Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilatın rəhbəri Doktor Mahmudəli Çöhrəqanlı iyunun 10-dan 11-nə keçən gecə Azərbaycandan ABŞ-a qaytarılıb. Təşkilatın mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı deyir ki, Doktor Çöhrəqanlını təhlükəsizlik orqanı əməkdaşları saxlayaraq hava limanına aparıblar:
«Şəhərə nahar etməyə çıxmışdıq. 8 maşınla tökülüşüb bizi yaxaladılar. Doktor Çöhrəqanlını bizdən ayırıb hava limanına apardılar. Gecə saat 1-də Azərbaycandan deportasiya etdilər. Bizə demişdilər Çöhrəqanlını Dubaya yola salmışıq. Ordan da ABŞ-a gedəcək. Amma bu gün aldığımız məlumata görə, Mahmudəli Çöhrəqanlı İstanbula, ordan isə Nyu-Yorka gedib».
Ağrı Qaradağlı əlavə edir ki, cənab Çöhrəqanlı saxlanılarkən ona Bakıda terror edilməsi ehtimalı olduğu və bu səbəbdən də ölkədə qalmasının mümkünsüzlüyü bildirilib.
Bazar günü olduğu üçün rəsmi dairələrdən məsələyə münasibət öyrənə bilmədik.
Doktor Mahmudəli Çöhrəqanlı 1994-cü ildə İran parlamentinə namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İranda yaşayan azərbaycanlıların dil və mədəni hüquqlarının fəal müdafiəçisi kimi 9 ay həbsdə saxlanıldıqdan sonra səhhətinə görə azad edilib. 2001-ci ilin sonunda İranı tərk edən Çöhrəqanlı son illər ABŞ-da mühacirətdə yaşayır. O, iyunun 5-də Türkiyəyə gəlmişdi. İyunun 9-da Türkiyə polisi cənab Çöhrəqanlını Bakıya, Bakıda isə təhlükəsizlik orqanları yenidən ABŞ-a deportasiya etdi.