Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:51

«Bakı şousu»nun nəticələri


Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edir, 13 may 2009
Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edir, 13 may 2009
Türkiyənin Ermənistan və İsveçrə ilə birlikdə «Yol xəritəsi»ni elan etməsinin üstündən bir ay da keçmədi... «Xəritə»nin tərəflərin xüsusi həssaslığını ifadə edən iki ünsürü vardı:

1. Dağlıq Qarabağ məsələsi;

2. Soyqırımı

Bunlar «normallaşma» üçün ilkin şərt kimi qoyulmadıqdan sonra «Yol xəritəsi» meydana çıxdı. Odur ki, R.T. Ərdoğanın Azərbaycan parlamentində etdiyi «poetik» çıxışda «Dağlıq Qarabağ problemi həll edilməyincə, Türkiyə Ermənistanla sərhədi açmayacaq» deməsi «oyun qaydalarını» pozmaqdır. Bu, «oyun oynanarkən oyunun qaydaları dəyişdirilməz» prinsipinin tapdanmasıdır.

Burada haqqında mübahisə açılan məsələ Azərbaycan-Ermənistan münaqişəsində kimin haqlı olduğu və ya kimin tərəfini saxlamağımızın vacibliyi deyil - bu barədə yersiz demaqogiya aparılmasın. Burada söhbət Türkiyə xarici siyasətinin necə idarə edilməsindən gedir.

Əgər 2007-ci ilin yayından bəri İsveçrənin vasitəçiliyi ilə Ermənistanla münasibətlərin normallaşdırılması haqda müzakirələr aparılmışsa; arada prezidentimiz «tarixi səfər» kimi xarakterizə edilən bir addımla Yerevana getmişsə; ondan sonra texniki müzakirələr tamamlanaraq bir «Yol xəritəsi» elan olunmuşsa - demək ki, bu, sizin xarici siyasətinizin əsas cizgilərindən biri olub. Baş nazirin çıxışı ilə bu cizgini sıfıra endirsəniz, silsəniz, bu, vahiməli bir proses olar. Azərbaycan-Ermənistan münaqişəsində kimin haqlı olmasıyla bunun heç bir əlaqəsi yoxdur. Bu, Türkiyənin beynəlxalq siyasətdə və diplomatiya səhnəsindəki etibarı ilə əlaqəli məsələdir.

Başqa bir vahiməli cəhət – R.T. Ərdoğan Türkiyə-Ermənistan sərhədinin qapadılmasının bir «nəticə» olduğunu, bunun bir «səbəbi» olduğunu, o «səbəb»in Dağlıq Qarabağın işğalı olduğunu deyir.

Birincisi, bu, kökündən yanlışdır. Belə bir şey yoxdur. Türkiyə ilə Ermənistan arasındakı quru sərhədi 1993-cü ildə Dağlıq Qarabağa bitişik Kəlbəcərin işğalından sonra qapadılıb.

Əgər Türkiyə-Ermənistan sərhədini açmaq üçün Dağlıq Qarabağ probleminin həllini şərt qoyursunuzsa, deməli, o sərhədi qiyamətə qədər açmayacaqsınız. Onda adamdan soruşarlar: «Yaxşı, Cenevrədə il yarım Ermənistan ilə müzakirələrdə zarafat edirdiniz?».

Daha da önəmli olan bu sualdır: «Elan etməyinizin üstündən bir ay belə keçməyən «Yol xəritəsi» varmı, yoxmu? Rəsmən elan etdiyiniz «Yol xəritəsi» qüvvədəmi, deyilmi?». Çünki əgər «Yol xəritəsi» qüvvədədirsə, R.T. Ərdoğanın Bakıdakı çıxışı qüvvədə ola bilməz. Yox, əgər Ərdoğanın Bakı nitqi qüvvədədirsə, onda «Yol xəritəsi»nin zibilliyə atılmış bir xarici siyasət sənədindən başqa bir dəyəri yoxdur.

R.T. Ərdoğan Türkiyənin Cənubi Qafqaz siyasətindəki bütün ipləri İlham Əliyevə verdi, onun bu diplomatiyasının yaratdığı başqa bir problem Türkiyənin imici ilə bağlıdır. Türkiyə son mərhələdə «məsələni həll etmə qabiliyyətsizliyini» nümayiş etdirir. Türkiyənin tərəf olduğu hər hansı bir problem qanqrenləşir. Azərbaycan ilə Ermənistan arasındakı siyasi-diplomatik manevrlər Türkiyəni «öz cırığını tikə bilməyən dərzi»yə oxşatdı. R.T. Ərdoğanın «Bakı-şousu» daha geniş bir coğrafiyada mənfi nəticələr törətməyə namizəddir. Bunun Türkiyəyə daha çox zərər vurmadan «geri dönüş» imkanı varmı? Var. Amerika və Rusiyanın vasitəçiliyi ilə yaxın zamanda Azərbaycan ilə Ermənistan arasında bir razılaşma əldə edilərsə, var. Yoxdursa, yoxdur.
XS
SM
MD
LG