Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:57

«Donuz qripi» birjaları təşvişə salıb


Meksika hökuməti «donuz qripi»ndən ölənlərin sayının 100-dən çox ola biləcəyini bildirməsindən sonra vəziyyətin ciddiliyi ortaya çıxıb
Meksika hökuməti «donuz qripi»ndən ölənlərin sayının 100-dən çox ola biləcəyini bildirməsindən sonra vəziyyətin ciddiliyi ortaya çıxıb
Bütün dünyada bu həftə pandemiyaya qarşı yeni hazırlıq tədbirlərinə həsr olunub. Meksika hökuməti «donuz qripi»ndən ölənlərin sayının 100-dən çox ola biləcəyini bildirməsindən sonra vəziyyətin ciddiliyi ortaya çıxıb.

Dünya Sağlamlıq Təşkilatının yaydığı məlumata görə, yayılan virus «donuz qripi» adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – «donuz qripi», «quş qripi» və «insan qripi».

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələlər ağrıyır, quru öskürək müşahidə olunur. Amma «quş qripi»ndən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

«Donuz qripi»nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, «quş qripi»nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar «donuz qripi»nə yoluxanlara da müsbət edir. Xəstəliyi vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

«Donuz qripi» dünyanın ən iri meqapolisi olan – 20 milyon insanın bir arada yaşadığı Mexikoda qeydə alınıb. Artıq 1300-dən çox yoluxma halı və 100-dən çox ölüm faktı qeydə alınıb.

Bəziləri Mexikoda xəstəliyin epidemayaya çevrilməsinin səbəbi kimi, burdakı həkimlərin düzgün diaqnoz qoya bilməməsini göstərirlər. Ancaq bazar günü Meksika prezidenti Felipe Kalderon əhaliyə müraciətində xəstəliyin ciddiliyi haqda danışsa da, camaatı sakitləşdirmək üçün onu da deyib ki, təşvişə düşmək lazım deyil - xəstəliyin müalicəsi var.

«Biz, çox ciddi – amma müalicəsi olan xəstəlikdən danışırıq. Xüsusən də vaxtında üstünə düşülsə... Mexikoda belə hallar qeydə alınsa, mübarizə aparmaq üçün yetərincə dərmanımız var».

Artıq uzun illərdir ki, dünya alimləri donuz ya da quş qripinin mutasiyaya uğrayıb insana keçə bilən növünün bütün dünyada yayılıb - pandemiyaya səbəb olacağıyla bağlı xəbərdarlıq eləyirdilər.
Bu xəbərdarlıqlara qulaq asan bəzi ölkələr xəstəliyi sağalda biləcək dərman ehtiyatları toplayıblar. Məsələn, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları kimi.

Britaniyanın Səhiyyə naziri Alan Conson bu üzdən əhaliyə müraciətində deyib ki, kimsə narahat olmasın:

«Biz hər şeyə hazırlıqlıyıq. ELə Dünya Səhiyyə Təşkilatı da deyir ki, biz dünyada hazırlıqlı olan iki ölkədən biriyik. Bizim yarım milyard funt dəyərində qrip dərmanımız var. Və Mexikodan gələn yaxşı xəbərlər də odur ki, tamiflu kimi dərmanlar vaxtında müalicəyə başlayanda təsirli olur və xəstəliyi sağaldır».

ABŞ-ın Milli Təhlükəsizlik Katibi Canet Napolitano dünən ölkədə ictimai sağlamlıq fövqəladə vəziyyəti elan eləyib. Bu status dövlət agentliklərinə imkan verir ki, Tamiflu və Relenza kimi ehtiyatlarının 25 faizindən istifadə eləyə bilsin. Artıq ehtiyac olan ştatlara 12 milyon dozanın paylanması haqda göstəriş verilib.

Bu gün ABŞ Prezidenti Barak Obama ümummilli çıxışında yeni qriplə mübarizəyə hazır olduqlarını və pandemiyaya qarşı mübarizə üçün bütün imkanlarının olduğunu bəyan eləyib.
Obamanın camaatı sakitləşdirməyə yönələn bu açıqlamasına baxmayaraq, ölkənin bəzi agentlikləri vəziyyətin doğrudan da pis olacağıyla bağlı fikir yaratmaqdan çəkinmirlər.

Elm və İctimai Sağlamlıq Dövlət Mərkəzinin icraçı direktoru Enn Şuçat deyib ki, «donuz qripi»nin yayılmasından asılı olaraq Amerikada da ölüm hallarının ola biləcəyini istisna eləmirlər.

Artıq Nyu-Yorkda 8 tələbənin xəsətəliyə yoluxduğu təsdiqlənib. Kaliforniya, Kanzas, Texas və Ohayoda da 12 nəfər bu xəstəliyə yoluxub. Xəstəlik Kanadaya qədər də gedib çıxıb – burda 6 nəfərə «donuz qripi» diaqnozu qoyulub.

Bu gün Okeanın bu tayında - İspaniyada da dövlət rəsmiləri Meksikadan qayıdan bir vətəndaşda xəstəliyin qeydə alındığını təsdiqləyiblər.

Hətta Yeni Zelandiyada bu xəstəliyə yoluxmasından şübhə olunan bir neçə nəfəri xəstəxanaya yerləşdiriblər.

Azərbaycana gəlincə isə, aprelin 27-dən Dövlət Baytarlıq Xidməti Meksika və ABŞ-dan istənilən heyvan mənşəli məhsullarının gətirilməsinə qadağa qoyub. «Donuz qrip»i virusunun isə ölkədə heç bir əlamətinə rast gəlinməyib. Xidmətin mətbuat katibi Yolçu Xanvəli belə deyib.

5 il əvvəl «Çin qripi» adlandırılan SARS virusu pandemiyasından sarsılan Cənub Şərqi Asiya ölkələrində Meksika və ABŞ-dan qayıdan sərnişinləri elə hava limanındaca müayinə eləyib, qrip simptomları rastlanan adamları dərhal karantinə yerləşdirirlər.

Britaniyadan olan qrip mütəxəssisi doktor Con Mak Kaulinin fikrincə, əslində təyyarə ilə səyahət eləyən sərnişinlərin yoxlanılması realdır:

«Əslində pandemiyalar belə başlayır: yeni virus insanı yoluxdurur, insandan insana asanca keçə bilir və indiki müasir səyahət imkanlarıyla çox qısa bir vaxtda bütün dünyaya yayılır».

Elə Avropa Birliyinin Sağlamlıq Komissarı Androulla Vassilou da epidemiyanın yayıldığı ərazilərə səyahət eləməkdən çəkinməyə çağırıb.

Bununla yanaşı Avropa Birliyi «donuz qripi»ylə mübarizə tədbirlərinin müzakirə eləmək üçün aprelin 30-da səhiyyə nazirlərinin toplantısını keçirəcək.

«Donuz qripi» barədə xəbərlər Avropa və Asiya birjalarında da təşvişə səbəb olub. Avropa Birjaları ümumilikdə 2 faizə yaxın dəyər itirib. «Donuz qripi» üzündən birjalardakı növbəti çaxnaşmadan sonra dollar və yapon yeni digər valyutalara görə dəyər qazanıblar.
XS
SM
MD
LG