Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:14

«Məqsəd bütün cəmiyyəti nəzarətə götürməkdir»


Aslan İsmayılov
Aslan İsmayılov
Milli Məclisin növbəti iclasında «Polis haqqında» qanuna təklif edilən dəyişikliklərin də müzakirə ediləcəyi gözlənilir. Parlamentin kömitələri artıq bu qanuna nəzərdə tutulan dəyişiklikləri bəyənib. Söhbət cinayətkarlığa qarşı mübarizədə ictimayyətin imkanlarından istifadədən gedir. Millət vəkili Fəzail Ağamalı deyir ki, bunu sovetlər dönəmində milisə kömək məqsədilə yaradılan «drujina» xidməti ilə müqayisə etmək düzgün deyil:

- «Drujinalar» ayrı şeydir, bu ayrı şey. Onların səlahiyyətləri də müxtəlif olacaq.

«Media form» saytının məlumatına görə, parlament komitələrində müzakirə zamanı millət vəkili Əli Hüseynov deyib ki, bu prosesdə iştirak edəcək insanların fəaliyyətini əlaqələndirmək üçün polis orqanlarında ictimai şuraların yaradılmasına başlanıb. Onun fikrincə, bu, polisin işinə kömək olacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən könüllü ictimai fəaliyyət hüquqazidd və cəmiyyətə hörmətsiz davranışa qarşı təbliğatı gücləndirəcək. Bundan başqa, narkomaniya və başqa hüquqazidd əməllərin qarşısının alınması üçün polis orqanlarına məlumatların çatdırılması təmin ediləcək.

Hüquqşünas Aslan İsmayılov isə qanunda bu dəyişiklikdən sonra cinayətkarlığa qarşı mübarizədə ciddi dönüşün yaranacağına inanmır. Onun fikrincə, əslində, bu, avtoritar cəmiyyətlərə xas bir ənənədir. Bundan həm insanlara şər və böhtan atmaq, həm də siyasi məqsədlərlə istifada edilə bilər:

- Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə hallara rast gəlmək mümkün deyil. Heç buna lüzüm da yoxdur. Əgər ictimayyətin fəallığını istəyirlərsə, bizdə ictimai təşkilatlar haqqında qanun var. Qoy imkan versinlər yeni-yeni ictimai təşkilatlar yaransın, onlar cinayətkarlığa, narkomanlığa qarşı mübarizə aparsınlar. Əslində, belə təşkilatlar da az-çox var.

Əslində, Aslan İsmayılov «Polis haqqında» qanuna təklif edilən dəyişikliyin ayrılıqda götürülüb təhlil edilməsinin tərəfdarı deyil. O, ombudsman və prokurorluq haqqında qanunlara da nəzərdə tutulan dəyişikliklərin də bununla paralel götürülərək dəyərləndirilməsini istəyir. Aslan İsmayılovun fikrincə, məqsəd bütün cəmiyyəti nəzarətə götürməkdir.

Bu məsələdə diqqət çəkən başqa bir məqam isə Azərbaycanda sadə insanların polislə əməkdaşlığa o qədər də can atmamasıdır. Bunu keçirdiyimiz sorğu da təsdiq edir:

- Polis özü, öz işini görməlidir. Mən polislik edə bilmərəm. İnformasiya verməyə gələndə isə bu mənlik deyil.
- Bu polisə mən köməklik etmərəm.
- Azərbaycan dövlətinin güclənməsi naminə mən bütün hüquq- mühafizə orqanlarına, o cümlədən polisə hər cür kömək etməyə hazıram.
- Bu yaxşı olar, cinayətkarlığın qarşısı azalar. Ancaq adama «işverən», «mərdimazar» deyirlər. Baxmırlar ki, qarşısındakı cinayətkardır.

Hüquqşunas İsaxan Aşurov isə deyir ki, cinayətkarlığa qarşı mübarizəyə ictimayyətin geniş təbəqələrinin də cəlb edilməsi böyük vəsait tələb edir. Onun fikrincə, hələ ki, polisin özünün maddi vəziyyəti buna imkan vermir.
XS
SM
MD
LG