Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:48

Yuxarı baxırsan inflyasiyadır, aşağı baxırsan kasıblar…


Ağstafa rayonunda bazar, 4 may 2006
Ağstafa rayonunda bazar, 4 may 2006
Neft bahalaşır, amma neft bahalaşanda, dünyanın hər yerində məhsulların qiymətləri artır, Azərbaycana da həmin mallar əvvəlkindən baha gətirilir.

Mən Bakıda «Yaşıl bazar» kimi tanınan bazara getdim, oradakı satıcılarla da, alıcılarla da söhbət etdim.


«Bahaçılıqdır, pensiyaçı 150 min manat alır, o, nə alsın, yesin. Camaatın maaşını artırmırlar, amma bahalaşma sürətlə gedir... ». Bunlar alıcıların dedikləri idi. Satıcılar isə deyirlər ki, günah onlarda deyil, bahalaşma başlayandan bazarda alıcı da seyrəkləşməyə başlayıb:


«Pensiyaçı necə gəlib ət alsın? Gəlib almırlar»...


«Mən əti necə ucuz satım, özümə 21 minə başa gəlir kilosu»...


Bazarlarla müqayisədə mağazalarda satılan mallar daha çox bahalaşır. Bu malların əksəriyyəti xaricdən gətirilir. İndi hökumət qalıb iki yolayrıcında. Bir tərəfdən, ölkə idxaldan asılıdır, dünya bazarında neft bahalaşanda, ölkədə də qiymətlər artır. Əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün isə əməkhaqqını artırmaq lazımdır, amma onda da inflyasiya bir az da sürətlənə bilər. Əməkhaqqı artanda, alıcının pulu çoxalır. Satıcı da görür ki, alıcının vəziyyəti yaxşıdır, o da başlayır baha satmağa. Bu zaman inflyasiya yaranır, buna da «tələb inflyasiya» deyirlər.


Mayın 8-də prezident hökumətin iclasını keçirdi. O, da dedi ki, əməkhaqlarının artırılmasına ehtiyatla yanaşmaq lazımdır ki, bu artım əlavə inflyasiya yaratmasın. Mayın 9-da maliyyə naziri Samir Şərifov da dedi ki, hökumət büdcənin artan vəsaitlərini daha çox investisiya layihələrinə yönəltməyi düşünür.


Amma ekspertlərin fikrincə, indi Azərbaycanda adamların maaşı o qədər aşağıdır ki, onların əməkhaqlarının artırılması inflyasiyaya çox az təsir edə bilər.


Parlamentin keçmiş deputatı, iqtisadçı Əli Əlirzayev hesab edir ki, istehlak xərclərini artırmaqdan qorxmaq lazım deyil. Onun sözlərinə görə, tələb inflyasiyası inflyasiya doğuran səbəblərin arasında ən kiçik amildir:


«Pensiyaçı gedib «Volqa», «Mersedes» alası deyil ki, bu, inflyasiyanı sürətləndirsin. Bu amil inflyasiyanı sürətləndirə bilməz».


Başqa ekspertlər də deyirlər ki, büdcənin istehlak xərclərinə – əməkhaqlarının artırılmasına indiki halda ehtiyatla yanaşmaq əhalini çətin vəziyyət qoyur. Düzdür, büdcənin bütün pullarını istehlaka yönəltmək olmaz. Beynəlxalq Valyuta Fondunun dediyi kimi, investisiya xərclərini də artırmaq lazımdır. Amma hökumət vətəndaşının da qeydinə qalmalıdır.


Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozuna görə, bu il Azərbaycanda illik inflyasiya idarəolunan həddi – 13 faizi keçəcək. Hökumət isə bu göstəricinin 10 faizi keçməyəcəyini deyir. Beynəlxalq Valyuta Fondu məsləhət görür ki, Azərbaycan neftin hesabına böyüyən büdcəsini istehlak xərclərinə, sadə dillə desək, məsələn, əməkhaqlarının artırılmasına yönəltməsin. İnvestisiyaya yönəltsin ki, inflyasiya sürətlənməsin.


XS
SM
MD
LG