«Böyük Səkkizlər» Sankt-Peterburqda keçirdiyi zirvə görüşünün yekununda bəyanat yayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 2006-cı ilin mühüm olduğunu vurğulayıb. Bəyanatda münaqişə tərəfləri öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırılır.
Buna bənzər çağırışlar əvvəllər də olub, digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri «Böyük Səkkizlər»in üzvüdür. «Böyük Səkkizlər» iqtisadi gücü və nüfuzu baxımından Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərə bilər?
Xarici İşlər Nazirliyi (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, əslində, «Böyük Səkkizlər»in bəyanatına Minsk Qrupunun bəyanatının təkrarı kimi baxmaq lazımdır. Yəni, hər iki bəyanatda Azərbaycan və Ermənistan hakimiyyətləri siyasi iradə göstərməyə, öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırılır: «Bu bəyanat bir tərəfdən, Qarabağ münaqişəsinə beynəlxalq diqqətin artdığını göstərir. Bu, çox müsbət haldır. Ancaq mənfi olan odur ki, yenə təcavüzkarla, təcavüz qurbanına fərq qoyulmur».
Cənab Tağızadə deyir ki, hər iki bəyanatda tərəflərin üzərinə böyük məsuliyyət qoyulur. Onun sözlərinə görə, əgər Minsk Qrupu vasitəçiliyini gücləndirməsə, tərəflərdən radikal dəyişiklik gözləmək düzgün deyil.
Müstəqil təhlilçilər də hesab edirlər ki, nə qədər ki, münaqişənin sülh yolu ilə həlli tərəflərin öz öhdələrinə buraxılacaq, danışıqlar irəli getməyəcək. «Ayna» və «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov deyir ki, indi nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi öz xalqını kompromislərə hazırlamaq niyyətində deyil. Onun sözlərinə görə, bunun da çox sadə səbəbləri var. Çünki Ermənistan və Azərbaycan rəhbərliyi gözəl anlayır ki, nə ATƏT-in Minsk Qrupunda, nə də «Böyük Səkkizlər» arasında Qarabağ münaqişəsiylə bağlı vahid mövqe yoxdur. Bu da istər-istəməz münaqişə tərəflərinə öz mövqelərində israr etməyə geniş imkan yaradır. Başqa tərəfdən, cənab Mirqədirov bildirir ki, Minsk Qrupuna nisbətən «Böyük Səkkizlər»də dünyanın daha çox güc mərkəzləri bir araya gəlibdir. Ona görə də «Böyük Səkkizlər»in Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırması sülh prosesini xeyli sürətləndirə bilər. Ancaq onun sözlərinə görə, Sankt-Peterburqda keçirilən zirvə toplantısı göstərdi ki, «Böyük Səkkizlər»i Yaxın Şərqdəki münaqişələr MDB məkanındakı münaqişələrdən daha çox narahat edir: «Yadınızdadırsa Buxarest görüşü ərəfəsində belə bir fikir var idi ki, əgər «Böyük Səkkizlər»in görüşünə qədər razılıq əldə edilərsə, onda həmin dövlətlər Qarabağ münaqişəsinin nəticəsinin aradan qaldırılmasına maliyyə yardımı edəcək. Bəyanatda bu heç xatırladılmadı da».
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə, deyir ki, ABŞ və Rusiyanın eyni mövqedən çıxış etməsi kifayətdir ki, Qarabağ münaqişəsində ciddi dönüş əldə edilsin. Onun sözlərinə görə, Birləşmiş Ştatlardan fərqli olaraq Rusiya hələ də Qafqazdakı münaqişələrin həllində kifayət qədər maraqlı deyil. Üstəlik cənab İsmayıl hesab edir ki, Qərbin Qarabağ münaqişəsinin həllində maraqlı olması hələ onların tam şəkildə Azərbaycanın mövqeyini müdafiə etməsi anlamına gəlmir. İlham İsmayıl deyir ki, Azərbaycan hakimiyyəti münaqişənin həlli üçün əlverişli şəraitin yetişməsini gözləmədən daxildə çox ciddi islahatlara getməli, ölkəni həm iqtisadi, həm də siyasi cəhətdən gücləndirməlidir. Əks halda, Qarabağ münaqişəsinin ədalətli şəkildə həllini gözləmək sadəlövhlük olardı: «İndi güclü və sivil dünya ilə ancaq onun dilində danışan ölkələr müdafiə edilir. İslahatlar geciksə sivil dünyadan nəsə ummağın əhəmiyyəti olmayacaq».