Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:47

«Yol tikmək, körpü salmaq böhrandan qorunmaq yolu deyil»


Azərbaycan yollar, körpülər tikintisinə, infrastruktur layihələrinə nəhəng pullar sərf edir
Azərbaycan yollar, körpülər tikintisinə, infrastruktur layihələrinə nəhəng pullar sərf edir
«Böyük mühafizəkarlıq» kitabının müəllifi, 25 illik bankir təcrübəsi olan Martin Hatçinson yazır ki, bundan sonra hər nəslə bir qlobal böhran düşəcək, ona görə böhrandan qorunmağın resepti olmalıdır. Bu reseptə nə daxil deyil?

Azərbaycan yollar, körpülər tikintisinə, infrastruktur layihələrinə nəhəng pullar sərf edir.

İndi qlobal iqtisadi böhran şəraitində Amerika, Avropa, Yaponiya da eyni yolu tuturlar. Dövlət xərclərinin artırılmasına trilyonlarla dollar ayırırlar.

Əmək tutumu böyük olan bu işlərlə həm məşğulluq təmin olunur, həm də dövlət iqtisadiyyata külli miqdarda pul buraxmış, yəni iqtisadiyyatı stimullaşdırmış olur.

Martin Hatçinson öz təhlilində yazır ki, bu yol səhvdir: «Büdcə və pul siyasətlərindəki həvəsləndirmə aspirin kimidir, yüngül xəstəliyi sağaldır, ancaq bu o demək deyil ki, xəstəlik ağır olanda dozanı artırmaqla xəstəliyə qalib gəlmək olar. Nəhəng aspirin dozası, ciddi xəstəliyi olanı ölümcül eləyə bilər».

«Bundan sonra hər nəslə bir iqtisadi böhran düşəcək»

Hatçinsonun fikrincə, dünya iqtisadiyyatının gah qrip epidemiyası, gah terrorizm kimi təhlükələrə kövrək olması qloballaşma, kommunikasiyaların sürətli inkişafı ilə bağlıdır. Bundan sonra belə qlobal böhranlar çox olacaq. Təxminən hər nəslə bir böhran düşəcək.

Ona görə dünya liderlərinə böhranın qabağını almağın və böhrandan çıxmağın resepti lazımdır.

Bu reseptə nə daxildir? Birincisi, nəhəng stimullaşdırma bu reseptə düşməməlidir. 2008-ci ildə prezident Buşun nəhəng stimullaşdırma planı nəinki səmərəsiz oldu, hətta zərərlidir, çünki borc almağa hökumətə qoyulan tələbləri təhlükəli səviyyədə zəiflətdi.

İqtisadçının fikrincə, nəticədə hamının gözlədiyinin əksinə olaraq yaxın aylarda inflyasiya və Mərkəzi bankların faizləri qalxacaq.

Bəs dünya nə etməlidir?

Hatçinsonun cavabı: «Dünya sürətli iqtisadi dirçəliş, biznesmen fəallığı, çoxlu iş yeri, yüksək maaş, aşağı inflyasiya yolunu tutmalıdır».

Amerika Böyük Depressiyadan 1945-1960-cı illərdə bu yolla çıxıb. Yaponiya və Almaniya 1945-ci ildən sonra bu yolla dirçəlib.
Eyni vaxtda, 1945-ci ildə, Britaniya hökumət xərclərini artırmaq yolunu tutdu, nəticəsi olmadı.

1990-cı illərdə infrastruktur, yollar, körpülər layihələri ilə Yaponiya hökumət xərclərini artırdı ki, iqtisadiyyat dirçəlsin, bu üsul işləmədi.

Hatçinson başqa misallar çəkir: Almaniya 1919-1923-cü illərdə pul çapı yolunu tutdu, bu da hiperinflyasiyaya gətirdi. Rusiya 1990-cı illərdə tez-tələsik özəlləşdirmə, ucuz və asan pul yolunu seçdi, az qala fəlakətə gəlib-çıxdı.

Hatçinsonun fikrincə, uğursuz və uğurlu nümunələr aydın mənzərə yaradır: biznesin çətinliklə tapdığı pul, insanların yüksək yığımı, ölkə büdcəsinin tarazlığı - real böhrandan real çıxış yoludur.

Kapitalizmin sonudurmu?

Qlobal böhran başlanandan «kapitalizmin sonudurmu?» sualı nəinki məqalələrdən düşmür, hətta qəzet başlıqlarına çıxır. Hatçinson isə hesab edir ki, böhrandan məhz kapitalist üsulları ilə çıxmaq mümkündür. Ticarət sərbəstləşdirilməlidir, əmək qanunları mümkün səviyyəyə qədər ləğv olunmalıdır ki, işçi qüvvəsi həm sərbəst hərəkət edə, həm də bazara uyğunlaşa bilsin. Uğursuz bizneslər iflas olmalıdır ki, o pul lazımi yerə yönələ bilsin.

Hatçinson sonda yazır ki, dövlət xərcləri yolu Meynard Keynsin yoludur. Onu bütün iqtisadçılar tanıyır.

Ancaq ölkələri böhrandan çıxardanlar onun sevmədiyi və yəqin ki, sevməyəcəyi və indi çoxunun tanımadığı Lord Liverpuldur (1815-1825-ci illər Britaniya), Lüdviq Erharddır (1948-1963-ci illər Almaniya), Hayato İkedadır (1949-1964-ci illər Yaponiya).
XS
SM
MD
LG