Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:06

Mətbuatın sağlamlaşdırılması yolları…


YAP-ın icra katibi mətbuatın əxlaqi vəziyyətinin sağlamlaşdırılması üçün bəzi təkliflər verib
YAP-ın icra katibi mətbuatın əxlaqi vəziyyətinin sağlamlaşdırılması üçün bəzi təkliflər verib

Mütəxəssislər mediada sağlamlığı təmin etmək üçün bu sahədə sağlam inkişaf mühiti yaratmağı təkli edirlər


İqtidar təmsilçiləri və bəzi media qurumlarının rəhbərləri bu fikirdədirlər ki, mətbuatda vətəndaşların təhqir olunması halları çoxalıb, qəzetlərdən şantaj üçün istifadə olunur. Buna görə də cəmiyyətin, ölkənin inkişafına xidmət edəcək sağlam mətbuat yaradılmalıdır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) iyunun 20-də bu mövzuda dəyirmi masa da keçirib. YAP-ın icra katibi Əli Əhmədov mətbuatın əxlaqi vəziyyətinin sağlamlaşdırılması üçün bəzi təkliflər verib. Məsələn, təklif edib ki, Mətbuat Şurası (MŞ) tərəfindən ictimai nəzarət stimullaşdırılmalı, bu qurumun səlahiyyətləri artırılmalıdır. Yəni MŞ-ya qaydaları pozan qəzetlərə qarşı məhkəmə iddiaları qaldırmaq imkanı verilməlidir.


MŞ-nın səlahiyyətlərini artırmağı onun sədri Əflatun Amaşov bir müddət əvvəl təklif etmişdi. Cənab Amaşov bu səlahiyyətindən daha çox «reket qəzetlər»lə mübarizə məqsədilə istifadə edəcəyini deyirdi. İndi iqtidar partiyasının nümayəndəsi həmin təklifi dilə gətirir. Ancaq MŞ ictimai qurumdur, media mütəxəssisləri bu fikirdədir ki, onun səlahiyyətlərini genişləndirmək, məsələn, tutaq ki, Şuraya qəzet bağlamaq hüququ vermək onu siyasiləşdirəcək və hökumətin əlində bir alətə çevirəcək. Digər tərəfdən də, mətbuatı inzibati yollarla «sağlamlaşdırmaq» cəhdi daha çox qeyri-demokratik üsul-idarə tərzinin əlamətidir. Mütəxəssislər mediada sağlamlığı təmin etmək üçün ona sağlam inkişaf mühiti verməyin tərəfdarıdırlar.


MŞ-nın sədri Əflatun Amaşov bu fikirdədir ki, KİV haqqında Azərbaycan qanunvericiliyi liberaldır və medianın məsuliyyətini artırmaq üçün qanunvericilikdə düzəlişlər edilməlidir.


«525-ci qəzet»in baş redaktoru Rəşad Məcidsə, Azərbaycan mətbuatında belə deyək «qeyri-sağlam» vəziyyətin yaranmasını KİV haqqında qanuna 2001-ci ildə edilmiş düzəlişlərlə izah edir, belə ki, indi qəzet açmaq xeyli asanlaşıb. Cənab Məcidə görə, ictimai qınağın səmərəsini artırmaq üçün bir vasitə budur ki, MŞ əxlaq normalarını pozan qəzetlərin məsələsini məhkəmədə qaldıra bilər: «MŞ bir neçə dəfə müxtəlif qəzetlər haqqında qərar çıxarıb ki, onlar jurnalist etikasına zidd yazılar yazır. Bu qərarları hüquq-mühafizə orqanlarına göndərib. Ancaq həmin qəzetlər çıxmaqda davam edir».


«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, mətbuatda etik normaların pozulmasının yenidən gündəmə gətirilməsinin səbəbi «Azadlıq» qəzetində dərc edilən yazılar olub: «Bir vaxtlar Lider TV-də «Kuklalar» verilişi biz jurnalistlərin narazılığına səbəb olmuşdu. İndi o veriliş dayandırılıb. Ancaq «Azadlıq» qəzetində adını şair qoyan birisi «Kuklalar»ı əvəz etməyə başlayıb. Biz istəmirik ki, geriyə qayıdaq».


«Kuklalar» verilişi uzun müddət Lider televiziyasında yayımlanandan sonra, 2005-ci ildə parlament seçkisi öncəsi dayandırılıb.


Ancaq, məsələnin kökündə daha çox iqtisadi müstəqilliyin durduğunu düşünənlər də var. «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev düşünür ki, istər «reket jurnalistikası», istərsə də mətbuatda əxlaq normalarının pozulması məhz mövcud hakimiyyətin dövründə formalaşıb, səbəbsə odur ki, Azərbaycanda azad mətbuatın inkişafı üçün şərait, birincisi də iqtisadi mühit yoxdur: «Azərbaycanda qəzet buraxmaq biznes deyil, siyasi iradəni həyata keçirən bir təsir vasitəsidir. Yəni alətdir. Əgər Azərbaycanda normal qəzet buraxmaq üçün şərait olsaydı, hamı fikirləşərdi ki, normal qəzet buraxıb pul qazanım. Azərbaycanda hamı kiminsə sifarişlərini yerinə yetirir, o deyir filankəsi söy, bu deyir filankəs haqqında kompromat topla».


MŞ isə KİV-lərin iqtisadi durumunu yaxşılaşdırmaq üçün dövlət proqramı hazırlanmasını təklif edir. Məsələn, bildirilir ki, dövlət qəzetlərə qrant ayırsın. MŞ sədri Əflatun Amaşov: «Biz Skandinaviya təcrübəsindən istifadə etmək istəyirik. Skandinaviyada siyasi mətbuat orqanları dövlət büdcəsindən maliyyələşir».


XS
SM
MD
LG