«Amnesty International» Beynəlxalq Hüquq-Müdafiə Təşkilatı Azərbaycanda söz azadlığının getdikcə pisləşməsindən, jurnalistlərin döyülməsi və öldürülməsi ilə bağlı halların araşdırılmamasından narahatdır. Bunu təşkilatın Bakıda səfərdə olan Azərbaycan və Ermənistan üzrə tədqiqatçısı Lorens Broers bildirir. Cənab Broers iyulun 11-də jurnalistlərlə görüşündə əlavə edib ki, təmsil etdiyi təşkilat hökumətin jurnalistlərin döyülməsi, həbs olunması ilə bağlı faktları təcili araşdırmasını istəyir: «Elmar Hüseynovun öldürülməsindən başlamış Sakit Zahidovun həbsinədək baş verənləri izləyəndə Azərbaycanda söz azadlığının pisləşdiyini görürük. Bu, bizi çox narahat edir. Nə qədər ki, Elmar Hüseynovu qətlə yetirənlər məlum deyil, nə qədər ki, belə hallar tam və hərtərəfli araşdırılmayıb və ölçü götürülməyib, bu, Azərbaycanda cəzasızlığa, növbəti döyülmələrə və təqiblərə imkan yaradır. Mütləq belə halları araşdırmaq lazımdır ki, söz azadlığının pisləşməsinin qarşısı alınsın».
Lorens Broers bildirir ki, ölçü götürülməsə, «Amnesty International» söz azadlığının vəziyyəti ilə bağlı təkrar bəyanatla çıxış edə bilər.
Ermənistan və Azərbaycan üzrə tədqiqatçının qənaətincə, qonşu ölkədə də mətbuat azadlığı ilə bağlı problemlər var. Amma cənab Broers deyir ki, erməni jurnalistləri son zamanlar azərbaycanlı həmkarları Bahəddin Həziyev və Fikrət Hüseynli kimi açıq-aşkar təzyiqlərlə üzləşməyiblər.
Mətbuat Şurasının üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov «Amnesty International» nümayəndəsinin dedikləri ilə razılaşmır. Deyir ki, Elmar Hüseynovun qətlə yetirilməsi və Bahəddin Həziyevin döyülməsi ilə bağlı cinayət işi açılıb, istintaq gedir və hökumət bu hadisələrin üstünün açılmasında maraqlıdır.