«Avropalı rejissor mənim ssenarimi göstərib dedi ki, hələ belə orijinal kadr görməmişəm, həmkarlarıma bu haqda danışanda onlar böyük maraq göstərdilər, hətta dedilər ki, bu filmi səbirsizliklə Avropada gözləyirlər. Mən özümə inanıram. Düşünürəm ki, qələbəyə çox yaxınam». Bu sözləri gənc rejissor İlqar Nəcəf üç il əvvəl «Azadlıq» radiosuna müsahibəsində demişdi. Üç il öncə o, avropalı rejissorların ssenarisini çox bəyəndikləri «Buta» adlı bədii film çəkib dünyanı fəth etmək istəyirdi. O, filmini çəkmək üçün əvvəlcə xarici donor təşkilatların keçirdiyi müsabiqəyə və Azərbaycan dövlətinin səxavətinə ümidli idi. Əslində, donor təşkilatlar həmin məbləği ayırmağa hazır idi. Amma şərtə görə, filmin büdcəsinin çox cüzi hissəsini dövlət ödəməliydi. Çox qapılar döyəndən sonra İlqar Nəcəf gələcək filmini çəkmək üçün özü pul qazanmağa başlayır. Hazırda film şirkəti yaradıb. Amma indi də filmlə məşğul olmağa vaxtı və həvəsi qalmayıb. «Bu yola çıxanda çox idik. Amma indi azalırıq».
Ancaq deyəsən İlqarın, eləcə də başqa gənc rejissorların film çəkmək istəyi reallaşa bilər. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunu dirçəltmək, kinodan uzaq düşmüş gənclərə də şans vermək istəyir. Nazir Əbülfəs Qarayev deyir ki, respublika üzrə ssenari müsabiqəsi elan olunacaq və qalib müəllif film çəkmək şansı qazanacaq. Amma bu hamısı deyil. Nazirin sözlərinə görə, kinonun inkişafı məqsədilə proqram da hazırlanır. Yaxın beş-on ilə «Azərbaycanfilm» kinostudiyası yenidən qurulacaq, ötən əsrin ortalarından qalma texnika müasirləri ilə əvəzlənəcək, yeni mütəxəssislərin hazırlanması üçün addımlar atılacaq. «Proqram olmalıdır ki, kinomuz hara gedir? On ildən sonra kinomuzu necə görmək istəyirik? O yolda görüləcək işləri müəyyənləşdirməliyik. Gözləmək olmaz ki, bir anda bu studiya Hollivuda çevriləcək. Bəlkə proses beş il, yeddi il çəkəcək. Bunlar hamısı tədricən olacaq».
Azərbaycanda Hollivudun yaradılmasını gözləyənlər olmasa da, kinoya qayğının göstərilməsini gözləyənlər çoxdur. Söhbət etdiyim rejissorlar neçə ssenarini yenidən işlədiklərini, az büdcəylə necə yaxşı film çəkməyin yollarını axtardıqlarını dedilər. Amma bunu da əlavə etdilər ki, dövlətin yardımı olmadan kinonun ayağa qaldırmaq mümkün olmayacaq. Ən azı ona görə ki, normal film üçün yaxşı texniki baza olmalıdır.
Rejissor Elçin Musaoğlu deyir ki, əsas istəkdir. İstək olarsa, Azərbaycan kinosunu dünya səviyyəsinə çıxarmaq olar, bunun üçün üçün yetərincə potensial var. Dövlətdənsə bircə şey tələb olunacaq, kinostudiyanı müasirləşdirmək və texniki avadanlığı təzələmək. «1974-cü ildən qalan texnika müasir kino üçün bu çox köhnədir. Kino hər il təzələnir. Demirəm, hər il dəyişək. İran bu gün Azərbaycana icarəyə kamera verir. İran kinosu məşhurdur və rentabellidir. Kinodan qazandıqları pulla texniki avadanlığı təzələyir, öz filmlərini məşhurlaşdırır və hətta Azərbaycana icarəyə avadanlıq da verirlər».
Rejissor Ayaz Salayev isə dövlətin maliyyələşdirdiyi filmlərin uğuruna inanmır. O alternativ mənbə axtarmaq və alternativ film çəkmək niyyətindədir. O düşünür ki, kino da böhrandan bu zaman çıxa bilər.
İlqar Nəcəfin yaratdığı «Butafilm» şirkəti isə lazım olan texnikanı alıb və film istehsalına başlayıb. Uğurlar var. Burda çəkilən bir neçə film beynəlxalq müsabiqədə yer qazanıb. O ki qaldı özünə, sözarası dedi ki, ona lazım olan vəsaiti iki ilə qazana biləcək. Qarşıda iki illik əziyyət var. Ondan sonra isə yaradıcılıq əzabları başlanmalıdır.
Nazirliyin kino proqramının nə vaxt hazır olacağı isə hələlik məlum deyil.