Almaniyada keçirilən 18-ci Dünya Çempionatında dörd Avropanın komandası qaldı. Almaniyadan başqa, qalan üç yığmayla – həm Portuqaliya, həm İtaliya, həm də Fransayla Azərbaycanın futbol yığması qarşılaşıb. Bunlardan Fransa Azərbaycana ən böyük hesablı məğlubiyyəti yaşadıb, Zidan və komandası 98-ci ildə Dünya Çempionu olmağa gedən yolda Azərbaycana bir oyunda 10 qol vurmuşdu. Portuqaliya yığması ilə bağlı xatirələr isə, daha xoşdur, çünki bu gün yarımfinala çıxan Fiqu və komandası AVRO-2000-nə gedən yolda Bakıda iki günə keçirilən oyunda ancaq əlavə olunmuş dəqiqədə 10 nəfərlə qalan Azərbaycan yığmasının qapısına qol vura bilmişdi. Bu da var ki, o qolu vurub 1-1-lik heç-heçəyə uşaq kimi sevinən portuqallar «ev»də 7 qolla Azərbaycandan əvəz çıxmışdılar. Əslində, bu siyahını uzatmaq da olar, çünki Dünya Çempionatına qatılan komandalardan ancaq bu üçlüklə yox, digərləri - Serbiya-Çernoqoriya, İngiltərə, Polşa, İsveçrə, Ukrayna, İsveç kimi komandalarla da Azərbaycan nə vaxtsa mübarizə aparıb və heç-heçə etdiyi və ya udduğu vatlar da olub.
Amma maraqlısı budur ki, əgər Toqo, Anqola, Səudiyyə Ərəbistanı, Trinidad-Tobaqo və Ekvador kimi yığmaların qatıldığı çempionatda Azərbaycan olsaydı, nə edə bilərdi?
Yığmanın indiki baş məşqçisi Şahin Diniyev bu müqayisəni ümumiyyətlə, absurd adlandırır: «Biz Ukraynayla çempionatdan öncə 0-0 heç-heçə etmişiksə, bu o demək deyil ki, orda olsaydıq, dördə bir finala qədər irəliləyərdik. Amma istənilən halda, mənim fikrimcə, bir neçə komandayla başa-baş mübarizə aparmaq olardı».
Yığmanın keçmiş çalışdırıcısı Vaqif Sadıqovsa, hesab edir ki, Azərbaycan yığması heç də Toqo, Anqola, Səudiyyə Ərəbistanı və Trinidad-Tobaqodan elə də zəif deyil. Sadəcə, yarışdığı qitə baxımından, onların bəxti daha çox gətirib.
Cənab Sadıqov Azərbaycan və bu çempionata qatılıb, elə də uğur əldə edə bilməyən komandalar arasında fəqrli məqamların olduğunu da düşünür. Onun fikrincə, məhz bu fərq üzündən Azərbaycan Dünya Çempionatına ancaq baxır, başqaları isə orda oynayır: «O komandalar ehtiyat qüvvə və potensial baxımından Azərbaycandan çox üstündürlər. Biz ancaq belə ehtiyat qüvvə yaratmaqla qısa vaxtda eyni uğuru təkrarlaya bilərik».
Azərbaycan yığmasının indiki çalışdırıcısı Şahin Dinyevin fikrincə isə, ehtiyat qüvvədən əlavə, sadalanan ölkələr və Azərbaycan futbolu arasında olan bir fərq də peşəkarlıq səviyyəsidir. Baş məşqçi düşünür ki, nə qədər istedadlı olsa da, professional olmayan, işinə peşəkar yanaşmayan oyunçularla ancaq bir neçə oyunu yüksək səviyyədə keçirmək olar: «Azərbaycan futbolçularının bəlası professionallığın olmamasıdır. Bu olmayanda, istedad və başqa faktorlar hesabına tutalım, bir ay yüksək səviyədə oynayıb, məsələn, Dünya Çempionatındakı 32 komandadan 8-ni udmaq olar. Amma peşəkarlıq olmasa, stabillik yaranmayacaq, bunun ardı gəlməyəcək və uğurlar təsadüfi olacaq».
Yığmanın çalışdırıcısı deyir ki, Dünya Çempionatının artıq geridə qalan 60 oyununa baxandan sonra əmin olub ki, yaratmaq istədiyi komanda düzgün inkişaf istiqamət seçib: «Birincisi, bu çempionat göstərdi ki, məhz bizim oynamağa çalışdığımız kollektiv komanda oyunu daha çox uğur qazanır. Ulduzlar heç nəyi həll etmir. İkincisi də, uğur qazanan komandalar orta və qısa ötürmələrlə oynayıb, hücumda da, müdafiədə də bütün komandayla mübarizə aparırlar. Demək düzgün yoldayıq».
Azərbaycan yığması AVRO-2008-ə çıxmaq üçün Portuqaliya, Serbiya-Çernoqoriya və Polşayla mübarizə aparacaq.
Şahin Diniyev gözəl oyun göstərib, sonadək mücədilə edəcəklərini bildirir. Yığmanın keçmiş çalışdırıcısı Vaqif Sadıqovsa, heç olmasa Ermənistan və Qazaxıstanı geridə qoyub, başqalarıyla az-çox normal oyun göstərməyə ümid etdiyini deyir. Yeniləşən Azərbaycan yığması Dünya Çempionatından nə öyrənib, artıq avqustda bilinəcək. Almaniyada dördə bir finala qədər gedən Ukraynayla yoldaşlıq oyununda...