Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:35

Gül Bayramına hazırlıqlar başladı


Mayın 10-da Bakıda keçiriləcək Gül Bayramı daha çox mərkəzdəki Heydər Əliyev adına parkda hiss olunur. Belə ki, aprelin 25-dən park dörd tərəfdən çəpərlənib, Milli Bank və Heydər Əliyev sarayı istiqamətlərindən parka çıxan yeraltı keçidlər bağlanıb.

10 MAYA KİMİ POLİS NƏZARƏTİNDƏ

Parkda gedən hazırlıq işlərini yaxından izləmək üçün bu maneələri aşıb, parka daxil ola bilirik. Amma çox keçmir ki, parkdakı polislər bura girişin qadağan olduğunu xatırladıb, bizi parkdan çıxarmağa çalışırlar. Polislərin deməsinə görə, park mayın 10-na kimi xüsusi nəzarətdə saxlanılacaq.

Amma polislərdən bir neçə dəqiqəlik çəkilişə aparmağa icazə ala bilirik.

Bizi bağdakı hazırlıq işləri ilə 8 aydır burada işləyən bağban Bəhram kişi tanış edir:

BİR ŞİTİLİ 1-2 DOLLARA OLAN «HEYDƏR ƏLİYEV GÜLÜ»


«Burdakı bütün güllər Hollandiyadan gətirilib. Zanbaqların müxtəlif növləridir. Burada «Pobeda» gülü də var, «Heydər Əliyev» gülü də. Gülün bir şitili 1-2 dollardır. 3-4 treyler gül şitilləri qutularda gətirildi. Hər bir qutunun üstünə güllərin adını yazmışdılar. Bu güllər quruyandan sonra onu çıxarıb, xüsusi yerlərdə gələn ilə kimi saxlayacağıq. Bu güllərə bilirsiz nə qədər qulluq edirik? Səhər saat 8-dən axşam saat 4-ə kimi 15 nəfər işçi bu güllərə qulluq edir».

Bəhram kişi ayda 200 manat əmək haqqı aldığını deyir və söhbətini yekunlaşdırdıqdan sonra qayıdır iş başına.

Heydər Əliyev gülü
Parkda çalışanlardan kimi gülün dibindəki alaqları təmizləyir, kimi gülləri suvarır. Çox keçmir ki, parka icra hakimiyyətinə məxsus maşınlarla gül rəsmləri olan tablolar, taxtadan hazırlanmış müxtəlif dekorativ bəzəklər gətirilir.

«EYNİ GÜLLƏR YERLİ GÜLÇÜLƏRƏ DAHA UCUZ BAŞA GƏLİR»

Elə mərkəzi köşklərdən birində gül satışı ilə məşğul olan Ruslan Əliyev deyir ki, Hollandiyadan gətirilən zanbaq güllərini öz həyətlərində becərirlər:

«Həmin güllər Hollandiyadan gətirilir. Məsələn, biz də gətizdiririk, özümüz öz həyətimizdə yetişdiririk. Bu güllər daha çox qulluq sevir. Çox sulasan, yetişməyə bilər. Amma düzgün qulluq etsən, dərmanlasan, yaxşı yetişər. Gülün bir şitili bizə 50 qəpiyə başa gəlir. Zəhmət haqqı da satırıq da 80 qəpiyə, 1 manata. Çox alan olsa, 70 qəpiyə də satırıq».

Digər gül satıcısı isə deyir ki, onlar oxşar zanbaq gülünü Ağstafa rayonundan topdan daha ucuz qiymətə, ədədi 20-30 qəpiyə alırlar.

GÜL BAYRAMI ƏVƏZİNƏ «10 MAY» BAĞI

Bir neçə il əvvəl Milli Məclisin üzvü Gülər Əhmədova hər il 14-15 milyon manat vəsait xərcləyərək, «Gül bayramı» keçirilməsini məqsədəuyğun hesab etməyərək, bu bayramın ləğv olunmasını təklif etmişdi. Deputat hər il bu bayramı keçirməkdənsə, insanların rahat istirahət edə biləcəyi «10 May» bağı salınmasını təklif etmişdi.

10 may- keçmiş prezident Heydər Əliyev doğum günüdür. Artıq dörd ildir keçirilən gül bayramı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanovanın sözlərinə görə, hər il ənənəvi olaraq keçirilən bayrama bu il də xüsusi hazırlıq işləri gedir. Mayın 10-na kimi Bakının 11 rayonunda müxtəlif vaxtlarda bayram tədbirləri keçiriləcək. Mayın 10-da isə əvvəl Heydər Əliyev Parkında, daha sonra isə Milli Parkda atəşfəşanlıq olacaq. Bayramın keçirilməsinə sərf olunacaq vəsaitə gəlincə, Nuranə Mərdanova bu barədə məlumatı olmadığını bildirdi.

Natiq Cəfərli. Foto: AFU
«ASTRONOMİK RƏQƏMLƏR SƏSLƏNDİRİRLƏR...»


İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, dövlət büdcəsindən vəsaitlərin hara və necə xərcləndiyi haqda hesabat verilməlidir:

«Ümumiyyətlə Dövlət Satınalmalar haqda qanuna görə, 50 min manatdan artıq satınalmalarda açıq tender elan olunmalıdır. Hətta bunlar dövlət büdcəsi vəsaiti hesabına hansısa xarici ölkədən gül alırlarsa bunu da açıq tender əsasında həyata keçirməlidirlər. Bunlar isə astronomik rəqəmlər səsləndirirlər ki, bir günün keçirilməsi üçün 7 milyon, 10 milyon, 14 milyon manat vəsait xərclənib. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu pullar hara və necə xərclənir».

Almaniyada keçiriləcək «Avroviziya 2011» mahnı müsabiqəsinin təşkilinə 7,8 milyon avro vəsait ayırıdığı bildirilir.

BU BAYRAMA XƏRCLƏNƏN VƏSAİTLƏ...

Bakı sakinlərinin isə Gül Bayramına keçirilməsinə münasibətləri fərqlidir. Kimi bu bayramın keçirilməsini müsbət hal kimi qarşılayır, kimi isə, bayrama həddindən artıq vəsait xərclənməsindən gileylənir. Bakı sakini Gülpəri Adıgözəlova:

«Gül Bayramını qeyd etmək yaxşı olar. Amma bu qədər vəsait xərclənməsi nəyə lazımdır? Ondansa yeni müəssisələr açmaq olar, işçilərin əmək haqlarını artırmaq olar».

«Varlığa nə darlıq. Pulumuz var, bayramdır keçiririk».

«Bu güllərin yerli güllərlə nə fərqi var ki? Bizim güllər daha ətirlidir, daha gözəldir. Yəqin Avropalaşırıq deyə, gülümüzü də dəyişmək lazımdır».
XS
SM
MD
LG