«İçərişəhər» metrosu «Son 10-12 ildə Bakıda gözoxşayan, yüksək səviyyəli arxitektura nümunələrinə az rast gəlmək olar. Təəssüf ki, mənim qənaətim belədir». Almaniyanın «Bauwelt» müstəqil arxitektura jurnalının baş redaktoru Felix Zwoch bu düşüncədədir. O, ümid edir ki, növbəti illərdə bu mənzərə dəyişəcək: «Bu, çox uzun tarix deyil. Ola bilsin, düşünüldüyündən də tez baş verdi. Böhran pul qazanmaqdan çox keyfiyyətli işə diqqət verməyə kömək olacaq». Bakıda tikililərin özəlliyi azdır F.Zwoch düşünür ki, Bakının memarlıq nümunələrində özəlliklər azdır. Şəhərdəki binaları «yaxşı» və «bir o qədər də yaxşı olmayan» kateqoriyalara ayıran baş redaktor Bakının özəlliyini cazibəli şəhər olmasında görür. Almaniyalı ekspert deyir ki, keçmiş kommunist şəhərlərində memarlığın öz fəlsəfəsi var, şəhərlərin xüsusiyyətlərini iqtisadi, siyasi və sosial proseslər formalaşdırır. «Bu, mənim uçurmaq istədiyim ilk layihə olardı…». F.Zwoch deyir ki, Bakıda gördüyü yerlərdən biri də yenicə istifadəyə verilən «İçərişəhər» metrosunun təzə tərtibatıdır. Baş redaktor metronun binasını Parisin Luvr qəsrinin girişindəki şüşə piramidaya oxşadır, deyir ki, bu tikilini bəyənmir: «Bu, mənim uçurmaq istədiyim ilk layihə olardı. Şəhər bundan qazanar. Düzdür, bütün hər şeyi dağıtmaq olmaz, ancaq onların yayılmasının qarşısını almaq olar. Ancaq bu bina özlüyündə arxitektura cinayətidir». Ətraf mühitin mühafizəsi zəifdir F.Zwochun fikrincə, keçmiş kommunist ölkələrində ekologiyanın, ətraf mühitin mühafizəsi yüksək səviyyədə deyil. Qərbi Avropa ölkələrində bu məsələ balanslı və şüurlu şəkildə həyata keçirildiyi halda başqa ölkələrdə vəziyyət fərqlidir. «Bauwelt» həftəlik arxitektura jurnalı 1910-cu ildən Berlində dərc olunur. Jurnalda müasir arxitektura, şəhər planlaşdırılması, bağ, landşaft haqda yazılar və araşdırmalar yer alır. |
Azadlıq Trend
1