Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

İtkinlərin nikahı pozula, mülkiyyəti bölüşdürülə bilər


Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları itkin düşmüş şəxsin ailəsi ilə görüşür
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları itkin düşmüş şəxsin ailəsi ilə görüşür
«Ümidimizi üzmürük, ümidimiz var ki, girovluqdadır, bəlkə bir gün gələr. Anam deyir ki, bircə oğlumu görəydim, ondan sonra öləydim. Bircə biləydim balam sağdı…»

17 ildir gözü yolda qalan

17 ildir gözü yolda qalan, itkin qardaşından xəbər gözləyən Vaqif Məmmədov belə deyir.

Qardaşı Natiq cəbhəyə gedəndə 28 yaşı vardı, Murov istiqamətində cəmi bir neçə gün döyüşüb. Sonra da itkin düşüb. Vaqif Məmmədov deyir ki, o zaman bölgəyə gedib, döyüş yoldaşlarını çox sorğu-suala tutublar, dəqiq nəsə öyrənə bilməyiblər. Sonralar isə nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından, nə də beynəlxalq qurumlardan xəbər alıblar.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə belə ailələrə yardım məqsədilə yeni qanun hazırlanmasını təklif edir. Məqsəd bu ailələrin intizarına birdəfəlik son qoymaq, itkinlərini axtarışını sürətləndirməkdir. Komitənin Azərbaycandakı nümayəndəliyinin beynəlxalq monitorinqin yayımı və mətbuat şöbəsinin əməkdaşı Vüqar Nağıyev deyir ki, itkinlərlə bağlı ayrıca qanuna zərurət var. Çünki bu məsələylə bağlı Azərbaycanda ayrı-yarı qanunlarda bəzi məqamlar öz əksini tapsa da, vacib məsələlər hələ də açıq qalır.

Yeni qanun nəyi dəyişəcək?

Məsələn, hüquqşünasların araşdırmasından sonra məlum olub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında axtarışın hansı halda başlanması ilə bağlı təlimat yoxdur:

«Dövlət Komissiyasında qayda və ya təlimat yoxdur ki, itkin şəxsin axtarışı və ya bu işə xitam verilməsi hansı halda mümkündür. Ən azı bu məsələdə Dövlət Komissiyasına yardımçı ola bilərik».

Komitə bu günlərdə Milli Məclisə hətta model qanun layihəsi təklif edib. Vüqar Nağıyev deyir ki, Azərbaycan parlamenti bu qanunu öz bildiyi kimi təkmilləşdirə də bilər. Sözügedən layihədə isə onlar ilk növbədə bu məsələlərə diqqət çəkirlər: ölmüş itkin şəxslərin eksqumasiyası və identifikasiyası, eyni zamanda, itkin düşənlərin və ailələrinin hüquqlarının müəyyənləşdirilməsi, bu ailələrə maddi yardım göstərilməsi, itkinlərin sonradan reabilitasiyası və sairə.

Bundan başqa: «İtkin şəxs ailəlidirsə və ondan bir neçə il xəbər yoxdusa, nikahın pozulması məsələsi qaldırıla bilər. Və ya tutaq ki, nikah pozuldu, yeni ailə quruldu və az sonra itkin şəxs də qayıtdı. O zaman məsələ necə həll olunacaq? Müəyyən hüquqi məsələlər var ki, aydınlıq gətirilməlidir. Nəinki nikah məsələsi, eləcə də mülkiyyət məsələləri də həllini tapmalıdır»-, Vüqar Nağıyev belə deyir.

Azərbaycan parlamenti tələsmir

Azərbaycan parlamenti isə bu yöndə qanunun qəbuluna tələsmir. Parlamentin vitse-spikeri Bahar Muradova bu yöndə müzakirələr zamanı deyib ki, Ermənistan belə qanun qəbul etməyincə Azərbaycan analoji addım atmayacaq. Deputat Zahid Oruc isə Azərbaycanın bu addımını belə izah edir:

«Azərbaycan itkin şəxslərlə bağlı həmişə qarşı tərəfə dərhal məlumat verib. Onları «verbovka» etmək, kəşfiyyata, terrora sürükləmək meyli olmayıb. Amma Ermənistan belə addımlar atıb. Bu məsələdə Azərbaycanın mövqeyi daha başa düşüləndir. Biz bu qanunu qəbul edəcəyik. Amma BQXK maksimum səy göstərməlidir ki, Ermənistan da qanunu qəbul etsin».

Almaniyadakı İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə beynəlxalq işçi qrupun üzvü Əvəz Həsənov isə deyir ki, qanunun qəbulu vacibdir. Ən azı ona görə ki, Azərbaycanda rəsm məlumata görə, 5000-ə yaxın itkin var. Onlardan yalnız 700-dən çoxu haqda məlumat var. Onlar ya Ermənistanda, ya da Dağlıq Qarabağda saxlanılıb və ya saxlanmaqdadır. Əvəz Həsənov deyir ki, deməli, ən azı 5000 adamın həyatından xəbər yoxdur:

«Belə bir qanun yaradın, büdcə ayırın, səlahiyyət verin, qoyun 5000 insanın, eləcə də Ermənistandan olan 1000 nəfərin taleyini müəyyənləşdirsinlər…»

Əvəz Həsənov həmçinin ona diqqət çəkir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının səlahiyyətləri artırılmalı, onlara maddi imkanlar yaradılmalıdır.

Ekspertə görə, müharibədən 15 il sonra axtarışa başlamaq çox çətindir

Yeri gəlmişkən, bu günlərdə qanun layihəsiylə bağlı müzakirələrdə Dövlət Komissiyasının rəsmisi deyib ki, belə bir qanunun qəbulu onlar üçün də faydalı olacaq.

Ekspertə görəsə, müharibədən 15 il sonra axtarışa başlamaq, cəsədlərin DNT analizini aparmaq çox çətindir, həm də bu çox bahalıdır. Balkanlarda bu analizi aparan laboratoriyanı BMT və beynəlxalq qurumların hesabına qurdular. Azərbaycan dövləti də büdcədən bu işlərə vəsait ayırmalıdır. Eyni zamanda, cəsədlərin eksqumasiyası və identifikasiyası kimi ağır proseslərin yubanmadan aparılmasına hüquqi baza yaradılmalıdır.

Amma Əvəz Həsənov deyir ki, müharibə davam etməsə də, iki ölkə arasında əlaqə demək olar ki, yoxdur. O üzdən də Azərbaycan da, Ermənistan da ilk addımı atmaqda çətinlik çəkir. Amma çətinlik çəkən həm də minlərlə itkinlər və onların gözü yolda ailələridir, hökumətlər onları da düşünməlidir… Natiq Məmmədovun yolunu gözləyən ailələrin intizarına son qoymaq üçün.
XS
SM
MD
LG