Leyla Əliyeva
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Rusiyanın «Mayak» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:3-cü hissə
2-ci hissə
1-ci hissə
Tuttı Larsen: Siz cavan gəlinsiniz. Yəqin ki, Sizə xoşdur ki, həyat yoldaşınız praktiki olaraq moda imperiyasının sahibidir. Sizin geyim stilinizə bunun bir təsiri oldumu, axı, Sizin paltar seçimi imkanlarınızın sərhədi yoxdur? Yoxsa, Siz geyim seçimində yalnız öz şəxsi zövqünüzə əsaslanırsınız?
Dmitriy Qluxovskiy: Mənə belə bir səhnə maraqlı olardı ki, necə Leyla Əliyeva mağazalarda bazarlıq edir.
T.L.: Mənə elə gəlir ki, Leyla mağazalara getmir.
D.Q.: Bəlkə də getmir.
Leyla Əliyeva: Sözün düzü, mən nadir hallarda Moskvada mağazalara gedirəm.
D.Q.: Birbaşa evə gətirirlər?
L.Ə.: Yox, evə də gətirmirlər. Moda ilə bütün qızlar maraqlanır. Amma mənim mağazaları gəzməyə, modanı izləməyə vaxtım qalmır. Geyim seçimim də dəyişməyib. Nə yaraşırsa, onu da geyirəm. Ona görə də mən deyə bilmərəm ki, xüsusi olaraq modanı izləyirəm.
T.L.: Şərq qadını gərək bir sıra məsələlərdəki məhdudiyyətləri qəbul etsin.
D.Q.: Ümumiyyətlə Siz özünüzü Şərq qadını hiss edirsinizmi?
L.Ə.: Bu yanlış təsəvvürdür ki, Şərq qadını nədəsə Qərb qadınından fərqlənir. Çünki Şərqdə də kifayət qədər müasir qadın var ki, qərblilərdən qətiyyən fərqlənmirlər. İnsanları gərək fərdi qaydada qiymətləndirəsən.
D.Q.: Siz özünüzü Şərq qadını saymırsınız?
L.Ə.: Mən Şərq və Qərb qadınlarında ümumiyyətlə fərq görmürəm. Azərbaycanda Avropadan qat-qat əvvəl qadınların səsvermə hüququ olub, 1918-ci ildə.
D.Q.: Siz Birinci Ledi olmasanız da, prezidentin qızı olmaq böyük məsuliyyətdir. Gərək özünü yaxşı aparasan, heç bir yanlış addım atmayasan. Gənclər təşkilatına da rəhbərlik etmək bu qəbilədəndir. Amma hərdən belə bir hiss keçirmirsinizmi ki, nəsə bir xuliqanlıq edəsən. Deyək ki, moda dizaynına başlayasan və yaxud nəsə bir iş görəsən ki, populyar olsun. Stella McCartney kimi.
L.Ə.: Dizayner olmaq və ya şəxsi təşəbbüskarlıq üçün heç də xuliqanlıq vacib deyil. Sadəcə olaraq, mən peşəkarlıq tərəfdarıyam və mənim peşəkar dizayner təhsilim yoxdur. İstəməzdim ki, bu işlə yalnız onun dəbdə olduğuna görə qol qoyum.
D.Q.: Geriyə Londona, Sant-Martinə qayıtmaq ürəyinizdən keçmir?
L.Ə.: Yox.
D.Q.: Bəs Sizin aləminizdə xuliqanlıq etmək nədir? Məsələn, mühafizədən qaçıb həftəsonuna təyyarəylə hansısa bir uzaq adalara gedəsən...
L.Ə.(gülürlər): Bunu etmək olar, hə...
T.L.: Yeni insanlarla tanış olmaq, yeni dost tapmaq çətindirmi? Baxmayın, Sizin kimin nəvəsi, kimin qızı olduğunuzu, hansı ailədən gəldiyinizi biləndə istər-istəməz adamların Sizə münasibəti obyektivlikdən uzaq ola bilər. İnsanlar Sizinlə münasibətlərində nə dərəcədə səmimi olurlar? Siz yaltaqlığı səmimilikdən necə ayırırsınız?
L.Ə.: 12 yaşımdan Londonda yaşamışam deyə insanları tanımağı öz təcrübəmdən öyrənmişəm. Bu mənə çox kömək edir. Bəzən adamlar elə bilir ki, mən başa düşmürəm, amma əslində mən onların təsəvvür etdiyindən qat-qat çox şeyi dərk edirəm. Odur ki, mən insanlardan çox yaxşı baş çıxara bilirəm, baxmayaraq mənim ünsiyyət dairəm çıx dardır. Belə də isə, mən istənilən adamla onun ictimai mövqeyindən asılı olmayaraq ünsiyyət qura bilirəm.
T.L.: Dediniz ki, insanları tanımağı öyrəndiniz. İnsanları tanıyandan sonra onlara münasibətiniz dəyişdimi, ümumilikdə götürəndə insanları sevirsiniz, yoxsa onlardan çəkinirsiniz?
L.Ə.: Mən insanları sevirəm. Kiminsə qeyri-səmimiliyi və yaxud başqasına mənfi münasibəti varsa, yəqin ki, bunu onların zəifliyi, daxili təlatümləri ilə izah etmək olar. Ona görə də belələrinə qəzəblənmək yox, iltifat göstərmək lazımdır.
T.L.: Dinləyicilərimiz soruşur, Azərbaycan dili nə dərəcədə mürəkkəb dildir və Moskvada bu dili harada öyrənmək olar?
L.Ə.: Azərbaycan dili çox da mürəkkəb deyil. Amma rusdilli adam üçün fonetik cəhətdən çətin ola bilər. Mənim məqsədlərimdən biri də, AMOR təşkilatı çərçivəsində Moskvada Azərbaycan məktəbinin yaradılması olacaq. Hazırda Moskvada 157 saylı məktəb var, Azərbaycan təmayüllü məktəbdir, amma tədris rus dilindədir. İstərdim ki, həm Azərbaycan, həm də rus dili olan ikinci bir məktəb yaradılsın, ayrıca linqvistik sinifləri olsun.
D.Q.: Bizim internet səhifəsinin istifadəçiləri soruşurlar, Siz Azərbaycan diasporu arasında rus dili və rus mədəniyyətini təbliğ edirsinizmi, onların inteqrasiyasına köməklik göstərirsinizmi?
L.Ə.: Bəli. Bu çox vacib məsələdir. Çünki hansı ölkədə yaşayırsansa, həmin ölkənin dilini bilməyə borclusan. Rus dili çox zəngin və gözəl dildir. Amma bizim gənclərin dil problemi yoxdur, çünki Azərbaycanda demək olar ki, hamı rus dilində təmiz danışır. Qeyd etmək lazımdır ki, Azərbaycan post-sovet məkanında yeganə dövlətdir ki, məktəblərdə rus dilinin tədrisi əvvəlki kimi tam həcmdə saxlanılıb. Bizdə hətta Dövlət Slavyan Universiteti fəaliyyət göstərir.
D.Q.: Şəxsən Siz istərdinizmi Azərbaycan dili əvvəlki kimi rus əlifbasına keçsin? Sizə hansı əlifba rahatdır, latın, yoxsa kiril?
L.Ə.: Mənə latın əlifbası daha rahatdır, mən ingiliscə oxumuşam.
T.L.: Bəli, Londonun fəsadıdır. Leyla, Sizin bu yaxınlarda ana olduğunuzu bilirdim, amma boynuma alım ki, əkiz uşaq anası olduğunuzu bilmirdim. Birdən-birə 2 oğlan uşağı – bu əlbəttə böyük möcüzə, böyük səadətdir. Ana rolunda özünüzü necə hiss edirsiniz?
L.Ə.: Həqiqətən də bu ən gözəl hisslərdəndir. Çünki bilirsən ki, iki gözəl körpən var, evə gələndə onlarla oynaya bilərsən, onlarla birgə ola bilərsən. Yəqin ki, hələ də özümü tam olaraq ana hiss edə bilmirəm, çünki onlar hələ lap körpədirlər, cəmi dörd aylıqdırlar.
D.Q.: Hələ ki, «interaktivlik» yoxdur...
L.Ə.: Yox hələ, təzəcə başlayıblar gülümsəməyə.
L.T.: 4 ay əvvəl 2 uşağı dünyaya gətirən bir qadının Sizin kimi incə qalması ağlasığmazdır. Qamətiniz dəhşətli dərəcədə gözəl qalıb. Buna necə nail olubsunuz. İdmanla məşğulsunuz, yoxsa genetik cəhətdən bəxtiniz gətirib.
L.Ə.: Genetik cəhətdən bəxtim gətirib. Siz hələ mənim anamı görməmisiniz.
D.Q.: Mən görmüşəm, əlbəttə canlı yox, fotolarda. Mehriban Əliyeva olduqca gözəl qadındır.
L.Ə.: Amma idmanla da məşğul olmaq lazımdır. Mən məşğul oluram.
T.L.: Bütün bunlara vaxtı haradan tapırsınız. Gününüzü saatbasaat planlaşdırırsınız?
L.Ə.: Bəli, vaxt tapmaq çətindir. Amma digər tərəfdən də bekarçılığa vaxt qalmır...
D.Q.: Bəs gününüzü kim planlaşdırır, saat 9-da yuxudan oyanmalı, 9.40-da idman və sair. Bunu Sizin üçün kimsə edir, yoxsa özünüz məşğulsunuz?
L.Ə.: Əlbəttə özüm.
T.L.: Bəs istərdinizmi bunu kimsə Sizin əvəzinizə etsin, Siz isə rahatca uzanıb dincələsiniz?
L.Ə.: Yox, çünki mənim əvəzimə bunu məhz mən istədiyim kimi heç kim edə bilməz. Əgər istəyirsənsə hər şey ürəyincə olsun, gərək özün edəsən.
D.Q.: Belə bir sual, ümumiyyətlə özünüzü azad hiss edirsinizmi?
L.Ə.: Hansı mənada?
D.Q.: Ümumiyyətlə nəzərdə tuturam. Azadlıq axı subyektiv anlayışdır...
L.Ə.: Azadam, bəli. Bu hiss məndə həyatımın lap əvvəlindən olub. Mənim tərbiyəm elə olub, hər şeydə həmişə seçim azadlığım olub.
T.L.: Biz dünən «Maraqlar keşiyində» adlanan verilişimizdə «evdar qadınlar» mövzusunda müzakirə aparırdıq. Məlum oldu ki, Rusiyada hər iki kişidən biri arvadını evdar qadın görməyə üstünlük verir. Qadınların isə 90 faizi istəmir ki, onların əri evdar olsun, harasa gedib kişi işi ilə məşğul olmasını istərdi. Siz özünüzü belə bir rolda təsəvvür edirsinizmi ki, 10 il 15 il keçəndən sonra işləməkdən təngə gəlib çəkiləcəksiniz evə, başlayacaqsınız uşaqları tərbiyə etməyə, yemək bişirməyə, bağa qulluq etməyə?
L.Ə.: Təsəvvür etmirəm, yox. Mən ümumiyyətlə evdə otura bilmirəm. Bircə gün evdə qalanda hiss edirəm ki, harasa çıxmalıyam. Mən ümumiyyətlə məşğuliyyətsiz qalmağı bacarmıram.
T.L.: Bu, yenə də, tərbiyənizin nəticəsidir, yoxsa xasiyyətiniz belədir.
L.Ə.: Xasiyyətim belədir. Digər tərəfdən, evdə qalıb evin qayğıları ilə məşğul olmaqda da qəbahətli bir şey yoxdur. Əksinə evdarlıq hər hansı bir işdən də ağırdır.
D.Q.: Siz evinizdəki otaqların sayını bilirsiniz?
L.Ə.(gülürlər). Belə, əzbər bilmirəm, yox. İki yataq otağı var, bir uşaq otağı.
D.Q.: Görürım, hər halda ikiotaqlı mənzil deyil.
T.L (D.Q.-ya deyir).: Səni də, elə ancaq maddi şeylər maraqlandırır.
D.Q.: Maraqlıdır da. Həm də siyasətçinin qiymətləndirilməsinin belə bir yolu var. Soruşursan ki, dükanda çörəyin qiyməti neçəyədir, bilirmi? Bununla da müəyyən etmək olur ki, siyasətçi nə dərəcədə xalqa yaxındır və ya uzaq.
T.L.: Tez-tezmi səyahət edirsiniz? Dediniz ki, Londonu sevirsiniz. Bəs başqa hansı ölkəyə səfər etməyi sevirsiniz?
L.Ə.: Əlbəttə Azərbaycan. Çünki mən Bakını olduqca sevirəm, xüsusilə yay aylarında. Və belə alınır ki, hər 20 gündən bir mən ora uçuram. Ümumiyyətlə isə hər iki həftədən bir mən harasa səfər edirəm. Bu çox yorucudur. Bakıda yaşamadığımdan harasa getmək seçimi olanda həmişə Bakını seçirəm. Ora çox maraqlıdır. Xüsusilə yayda, dənizdə çimmək olar.
D.Q.: Sabah İlham Əliyevin Moskvaya işgüzar səfəri nəzərdə tutulub. Atanızla görüşəcəksinizmi?
L.Ə.: Bəs necə...
D.Q.: Bəs onu rəsmi görüşlərdə müşayiət edəcəksinizmi?
L.Ə.: Hələ ki, proqramla tanış deyiləm.
D.Q.: Görəsən, o işini planlaşdıranda Sizin də adınızı protokola daxil edir?
L.Ə.: Bilmirəm, bunun necə baş verməsindən xəbərim yoxdur.
T.L.: Yəqin sadəcə zəng edir, vəssalam.
D.Q.(gülürlər): Onun mobil telefonu varmı?
L.Ə.: Var.
D.Q.: Mənə maraqlıdır. Axı prezidentlərin də mobil telefonları olmalıdır. Təsəvvür edin, nömrəni yığanda səhvən Rusiyanın prezidenti Medvedevə düşürsən. Prezident cavab verir, sən kimsən deyir. Bəs sən kimsən...
T.L.: Mən təəssüf ki, Bakıda olmamışam. Amma eşitmişəm ki, çox Avropasayağı, müasir, şəhərdir. Rəngarəng olmalıdır, çünki dənizin kənarındadır, müxtəlif millətlər yaşayır. Bakının ən çox hansı tərəfini sevirsiniz?
L.Ə.: Doğru dediniz. Əvvəla, qonaqpərvərlikdir. Bakıya gələn hər kəs bunu dərhal hiss edir. İkincisi isə onun çoxmillətli olması olduqca vacibdir. Müxtəlif millətlərdən olan insanların birgə və əmin-aman həyatını görmək həmişə xoşdur. Və bir də mənim xoşuma gələn odur ki, hər dəfə ora gedəndə görürsən ki, nəsə dəyişib. İndi bizdə binalar kənardan işıqlandırılır, yeni muzeylər açılır, tarixi abidələr bərpa olunur. Və hətta mən, baxmayaraq ki, hər ay ora gedirəm, amma hər dəfə gələndə belə təsəvvür yaranır ki, yeni bir şəhərə gəlmisən. Ora səfər edən hamı buna diqqət edir.
T.L.: Bəs Bakıda olanda nəyi daha çox sevirsiniz, şəhərdə gəzməyi, restorana getməyi, dostlarınızla görüşməyi, gəmidə gəzməyi, yoxsa nəyi?
L.Ə.: Hər şeydən çox yayı, dənizə getməyi, gündə qaralmağı sevirəm.
D.Q.: Məncə Bakının özündə dəniz çimmək üçün o qədər də yaralı deyil, hər halda limandır və sair.
L.Ə.: İndi dəniz çox təmizdir. Xüsusi dövlət proqramı həyata keçiriləndən sonra bütün su 100 faiz təmizləndi.
T.L.(gülürlər): Prezidentin qızı çimirsə, sən də suya ürəkli girə bilərsən.
D.Q.: Bəs Bakı ətrafında çimməyə plyaj varmı?
L.Ə.: Nabran var, adamlar ora gedirlər. Ümumiyyətlə bizdə çoxlu gözəl rayonlar var. Xüsusilə dağlar qoynunda olanlar. Sonuncu dəfə biz getmişdik, Qəbələ adlanır. Elə havası var ki, bütün dünyada tayı-bərabərini tapmazsan.
D.Q.: Bəs mövsüm nə vaxt başlayır?
L.Ə.: Oranın dincəlmək üçün üstün tərəfi də odur ki, qışda qarı var, yayda isə isti olur. Başqa sözlə, bütün il boyu mövsümdür.
T.L.: Bəs Bakıda nə içirlər, müxtəlif konyaklar?
L.Ə.: Konyak, şərab. Hər yerdə olduğu kimi.
T.L.: Bəs milli içkilərdən?
L.Ə.: Bizim çox dadlı qırmızı şərabımız var.
T.L.: Şirin?
L.Ə.: Hə, şirin.
D.Q.: Və çox effektiv konyakları var onların...
T.L.: Doğrudan?
L.Ə.: Bilmirəm, dadmamışam.
D.Q.: Bəs rusiyalılara ora getməyə viza tələb olunur?
L.Ə.: Məncə elə yerindəcə viza almaq olar.
T.L.: Leyla, heç olurmu ki, yorulursunuz. Belə olanda necə dincəlirsiniz?
L.Ə.: Elə anlar olur ki, əlbəttə yorulursan, bəli. Amma bir şey də hiss etmişəm ki, nə qədər çox dincəlirsənsə, bir o qədər də çox yorulursan. Mənim həmişə işim çox olur. Çox az yatıram. Gec yatıb, tez oyanıram.
D.Q.: Necə saat?
L.Ə.: 5-6 saat.
D.Q.: Ehtiyatlı olun, Lenin də belə idi, sonu çox pis oldu. Napoleon da Vaterlo döyüşünə yatıb qalmışdı. Kosmonavtlar kimi 8 saat lazımdır.
T.L.: Sizə qibtə edirəm. Mən də istərdim az yatmağı bacarım. Studiyamıza gəldiyinizə görə təşəkkür edirik. Gəldiniz, özünüzlə bura isti, işıq gətirdiniz. Ümid edirəm ki, sabah atanızla protokoldankənar görüşməyə imkan tapılacaq.
Müsahibənin 1-ci və 2-ci hissələri ilə burada tanış ola bilərsiniz
1-ci hissə
2-ci hissə
“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.