Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:39

Adıgözəl Məmmədov: «Azərbaycanda avtoritar rejim yox, avtoritar məmurlar var!»


Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
«İz»in bu sayının bələdçisi yenicə çapdan çıxmış «Avtoritar rejimlər və psixoloji portretlər» kitabının müəllifi Adıgözəl Məmmədovdur. A. Məmmədov tarixin bəlli dövrlərində dünyada baş verən proseslərə təsir imkanına malik olan siyasi liderlərin keçdikləri həyat yolunu araşdırıb. Müəllif ixtisasca həkim olduğundan Mir Cəfər Bağırov, Adolf Hitler, İosif Stalin, Yuri Andropov, Əbdürrəhman Vəzirov, Müəmmər Qəddafi kimi siyasi liderlərin psixi-ruhi vəziyyətini təyin etməyə çalışıb. Özünün dediyinə görə, yeni bir elmi-tibbi texnologiyanın əsasını qoyub. Beləliklə, «Avtoritar rejimlər və psixoloji portretlər» kitabının müəllifini həm dinləyə, həm də oxuya bilərsiniz.

LİDERLƏR HƏRƏSİ BİR DÜNYADIR

--Adıgözəl müəllim, dünyada totalitar rejimlərin çöküşü başlayıb. Belə bir zamanda «Avtoritar rejimlər və psixoloji portretlər» kitabı yaman yerinə düşüb...(Gülüşmə).

--Sevda xanım, yəqin qismətdəndir ki, bu mövzu indiki kimi aktual olmayanda belə--tələbəlik illərindən bu yana araşdırıb yazmışam. Sözün düzü, işə təzə başlayanda, bölgü aparmırdım ki, bu, avtoritar rejimdir, bu, diktatordur, b,u traybolist bir dövlət quruluşudur. Əslində, birbaşa şəxsiyyətləri araşdırırdım. Məni ən çox cəlb edən - keçən dəfə AzadlıqRadiosunda ondan danışmışam - Mir Cəfər Bağırov idi. Araşdırma prosesində istər-istəməz onun təmsil etdiyi dövlətin rəhbəri Stalinlə, Beriya ilə, Malinkovla, Kaqonoviçlə rastlaşırsan. Bunların özləri bir dünyadır. Beləliklə, Azərbaycanda, bəlkə də postsovet məkanında yeni bir xəttin əsası qoyuldu. Mən Yazıçılar Birliyinin üzvüyəm, ali təhsilli həkiməm, tarixçi ailəsində böyümüşəm. Bütün bunlar öz sintezini belə tapdı ki, siyasi liderləri tarixi aspektdən araşdıraraq, onun psixoloji portretlərini cızdıq. İndi mənim kitablarım Moskvada böyük maraqla qarşılanır. «Kreml liderlərinin psixoqramı» kitabımı yazanda bir çoxları deyirdilər ki, bir az ehtiyatlı ol. Ancaq mən öz düşündüyümü yazırdım—heç kimin şərəf və ləyaqətinə toxunmadan, təhqirə yol vermədən. Bu, sadəcə bir elmdir. Avropada, Amerikada elmi-tədqiqat mərkəzləri var. Ancaq postsovet məkanında müəyyən xüsusi xidmət orqanlarında kiçik qruplar, ekspertlər şəklində cəmləşmiş olsa da, bu məsələləri yazarlıq formasında ictimaiyyətlə bölüşən və yaxud ictimailəşdirən olmamışdı. Bu, mənə qismət oldu.

DEMOKRATİK DÖVLƏTLƏRDƏ DƏ DİKTATORLAR VAR!

--Kitabda kimlərin psixoloji portretləri yaradılıb?

--Məndə bir yanaşma tərzi var—tələb və təklif. Bu gün cəmiyyətdə nəyə tələb varsa, o tələbə cavab verməlisən. Bayaq xatırlatdığınız kimi, hazırda avtoritar rejimlər çox aktual mövzudur. Mənim də araşdırdığım şəxsiyyətlərin çoxu avtoritar liderlərdir, rəhbərlik etdikləri rejimlər də avtoritardır. Ancaq bu o demək deyildir ki, avtoritar liderlər yalnız avtoritar rejimlərdə ola bilər. Mən sizə kifayət qədər demokratik rejimlər göstərə bilərəm ki, onların başında diktatorlar var. Yanaşma tərzində, düşüncəsində, həyata baxışında. Hətta patoloji düşüncə tərzinə malik insanlar var. Avropa demokratiyasından danışırıq, amma nə görürük? Məsələn, müsəlman qadınlarının örtüklərinə olan münasibətin qanuniləşdirilməsi, yaxud da uydurma «soyqırımı»nın olmadığını bildirən insanın qanunla həbs olunma təhlükəsi yaşaması. Bəli, cəmiyyət demokratik cəmiyyətdir. Amma Sarkozi kimi elə liderlər var ki, onların rəftarlarını, hərəkətlərini, davranışlarını müşahidə etdikdə, avtoritar cizgilər üzə çıxır. Liviya hadisələrinə baxaq. Liviya tortundan, xüsusən də, neft və qaz tortundan Fransaya bir şey çatmamışdı. Belə zəngin resurslu ölkə Avropaya ən yaxın məsafədədir. Həm də, neft və qaz çox ucuz başa gəlir. Belə olan halda bu ölkə revanşist hislərlə, müharibə avantürası ilə ətrafında nə qədər dövləti müharibəyə sürükləyir... Liviya reallıqlarını bilmədən, mental dəyərlərini öyrənmədən, Müəmmər Qəddafini dəqiq araşdırmadan, onun xarakterik xüsusiyyətlərini anlamadan birbaşa müharibə yoluna əl atılması bugünkü acınacaqlı vəziyyətə gətirib çıxarıb.

QƏDDAFİNİN ÖZƏLLİKLƏRİ...


--Qəddafinin özəllikləri nədir, bilinsə nələr dəyişərdi ki?

--Kitabda Müəmmər Qəddafiyə müəyyən yer ayrılıb. Qəddafi kasıb çoban ailəsində dünyaya göz açıb. Həyatı ağır və məşəqqətli olub. Köçəri bədəvi ərəb ailəsindən idi. 6 yaşı olanda, birdən-birə Müəmmər oxumaq istəyir. Ata-ana təəccüblənir. 6 nəfərlik ailədə heç kəsin savadı yox idi. Babası Məhəmməd səhralarda heyvan otararkən nəvəsinə həmişə Ömər Muxtarın inqilabından, onun italyan müstəmləkəçilərinə qarşı mübarizəsindən danışarmış. Uşaq təfəkküründə, beynində mübarizlik belə formalaşır.
Qəddafi kasıb çoban ailəsində dünyaya göz açıb. Həyatı ağır və məşəqqətli olub
Ailəsinə Müəmmərin təkidlə oxumaq istəməsi qəribə görünürdü. Amma psixoloqlar üçün bu qəribə deyil...9 yaşına kimi uşağın yalvarışlarına əhəmiyyət verilmir. Babası onun «Quran»ı öyrənmək cəhdlərini görüb ürəyi sızlayır. Və öz payına düşən heyvanı sataraq Müəmməri məktəbə göndərir. Məktəb Sirt şəhərində idi. M. Qəddafinin ən çox psixoloji sarsıntı keçirdiyi dövr burada olub. Təhsil illərində yerli məktəblilər həmişə onu ələ salır, dolayır, aşağılayırdılar. Bir yoldaşı xatırlayır ki, biz üç nəfər idik. Çox kasıbdıq. Gecə gedib məsciddə qalırdıq. Çünki köçəri çadırları ilə o vaxt hələ qəsəbə olan Sirt arasında 30 km məsafə var idi. Hər həftənin şənbə günü Qəddafi piyada evlərinə gəlirdi, birhəftəlik azuqə ilə ertəsi gün Sirtə qayıdırdı. Daha imkanlı şagirdlər tərəfindən aşağılanması Qəddafidə adekvat psixoloji reaksiya doğurur. Bu cür hallarda iki cür reaksiya ola bilər. İnsan qüvvətli tipdirsə, daha çox mübarizliyə doğru gedir, zəifdirsə, apatiyaya qapılır, geri çəkilir. Qəddafidə mübarizlik formalaşdı. Və bununla özünün üstün olduğunu sübut etməyə çalışdı. Bütün həyatı boyu Qəddafini digərlərindən üstün olmaq keyfiyyəti müşayiət etmişdi. Həmişə də fərqlənməyə çalışmışdı. Ərəb birliyi ideyasını ortaya atanda da, ərəb rəhbərlərindən fərqlənməyə çalışmışdı. Məsələn, Kipr hadisələrində ABŞ Türkiyəyə embarqo qoyanda, Türkiyəyə kömək etməklə öz fərqliliyini sübut etməyə çalışmışdı. Bəlkə də, öz xalqını qanına qəltan edəndə də fərqlənməyə çalışır...Bax, budur Qəddafinin psixoloji aspekti, psixoloji dəyərləndirilməsi. NATO qüvvələri belə güman edirdilər ki, digər ərəb ölkələri kimi Qəddafi də geri çəkiləcək. Dəfələrlə koridor açıldı ki, hakimiyyətdən çəkilsin. Ancaq Qəddafinin psixologiyasını anlamaq lazım idi. O özünü lider sayır! O özünü Liviya dövlətinin banisi sayır. Hətta uzağa gedərək özünü peyğəmbərin davamçısı sayır...Bax, budur Qəddafinin psixoloji-xarakterik keyfiyyəti.

QƏDDAFİ HƏMİŞƏ DEVRİLMƏK XOFU YAŞAYIB

-- Adıgözəl müəllim, Siz buna bir həkim kimi necə yanaşırsınız?

-- Patologiyadır. (Yunanca pathos-xəstəlik-S.İ.) Buna tibdə yüksək qiymətli ideyalar deyirlər. Düşüncə tərzinə görə paranoidaldır. Amma axı Qəddafi həmişə devrilmək xofu ilə yaşayıb. Bir yerdə inqilab etdikləri yoldaşlarının hamısını siyasi səhnədən silmişdi. Devrilmək, sui-qəsdə məruz qalmaq qorxusu ilə yaşamışdı...

--Məncə, bu, bütün diktatorların aqibətidir...

--Hərəsində bir cürə...(Gülüşmə). Biz bunu Qəddafinin timsalında danışdıq. Qəddafi aktual olduğu üçün.

--Amma mən Stalini xatırladım...

-- Stalin də heç vaxt siyasi rəqiblərini həzm edə bilməmişdi. Patoloji düşüncəsi də elə bundan qaynaqlanmışdı. Yaxud, kitabda portreti verilən Hitleri götürək. Tamamilə mazoxist düşüncə tərzinə malik bir adam idi. Məsələn, o, qadınlarla münasibətdə olarkən daha çox özünün alçaldılmasını, təhqir edilməsini, hətta döyülməsini istəyirdi...Çünki o, uşaqlıqda aldığı zədəni, alçaldıcı günlərini yadına salırdı...Zədə onda təzədən aqresivlik yaradır, daha çox azğınlaşırdı. Bax, bu da patologiyadır.

ONLAR TARİXİ ŞƏXSİYYƏTLƏRDİR

--Adıgözəl müəllim, bir fikrimi Sizinlə bölüşmək istəyirəm. Qəddafidən çox sevgi ilə söz açdınız. Siz keçən il «İz» proqramında Mir Cəfər Bağırov haqqında danışırdınız. Onda da mövzu hədəfinizə qəribə bir simpatiya hiss etmişdim. Bu, həkimin xəstəsinə olan rəğbətidir, yoxsa mənim anlamadığım nə isə var?

--(Gülüşmə) Bəlkə də bu, belədir... Hər şeydən öncə mən həkiməm. İstənilən halda, hətta qarşısındakı cinayətkar olsa belə, o, həkim üçün xəstədir. Bu insanlar çatışmayan cəhətləri ilə bərabər tarixi şəxsiyyətlərdir. Onları tarixdən silmək olmaz. Onlar dünyanı dəyişəcək qüdrətə malik insanlardır. Odur ki, belə adamlar həmişə aktual olacaq, araşdırılacaq. Bu kitabı da mənim Azərbaycan oxucularına kiçik bir hədiyyəm kimi qəbul edin.

--Adını çəkdiklərinizdən başqa daha kimlərin portretləri var kitabda?

--Məndə psixoloji araşdırmalar fərq qoyulmadan aparılıb. Orada elə qəhrəmanlarım var ki, təmsil olunduğu rejim avtoritar olduğuna baxmayaraq, avtoritar lider olmayıblar...

--Məsələn?


«Avtoritar rejimlər və psixoloji portretlər» kitabı
--Yuri Andropov. Mənim bir kitabım da var— «Kreml liderlərinin psixoqramı». Orada bütün liderlər avtoritar kimi təqdim olunmayıb. Sovet rejimində kifayət qədər demokratik düşüncəli liderlər olub. Yaxud da ki, mən Rusiyanın bugünkü hakimiyyətini avtoritar saymıram. Daha çox kollegial bir dövlətdir.

AZƏRBAYCANDA AVTORİTAR REJİM YOXDUR, AVTORİTAR MƏMURLAR VAR


--Bəs Azərbaycan?


--Azərbaycanda avtoritar rejim yoxdur, avtoritar məmurlar var. Ölkə başçısı öz demokratik düşüncə tərzinə, liberal yanaşmalarına görə fərəhlənəcək bir liderdir. Amma cəmiyyətdə avtoritar məmurlar var! Sabir Rüstəmxanlı demiş, hərəsi özünü kiçik knyaz hesab edir. Sanki ona tapşırılan sahə şəxsi əmlakıdır. Güman edirəm ki, bu məsələlər zamanla həllini tapacaq...

--Amma Azərbaycan vətəndaşı kimdən gəldiyindən asılı olmayaraq, bəlli ağırlığı, çətinliyi üzərində hiss edir...

--Bəlkə də araşdırma aparmasaydım, bu sözləri deməzdim. Elə Qəddafinin ölkəsini götürək. Adicə həmkarlar komitəsi yoxdur. Ya Stalin dönəminə baxaq. Bir müxalif fikirli qurummu var idi? Bu gün Azərbaycanda müxalifət partiyaları var. Müxalif fikirli qəzetlər var. Müxalif fikirlə həyat sürən insanlar var. Öz fikirlərini ifadə edə bilirlər...

--Amma ifadə etmək üçün lazımi imkanlar yoxdur, axı? Tutulanlar, həbs olunanlar, izlənənlər, döyülənlər var. Şəhərin mərkəzində mitinq keçirməyə qadağa var...


--Hər şey müqayisəlidir. Cəmiyyət inkişaf edir. 20 il əvvəl vəziyyətimiz bu cür deyildi. Amma bu o demək deyil ki, biz eyni vəziyyətdə dayanmalıyıq. Bu istiqamətdə inkişaf etməliyik. Bu kitablar da, yazılar da, mövzular da ona xidmət edir. Hər şeyi götür-qoy edərək, ətrafa baxaraq irəliləmək lazımdır. Bəli, cəmiyyətimiz daha da demokratikləşməlidir, liberallaşmalıdır.

NƏ QƏDƏR MƏŞƏQQƏTLİ OLDUĞUNU BİR MÜƏLLİF BİLİR...


--Kitabın satışı necə gedir?

--Pis deyil. 15-20 gündür satışdadır, artıq tirajın yarısı bitib.

--Yeni basqı olacaqmı?


--Güman var. Çünki cəmiyyətdə böyük marağa səbəb olub. Bu da məni sevindirir. Çünki söz yığını olan kitab deyil, sırf elmi-konseptual, hətta tibbi tədqiqat əsəridir. Bunun nə qədər məşəqqətli olduğunu bir müəllif bilir...
XS
SM
MD
LG