Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Uqo Çavez rəqiblərini tutdurur


Uqo Çavez referenduma dəstək mitinqində çıxış edir, 12 fevral 2009
Uqo Çavez referenduma dəstək mitinqində çıxış edir, 12 fevral 2009
Venesuela prezidenti Uqo Çavez referendumla müddətsiz prezident seçilmək hüququnu əldə etdikdən sonra ölkə boyu müxalifət liderlərinə qarşı repressiyalara başlayıb.

«Uoll Strit Cornal» qəzeti yazır ki, son həftələr ərzində Venesuela hakimiyyəti artıq ikinci dəfədir ki, müxalifət liderlərindən birinin həbsinə qərar verir.

Bu dəfə haqqında həbs qərarı verilən şəxs keçmiş Müdafiə naziri Raul Badueldir. Aprelin 2-də o, korrupsiya ittihamı ilə həbs edilib. R. Baduelin vəkili Omar Mora Tosta deyir ki, ittihamların heç bir hüquqi əsası yoxdur və həbs siyasi xarakter daşıyır. Venesuela hakimiyyəti bu ittihamları rədd edir.

R. Baduel Uqo Çavezin keçmişdə yaxın dostu olub. 2002-ci ildə U. Çavez çevriliş zamanı devriləndə, onun hakimiyyətə qayıtmasında müstəsna rol oynayıb. R. Baduel müxalifətə 2007-ci ildə keçib. Müşahidəçilər qeyd edir ki, məhz onun təzyiqləri nəticəsində U. Çavez 2007-ci ildə konstitusiyaya dair referendumda məğlubiyyətini etiraf etməyə məcbur olub. Bir il sonra isə Çavez eyni referendumu bir daha keçirərək bu dəfə qələbə qazanır və indi baiskar Badueli həbsə atır.

Bu ilin martın 19-da Venesuelanın Baş prokuroru daha bir müxalifət liderinin həbsi üçün məhkəmə sanksiyası istəyib. Söhbət 2006-cı ildə keçirilən prezident seçkisində U. Çavezin rəqibi olmuş keçmiş ştat qubernatoru Manuel Rozalesdən gedir. Burada da hökumət iddia edir ki, məsələ siyasi xarakter daşımır və Rozalesin hakimiyyətdə olarkən yol verdiyi maliyyə pozuntuları ilə əlaqəlidir. Hərçənd, məhkəmə Rozalesin həbsi üçün hələlik sanksiya verməyib, o, həbs olunmamaq üçün gizlənməyə üstünlük verib.

Müşahidəçilərin fikrincə, son addımlar sübut edir ki, U. Çavez öz siyasi opponentlərini cəzalandırmaq üçün dövlət institutları ilə manipulyasiya edir. «Uoll Strit Cornal» yazır ki, artıq on ildən çoxdur ki, hakimiyyətdə olan U. Çavez əsas hökumət qurumlarını tam nəzarəti altına ala bilib. Venesuela Dövlət Neft Şirkəti, Ali Məhkəmə, parlament və başqa dövlət qurumları Çavezin adamları ilə doldurulub.

Qəzet onu da qeyd edir ki, hələ ki, Çavez özünün əsas sosial bazasını –kasıblar arasındakı populyarlığını qoruyub saxlaya bilib. Buna da səbəb Venesuela hökumətinin həyata keçirdiyi subsidiya proqramları, ərzaq subsidiyaları və başqa proqramlardır ki, onlar ölkənin kasıb təbəqəsinin həyat standartlarını bir qədər yaxşılaşdırıb. Lakin, neft qiymətlərinin düşməsi bu proqramları sual altına salır. Belə ki, Çavez artıq dövlət xərclərinin ixtisarı və vergilərin artırılması haqqında qərarlar verməyə məcbur olub. Bu qərarlar isə ilk növbədə kasıblara mənfi təsir göstərəcək. Ekspertlərin fikrincə, bunun arxasınca milli valyutanın devalvasiyası qaçılmazdır.
XS
SM
MD
LG