Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:54

Kəmaləddin Heydərov: «Hündürmərtəbəli binaların əksəriyyəti təhlükəsizlik qaydalarına uyğun deyil»


Fövqəladə Hallar naziri «heç kim bilmir ki, zəlzələ olsa, orada nə baş verəcək» - deyir


«Bakıdakı hündürmərtəbəli binaların əksəriyyəti təhlükəsizlik qaydalarına uyğun deyil». Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, bundan sonra bina tikmək istəyənlər təhlükəsizlik tələblərinin hamısına ciddi əməl etməlidirlər. Nazir bildirir ki, yeni binaların arasında elələləri var ki, onlara heç ekspertiza rəyi də verilməyib: «Heç kim bilmir ki, zəlzələ olsa, orada nə baş verəcək. Bu, faciədir».


Cənab Heydərov yeni binaların inşası zamanı istifadə olunan tikinti materiallarının keyfiyyətindən də narazıdır. Onun sözlərinə görə, bu materialların tərkibi yoxlanılmayıb. Nazir deyib ki, yeni binaların çoxunda yanğın vaxtı istifadə etmək üçün uzun nərdivanlar da quraşdırılmayıb.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə, bir müddət əvvəl bu məsələ ilə bağlı jurnalistlərin sualına cavab verərək, paytaxtda tikilən binalardan razı olduğunu demişdi: «Mən istərdim ki, uca binalardan mənfi istiqamətdə danışanlar getsinlər, birmərtəbəli, siçanların olduğu binalarda yaşayanlardan soruşsunlar ki, onlar yeni binalarda yaşamaq istəyirlər ya, yox. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək».


Fövqəladə Hallar Nazirliyi bu ildən işə başlayıb, qanunla indi binaların təhlükəsizliyi ilə bağlı digər qurumlarla yanaşı bu nazirlik də rəy verməlidir.


XS
SM
MD
LG