İyulun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi başladı. Təqsirləndirilənlərdən biri Aslanbek Çintamirovun vəkili Həzi Məmmədov vəsatət qaldıraraq, məhkəmədən Hacı Məmmədovun saxlandığı Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından Bayıl təcridxanasına köçürülməsini təmin etməyi xahiş etdi. Vəkilin sözlərinə görə, bu yerdəyişmə sabiq əməliyyat müvəkkilinin bildiklərinin hamısını deməsinə səbəb ola bilər: «Hacı Məmmədov suyun üzündəki kiçik balıqdır. Akulalar isə, suyun dərinliyindədir».
Təqsirləndirilən Hacı Məmmədov vəsatətə münasibət bildirərək, saxlandığı təcridxananın dəyişdirilməsinə ehtiyac duymadığını bildirdi. O, həmçinin özünə qarşı heç bir təzyiq olmadığını da dedi. Təqsirləndirilən şəxsin çıxışından sonra məhkəmə vəkilin vəsatətini rədd etdi.
Rədd olunan digər bir vəsatət isə, Daxili İşlər naziri Ramil Usubov və Baş nazirin sabiq müavini Abbas Abbasovun şahid qismində məhkəməyə çağırılması barədə oldu. Bu vəsatəti təqsirləndirilənlərdən biri - Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli verdi. Onun sözlərinə görə, 1995-ci ildə hüquqlarını müdafiə etdiyi Kamil Sədrəddinov Daxili İşlər nazirinin göstərişi ilə başqa ad altında Rusiya Federasiyasına ezam edilsə də, həmin tarixdə törədilən müxtəlif cinayətlərdə ittiham edilir. Nazir məhkəməyə gəlib bunu təsdiq edərsə, onda Kamil Sədrəddinovun təqsirsizliyi sübut edilər. Hakim Əli Seyfəliyev isə, hələ ki, Ramil Usubovun dindirilməsinə ehtiyac olmadığını söylədi. Cənab Gərəkməzli deyir ki, hakim vəsatəti rədd etməklə, Kamil Sədrəddinovun müdafiə imkanını əlindən alıb: «Bu, Kamil Sədrəddinovun sübutudur. O, həmin tarixdə Bakıda olmayıbsa, paytaxtda necə cinayətlər törədə bilərdi? Bu məsələ araşdırılmalıdır».
Digər təqsirləndirilən – Elçin Əliyevin vəkili Elton Quliyev isə deyir ki, istintaq yarımçıq aparıldığından bir sıra qaranlıq mətləbələrə aydınlıq gətirilməyib. Onun sözlərinə görə, hakim Əli Seyfəliyev ittiham tərəfinin mövqeyini müdafiə edib, 30-a yaxın vəkilin arqumentlərini nəzərə almamaqla məhkəməyə bəslənən ümüdləri puça çıxarır: «İndi Bakıda iki «svetafor»u bir-birinin ardınca qırmızı işıqda keçmək mümkün deyil. Bəs 10 il ərzində bir-birinin ardınca baş verən bu cinayətlərin qarşısı niyə alınmayıb? Bu suala məhkəmədə cavab verilməsə, hərə onu özü bildiyi kimi dəyərləndirəcək…»
Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə üzvləri ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs ediliblər. İstintaq Daxili İşlər Nazirliyinin bir sıra yüksək rütbəli zabitlərinin də Hacı Məmmədovla bağlı olduğunu və ölkədə çox sayda səs-küylü qətl və adam oğurluqlarının məhz onlar tərəfindən törədildiyini bildirir.