Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:13

Özbəksayağı ev tapşırığı


Özbəkistan rəsmiləri ölkədəki uşaqlardan zorla pambıq yığımında da istifadə edirlər
Özbəkistan rəsmiləri ölkədəki uşaqlardan zorla pambıq yığımında da istifadə edirlər
Özbəkistanda, Fərqanə əyalətində yaşayan məktəblilər və tələbələr bu aralar çox qeyri-adi bir ev tapşırığıyla məşğuldurlar. Müəllimləri onlara tapşırıb ki, hərəyə azı 200 kağız qıf düzəltsinlər, içini torpaqla doldursunlar və o torpağa da pambıq toxumu əksinlər.

Bu tapşırığı yerinə yetirməksə elə də asan deyil. Odur ki, məktəblilər evdəki vaxtlarının demək olar ki, bütün hissəsini dərsə yox, bu tapşırığa sərf edirlər. Bu cür tapşırıq alan məktəblilərdən biri – «Azadlıq» radiosunun özbək xidmətinə gördükləri işi belə anladır:

«Bizə tapşırıblar ki, dəftər vərəqini götürək, qıf kimi dar şəkildə fırladıb kənarlarını yapışdıraq. İçini isə boş saxlayaq. Biz elədik, növbəti gün yenə bir neçə dənə düzəltməyi tapşırdılar. Sonra isə yenə də və daha fərqli formada…»

Özbəkistandakı Fərqanə əyalətinin rəsmiləri məktəb və institut tələbələrinə tapşırıblar ki, evlərində düzəltdikləri bu kağız qablarda pambıq əksinlər. Daha doğrusu, cücərtsinlər. Sonrasa bu cücərtiləri rahatca elə qabındaca tarlada əkmək olsun.

Təkcə Fərqanədəki məktəblilər yox, müəllimlər, fəhlələr və büdcə təşkilatlarında çalışan bütün işçilərə belə göstəriş veriblər.

Səbəbsə çox sadədir. Toxum səpinindən dərhal sonra yağış və güclü küləklər pambıq tarlasında toxumları sovurub-yuyub apara bilməsin və məhsuldarlıq azalmasın deyə pambıq kollarını ilkin mərhələdə evdə cücərib, möhkəmlənəndən sonra tarlaya əkmək daha sərfəlidir.

Yəni faktiki olaraq Fərqanə rəsmiləri hər kəsi pambıqçı ediblər, çünki pambıq bu vilayətin - eləcə də bütün Özbəkistanın əsas ixrac məhsuludur. Özü də Özbəkistanda pambığı daha çox dədə-baba üsullarıyla əkib-becərirlər, toxum səpinindən sonra əllə onların üstünə tent çəkirlər, məhsulu da əllə yığırlar.

Amma insan haqları fəalları deyirlər ki, əhalinin zorla pambıqçı edilməsi təkcə evdə pambıq əkdirməklə məhdudlaşmır. Özbəkistan rəsmiləri ölkədəki uşaqlardan zorla pambıq yığımında da istifadə edirlər.

Sentyabrdan az qala dekabra kimi uzanan yığım mövsümü vaxtı məktəblər və universitetlərdə dərslər ləğv olunur, uşaqların hamısını pambıq tarlalarına göndərirlər. Burda uşaqlar günün altında əllə pambıq yığmalı olur. Özü də yorulanda dincəlməyə də icazə verilmir. Hətta şənbə və bazar günü istirahətləri də yoxdur.

Uşaqların hamısına yemək üçün ancaq çörək, su və tərəvəz verirlər. Gecələr isə elə tarlanın yanında yatırlar. Hər kəs səhər tezdən durub, gigiyenik normalara məhəl qoymadan təzədən iş başına dönməlidir. Özü də uşaqlar cürbəcür kimyəvi qarışıqlarla gübrələnən sahələrdə, hər hansı qoruyucu vasitələrsiz işləyirlər.

Düzdür, bunun qarşılığında uşaqlara pul ödəyirlər. Amma məsələ də, məhz bu pulun məbləğindədir. Bu pul o qədər azdır ki, hətta ondan 10 dəfə çox pul versən belə, heç bir həddi-buluğa çatan adam həmin pula bu işi görməz. Uşaqlar isə, məktəblərdən tapşırıq aldıqlarında kilosu 3 sentə belə əllə pambıq yığmağa məcburdurlar.

Baxmayaraq ki, ötən ilin sentyabrından Özbəkistan hökuməti rəsmən uşaq əməyindən istifadəni qadağan edən qərar verib. Amma insan haqları fəalları və beynəlxalq aləm Özbəkistanı uşaq əməyini rəsmən qadağan etməyə məcbur etmək üçün də çox tərləməli olmuşdu.

Az qala 10 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatlar Özbəkistanı uşaq əməyini qadağan etməyə çağırırdılar. Amma Özbəkistan hakimiyyəti bu cür çağırışları qulaqardına vurmağa davam edirdi. Amma dünyanın bir neçə mağazalar zənciri – «Tesco», «Gap», «Marks & Spencer» və «Wal-Mart» özbək pambığından hazırlanan tekstil məhsullarını almaqdan imtina edəndən sonra Özbəkistan hakimiyyəti müştərilərini itirməmək naminə uşaq əməyini rəsmən qadağan etdi. Və uşaq əməyindən istifadəyə nəzarət etmək üçün bir vəzifə də yaratdı.

Bu qərar uşaqları və onların valideynlərini sevindirdi. Amma günü bu gün də Özbəkistandakı insan haqları fəalları uşaq əməyindən istifadənin davam etdiyini deyirlər. Özbəkistandakı Sırdərya əyalətindən insan haqları fəalı Kərim Bozorbayev:

«Qanunlar, təlimatlar və qərarlar burda heç də həmişə tətbiq olunmur. 2008-ci ilin pambıq yığımı mövsümündə bizdə fakt varıydı ki, əyalətin icra hakiminin kənd təsərrüfatı məsələri üzrə müavini demişdi ki, əgər uşaqlarınızı pambıq yığmağa göndərməsəniz, xalq düşməni elan ediləcəksiz».

Amma insan haqları fəalları onu da etiraf edirlər ki, bəzən özbək valideynlər özləri də uşaqlarının işlədilməsinə göz yumurlar. Səbəbsə 28 milyona yaxın əhalisi olan Özbəkistandakı çox aşağı maaşlar və yüksək işsizlik faizidir.
XS
SM
MD
LG