan torpaq sahələri xeyli bahalaşıb.
Fərman Nağdəliyevin sözlərinə görə, son illərin inkişafının göstəricisidir ki, icra hakimiyyətinin binası, qonaq evi, rəsm qalareyası və Səməd Vurğunun ev muzeyi təmir edilib.
Ancaq Qazax şəhərində bütün bu yenidənqurma işləri bir çox tarixi abidələrdən yan keçib. Əhalinin «İsrafil Ağanın hamamı» adlandırdığı, 18-ci əsrdən qalma tarixi abidənin hücrələri baxımsızlıqdan dağılır. Düzdür, tarixi abidə yenə hamam kimi istifadə edilir, ancaq müştərilər heç gözə dəymirlər. «Gün ərzində 3-4 nəfərdən çox müştəri olmur» - bunu hamamın ocaqçısı Mübariz Rzayev deyir…
Qazaxda danışırlar ki, varlı adamlar indi «İsrafil Ağanın hamamı»nı bəyənmir, yarı-açıq, yarı-gizli işləyən «sauna»lara üstünlük verirlər.
Qazax, həm də Azərbaycanda sərbəst güləşin vətənlərindən sayılır. Mən ayaqüstü olsa da, «Göyəzən» İdman Kompleksinə baş çəkdim. Məşqçi Cəlal Allahverdiyev də deyir ki, Qazaxda gənclərin sərbəst güləşə marağı böyükdür. Onun sözlərinə görə, tələbələrindən bəziləri respublika səviyyəsində bir sıra uğurlara imza atsalar da, beynəlxalq yarışlara qatıla bilmirlər: «Ramil Alcanov Azərbaycan çempionudur. Ancaq maddi imkansızlıq üzündən onu beynəlxalq yarışlara göndərə bilmədik».
Qazaxda Yeni Azərbaycan Partiyası istisna olmaqla, heç bir partiyanın mənzil-qərərgahı yoxdur. AXCP Qazax təşkilatının fəallarından Saqif Axundlu bunu icra hakimiyyətinin partiyalara ayrı-seçkilik qoyması ilə izah edir: «İcra başçısı Rauf Hüseynov Qazaxa yeni gələndə demişdi ki, bütün partiyalara qərərgah veriləcək. Ancaq bu söz olaraq qalır».
Üstəlik Saqif Axundlu deyir ki, rayonda 300-ə yaxın cəbhəçidən biri də dövlət idarələrində çalışmır.
Ancaq Qazaxda hər hansı müxalifətçinin tutulması, təqib edilməsi kimi hallara da rast gəlmək mümkün deyil. Yerli cəbhəçilər zarafatla deyirlər ki, 2003-cü il prezident seçkisindən sonra hakimiyyət orqanları ilə onların arasında atəşkəsə tam əməl edilir…