Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:38

Sənədini itirmiş köçkünün əmanəti qaytarıla bilərmi?


«Kapitalbank»da deyirlər ki, əmanət kitabçaları saxlanmayıbsa, əmanətləri qaytarmaq problem olacaq
«Kapitalbank»da deyirlər ki, əmanət kitabçaları saxlanmayıbsa, əmanətləri qaytarmaq problem olacaq

Son sözü Dövlət Komissiyası deyəcək. Maliyyə naziri Samir Şərifovsa bildirir ki, hökumət hələ fikirləşir


Sənan Hüseynov məcburi köçkündür, deyir ki, Ermənistan silahlı qüvvələri kəndlərinə hücum eləyən vaxtı üst geyimlərini belə götürməyə imkan olmayıb, o ki qala «Əmanət kitabçası»nı. Hamı canının hayında idi.


Dağlıq Qarabağda yaşamış azərbaycanlılar və Kəlbəcər sakinlərinin əmanət kitabçaları tapılmadığından onların sovet dövründə banklara qoyduqları əmanətlərin inventarlaşdırılmasında problem yarandığı bildirilir. Münaqişədən əvvəl «Əmanət Bankı»n Dağlıq Qarabağ ərazisindəki filialları Bakıya yox, Xankəndində yerləşən Dağlıq Qarabağ Muxtar Vilayəti İdarəsinə tabe olub. Azərbaycanla Ermənistan arasında heç bir sahədə əməkdaşlıq olmadığından indi həmin sənədlərlə bağlı dəqiqləşdirmə aparmaq mümkün deyil. Söhbət Xankəndi, Şuşa, Əskəran, Ağdərə, Xocavənd və Hadrud rayonları ərazisində yaşamış azərbaycanlılardan gedir.


«Əmanət bankı»nın Kəlbəcər rayonundakı filialı isə köçhaköçdə sənədləri oradan çıxara bilməyib. «Əmanət bankı»nın varisi «Kapitalbank»da deyirlər ki, Kəlbəcərdə və Dağlıq Qarabağda yaşamış azərbaycanlılar əmanət kitabçalarını saxlamayıblarsa, onda onların pulunu qaytarmaq problem olacaq.


Əmanətlərin qaytarılması məsələsini parlamentdə ilk dəfə qaldıran keçmiş millət vəkillərindən Əli Əlirzayevin fikrincə isə, rəsmi sənəd olmasa belə həmin kateqoriyadan olan məcburi köçkünlərin əmanətlərini geri vermək lazımdır. O düşünür ki, ayrı-ayrı adamların nə qədər əmanətinin olduğunu müəyyən etmək mümkün olmasa da, məsələn, Kəlbəcərin payına düşən ümumi əmanətlərin məbləğini, bu rayondakı əmanətçilərin sayına bölməklə ortaq rəqəm çıxarmaq olar. Keçmiş deputat deyir ki, bu rayondan olan bütün əmanətçilərə eyni məbləğdə pul paylamaq heç qaytarmamaqdan daha ədalətli olardı. Çünki, müharibənin doğurduğu bu ümumi bəlada nə bankın, nə də əmanətçilərin günahı var.
Əli Əlirzayev başqa variantda təklif edir: «Məsələn, həmin regionda işləyən beş nəfəri götürmək olar. Onlar ekspert kimi deyə bilərlər ki, məsələn, Əlinin əmanəti Vəlidən çoxdur. Eksperiment kimi bu variantı da nəzərdən keçirmək olar».


İqtisadi məsələlər üzrə ixtisaslaşmış vəkil Muxtar Musayevin isə mövqeyi tam fərqlidir. Onun fikrincə, həm əmanət kitabçasını itirən, həm də bankdakı kök sənədləri Qarabağda qalan məcburi köçkünlərin əmanətləri heç bir halda qaytarıla bilməz. Daha doğrusu, hüquqi baxımdan bu real səslənmir. Vəkil deyir ki, əmanət sahibini şahid ifadələri ilə də sübut eləmək mümkün deyil: «Bu zaman sui-istifadə halları olacaq. Qanun bu yerdə vətəndaşın xeyrinə deyil, çünki o özü öz sənədinin qeydinə qalmalı idi».


Son sözü isə bu məqsədlə yaranmış Dövlət Komissiyası deyəcək. Maliyyə naziri Samir Şərifov iyunun 15-də bir daha xatırladıb ki, hökumət hələ ki, fikirləşir.


«Kapitalbank»da bu rayonlarla bağlı göstəriciləri konkret demirlər, amma bildirirlər ki, həmin əmanətlərin ümumi məbləği o qədər də böyük deyil. Hökumət ancaq 1992-ci ilin yanvarın 1-nə qədər banklara qoyulmuş əmanətləri qaytaracaq.


XS
SM
MD
LG