Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:45

Azərbaycan əsgərinin əsir düşməsi rəsmən təsdiqləndi


Anası deyir ki, oğlu son üç ili Rusiyada yaşayıb və könüllü olaraq Azərbaycan Ordusunda qulluğa yollanıb
Anası deyir ki, oğlu son üç ili Rusiyada yaşayıb və könüllü olaraq Azərbaycan Ordusunda qulluğa yollanıb
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Anar Xanbaba oğlu Hacıyevin erməni hərbçilərinə əsir düşməsi barədə məlumat rəsmən təsdiqlənib. Faktı Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov təsdiqləyib.

Ş.Sailov bildirib ki, 2008-ci ilin iyulunda Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Anar Hacıyev Füzulidəki N saylı hərbi hissədə qulluq edib. Mayın 10-da səhər saat 8-9 radələrində naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.

«Erməni tərəfi deyir ki, guya əsgər könüllü şəkildə əsir düşüb. Ancaq biz hələlik əsgərimizin hansı şəraitdə əsir düşməsi məsələsini araşdırırıq. Ola bilsin ki, dumana düşüb yolu azıb. Çünki həmin səhər onun əsir düşdüyü ərazidə duman olub»-, deyə Şahin Sailov bildirib.

Ş.Sailov onu da qeyd edib ki, əsgər arxa cəbhədə xidmət etdiyinə görə postda olmayıb. Hazırda Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası faktla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməyə hazırlaşır.

Hərbçinin anası Nailə Hacıyeva bildirib ki, Anarın hərbi xidmətinin müddəti altı ay sonra bitməli idi. Bir həftə öncə telefon danışığı zamanı anasına deyib ki, 10 gündən sonra məzuniyyətə gələcək. Hacıyevanın sözlərinə görə, sonuncu dəfə o, oğlu ilə Novruz bayramı ərəfəsində görüşüb. Əsgərin anası həmçinin bildirib ki, Anar son üç ili Rusiyada yaşayıb və 18 yaşı bitəndən sonra isə könüllü olaraq Azərbaycan Ordusunda hərbi qulluğa yollanıb. ANS
XS
SM
MD
LG