Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Komitəsinin üzvləri iyunun 14-də hüquq müdafiəçiləri ilə görüşüblər. Toplantıda hüquq müdafiəçilərindən Fuad Həsənov, Arif Yunus, Mirvari Qəhrəmanlı və Səidə Qocamanlı iştirak ediblər.
Səidə Qocamanlı «Azadlıq» radiosuna deyib ki, görüşdə əsasən, Azərbaycanda məhkəmələrin vəziyyəti, həbsdə olan nazirlərin durumu, amnistiya aktı, əfv olunanların siyahısına siyasi məhbusların salınmaması kimi məsələlər müzakirə olunub. AQO qrupu siyasi məhbuslarla bağlı hökumət və QHT-lərdən ibarət işçi qrupunun işi ilə də maraqlanıb.
Səidə Qocamanlı deyir ki, Hacı Məmmədovun işi, ölkədə korrupsiyanın səviyyəsi, son parlament seçkilərindəki qanun pozuntuları da müzakirələrdə xüsusi diqqətdə saxlanılıb: «Biz AQO qrupuna dedik ki, yeni yaradılan İctimai Televiziya bizi qane etmir və biz bu telekanalı AzTv kimi qiymətləndiririk. Bildirdik ki, telekanalın işində köklü dəyişiklik edilməlidir».
İyunun 14-də AQO qrupu Mərkəzi Seçki Komissiyasında və Xarici İşlər Nazirliyində görüş keçirib.
Missiyanın məqsədi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsini araşdırmaqdır. İyunun 13-də komitə üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azadlıq bloku liderləri ilə görüşüb, qrupun üzvlərini prezident İlham Əliyev də qəbul edib.
İyunun 26-dan 30-dək AŞPA-nın növbəti sessiyasında Azərbaycanın bu qurum qarşısında öhdəliklərinə dair qısa hesabat dinlənəcək.