Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:09

«Bizdə vətəndaşlar məhkəmədən başqa hara desən şikayət edir»


Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev
Dilindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsin haqqı var. Bütün beynəlxalq konvensiyalar, ölkələrin konstitusiyalarında belə yazılır. Amma gerçəkdə kimlərinsə haqları başqalarından az təmin olunur. Bəzən isə hansısa qanunda haqlarımız məhdudlaşdırılır. Bu, niyə baş verir? Vətəndaşın haqqını kim qorumalıdır - onun özü, yoxsa dövlət?

Bu və digər suallara ilk verilişimizin qonağı Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə cavab axtarmışıq. O deyir ki, cəmiyyətdə insanların normal yaşayışını təmin edən həm Allah qanunları, həm də dövlət tərəfindən təsbit edilən qanunlar var:

«Amma qanunlara əsasən mütləq olan haqlarımız da var. Məsələn, insan heç bir halda işgəncəyə, yaxud köləliyə məruz qala bilməz».

Arayış

İnsan haqlarının tarixinə gəlincə, verilişdə səsləndirilən məlumata görə, «azadlıq» sözünə ilk dəfə bizim eradan əvvəl 24-cü əsrdə rast gəlinib. Həmin vaxt şumerlərin hökmdarı öz təbəələri üçün bəzi hüquqlar təsbit edib. İnsan hüquqları konsepsiya şəklində isə ilk dəfə Qədim Yunanıstanda ortaya çıxıb. Aktlara qalanda, ilk dəfə 1215-ci ildə İngiltərədə kral İohann tərəfindən Böyük Azadlıqlar Xartiyası qəbul edilib. Avropada insan haqlarının müdafiəsi uğrunda başlayan hərəkat digər qitəyə də keçib. 1776-cı ildə ABŞ-da İstiqlal Bəyannaməsi qəbul edilib. 1789-cu ildə baş verən Böyük Fransa İnqilabı əksər ölkələrdə insan haqlarının təşəkkül tapmasına kömək edib. Hazırda dekabrın 10-u BMT tərəfindən İnsan Haqları Bəyannaməsinin qəbul edildiyi gün bütün dünyada hüquqların müdafiəsi günü kimi qeyd olunur. Avropada isə bu sahədə İnsan Haqları və Azadlıqları Konvensiyası əsas sənəd kimi qəbul edilib. Bu sənədi digər bəyannamələrdən fərqləndirən - onun real müdafiə mexanizminin olmasıdır.

Hüquqşünas bildirir ki, bəzən haqlarımız məhdudlaşdırılır. Buna yalnız o vaxt yol verilə bilər ki, birini hüququnun təminatı digərinin haqqını tapdasın:

«Uzun illərdir ki, Azərbaycanda vətəndaşların toplaşmaq haqqına moratorium qoyulub. Dövlət qurumlarının əsas arqumenti odur ki, aksiya keçirilən zaman başqalarını istirahət hüququ pozulacaq. Bu isə çox əsassız arqumentdir. Çünki toplaşmaq, etirazını bildirmək insanın təməl haqlarından biridir. Əgər belə bir risk varsa, hökumət bununla bağlı öz üzərinə düşən öhdəliklərini yerinə yetirməlidir».

İntiqam Əliyevin sözlərinə görə, Azərbaycanda insanların hüquqlarının müdafiə səviyyəsi Avropa ölkələrində olduğu ilə eyni deyil:

«Bu, pis qanunlara görə deyil. Sadəcə Avropa ölkələrində müstəqil parlament, müstəqil icra hakimiyyəti mövcuddur. Azərbaycanda isə bir real hakimiyyət var. Əksər hallarda vətəndaşın ədalətli məhkəmə araşdırması təmin olunmur. Ona görə də insanların haqqı pozulanda, məhkəmədən başqa kimə desən, hara desən müraciət edirlər. Mən özüm dəfələrlə şahidi olmuşam ki, insanlar yol polisi, Nəqliyyat Nazirliyinin əməkdaşı, mənzil istismar idarəsinin adi işçisi qarşısında nə qədər aciz qalırlar».

İ.Əliyev deyir ki, elə haqlar var ki, onların pozuntusu ilə bağlı şikayət verilməsə belə, dövlətin özü onun təminatına çalışmalıdır:

«Mediada korrupsiya halları, işgəncə faktları ilə bağlı yazı gedibsə, bu adam şikayət verməsə belə, araşdırma aparmalıdır».

Verilişdə Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı baxılan şikayətlərdən birisi barədə süjet də səsləndirildi. Reportajın qəhrəmanı - Azərbaycanda miqrant kimi yaşayan Gürcüstan vətəndaşı Soin Seidiyevdir. O, Azərbaycan Yol polisinin rüşvət tələb etməsilə bağlı iki dəfə Avropa İnsan haqları Məhkəməsinə müraciət edib. Soin Seidiyevlə Yol Polisi arasında ilk hadisə 2001-ci ildə, Bakıya qohumlarının toyuna gələndə baş verib. Həmin vaxt onun sürdüyü maşının qeydiyyata düşmədiyini əsas gətirən yol polisləri ondan rüşvət tələb ediblər, pulu ala bilməyəndə isə protokol tərtib olunub. Lakin S.Seidiyev polisləri məhkəməyə verəcəyini deyəndə, onu polisin paqonunu cırmaqda ittiham ediblər. Məhkəmə qərarına əsasən, S.Seidiyev 2 ay azadlıqdan məhrum edilib. Bu hadisə Azərbaycanın Avropa Konvensiyasına qoşulmasından əvvəl baş verdiyindən, Avropa İnsan Haqları Məhkəməsi onun müraciətini geri qaytarıb. Lakin 2004-cü ildə ikinci insident baş verib. Bu dəfə hadisə Nərimanov rayonunda olub. Yenə də yol polisləri ona qaydanı pozduğunu bildiriblər. Amma qaydanı pozmadığını iddia edəndə onu üç yol polisi döyməkdə ittiham ediblər, sonda ona il yarım şərti cəza verilib. Soin Seidiyev yenə də bəraət üçün Azərbaycandakı bütün məhkəmə instansiyalarına müraciət edib. Amma bu dəfə də müsbət nəticəyə nail olmayıb. Yerli məhkəmələrdə müdafiə hüququ tükəndikdən sonra cənab S.Seidiyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. İndi həmin müraciətlə bağlı bir neçə gün əvvəl Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərilib».

İntiqam Əliyev məhz bu işlə bağlı Azərbaycan dövlətinin cəzalandırılacağına əmin olduğunu dedi:

«Hökumət üçün çox ağır olacaq bu işdə. Çox güman ki Avropa Məhkəməsi vətəndaşın ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyacaq».
XS
SM
MD
LG