Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:00

Yağışlar təkcə taxılçılığa xeyir verib


«Bu il Azərbaycanın qərb bölgəsində 160 min ton taxıl məhsulu əldə olunacağı gözlənilir»
«Bu il Azərbaycanın qərb bölgəsində 160 min ton taxıl məhsulu əldə olunacağı gözlənilir»
«Bu il Azərbaycanın qərb bölgəsində 160 min ton taxıl məhsulu əldə olunacağı gözlənilir». Bu barədə «Azadlıq» radiosuna Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov məlumat verib. Bununla belə o, qeyd edib ki, gələn ay yağışlar yağsa, taxılı çürüdə bilər.

«İqlim şəraiti digər təsərrüfat bitkilərinə mənfi təsir etsə də, taxılçılığın məhsuldarlığı üçün bol yağış xeyirlidir. Lakin gələn ay aramsız yağışlar yağarsa taxılda çürümə gedə bilər. Lakin hələlik gözləntilər yaxşıdır». Z.Abbasov deyir ki, idarənin tərkibində olan rayonlar üzrə 65 min hektar sahəyə taxıl əkilib. Bu isə o deməkdir ki, 160 min ton taxıl məhsulu əldə olunacaq.

Z.Abbasov onu da bildirib ki, yağan yağışlar həm də meyvə ağaclarının tozlanmasına mane olub. Bu da qərb bölgəsində meyvələrin məhsuldarlığını 30 faizədək azaldıb. Ən çox ziyan armud ağaclarına dəyib:

«Bu il aramsız yağışlar, hətta bəzi yerlərdə şaxtanın olması təsərrüfat üçün elə də xeyirli olmadı. Çünki əksər tezyetişən, yəni yazlıq meyvələrdə tozlanma prosesi getmədi. Yaranmış iqlim şəraitinə görə, xüsusən gilas, şaftalı ərik və armud ağaclarının barı zəif olacaq».

Z.Abbasov gələn ay şaxtaların gözlənilmədiyindən meyvəçilik üçün elə bir təhlükənin olmadığını dedi.
XS
SM
MD
LG