Ekspertlərin fikrincə, əks təqdirdə partiyalar zəifləyəcək
Az qala hər seçkidən sonra müxalifət daxilində eyni ssenari təkrarlanır. Bu haqda söhbət etdiyim ekspertlərin qənaətincə, burda obyektiv və subyektiv səbəblər var. Müxalifətin maliyyə, təbliğat imkanları məhduddur, hakimiyyətin resursları qarşısında o acizdir və sairə. Amma ekspertlərin sözlərinə görə, müxalifətin məğlubiyyəti həm də onun mübarizə vasitələrinin köhnəlməsindən xəbər verir.
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: «Müxalifət on ildi eyni vasitələrlə mübarizə aparır. Bu metodların uğur gətirməyəcəyini bu başdan bilirlər. Amma yenə də mühafizəkardırlar. Müxalifətin yeni yanaşma axtarmaq cəhdi görünmür».
Ekspert Şahin Abbasova görə, müxalifət olan-qalan elektoratını və siyasi səhnədəki yerini itirmək istəmirsə yeniləşməli, ətalətə son verməlidir.
Müxalifətin yeniləşməsini, taktikasının dəyişdirməsini istəyən ekspertlər liderlərdən daha qəti addımlar gözləyirlər. Misal üçün «Ayna-Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğluna görə, məsuliyyət sahibi olan partiya liderlərinin istefaya göndərilməsi gündəmə gətirilməlidir. Buraxılan səhvlər partiya daxilində müzakirə olunmalıdır. «Bu addımlar atılmazsa, partiyalar zəifləməyə başlayacaq. Rayon təşkilatları sıradan çıxacaq. 2008-ci ildəki məğlubiyyətdən sonra partiyalar ciddi qəbul olunmayacaq». Ekspertlərə görə, müxalif qüvvələr mühafizəkar olsalar və dəyişmək istəməsələr növbəti prezident seçkilərində də hakimiyyət olimpinə yüksələ bilməyəcəklər. Azər Rəşidoğlu deyir ki, möcüzə baş verməsə, hakim elita 2008-də də dəyişməz qalacaq və müxalifətə növbəti zərbəsini endirəcək.
Bunlar ekspertlərin dedikləridir. Noyabr və may seçkilərinə qatılan Müsavat Partiyasının başqanı İsa Qəmbər isə istefa haqqında düşünmədiyini deyir. Amma bildirir ki, may seçkiləri onlara düşünmək üçün əlavə material verdi.
«Yəni müxalifətin seçki taktikası və imkanları ilə hakimiyyətin seçki taktikası və imkanları arasında müqayisə getdi. Araşdırılası məsələlər, çıxarılası nəticələr var. Biz təhlilimizi aparandan sonra siyasi prosesin sonrakı mərhələsini müəyyənləşdirəcəyik. Bu məsələlər və eləcə də partiyanın tutduğu xətt ayın sonunda keçiriləcək qurultayda da müzakirə olunacaq».