Belçikada irqçiliyə qarşı etiraz, 26 may 2006
Avropa Birliyinin Fundamental Haqlar uğrunda Agentliyi illik «Avropa Birliyi azlıqlar və ayrı-seçkilik hesabatı»nı açıqlayıb. Hesabatdan əsas faktlar...
Ayrı-seçkilik halları
Hər 3 müsəlman respondentdən 1-i (kişilərdə 34%, qadınlarda 26%) son bir ildə ayrı-seçkiliklə üzləşiblər. İldə orta hesabla 8 dəfə.
16-24 yaşlı müsəlman gənclər digər yaş qruplarına görə daha tez-tez diskriminasiya ilə üzləşir.
Avropa Birliyi ölkələrində vətəndaşlıq və ya daimi yaşayış haqqı almaq ayrı-seçkiliyə məruz qalma riskini azaldır.
Baş örtüsü kimi dini və ya milli geyimlərin geyilməsi ayrı-seçkiliyə məruz qalma riskinə təsir etmir.
Ayrı-seçkiliklə bağlı şikayətlər
Rəyi soruşulanların 79 faizi - hər 10 nəfərdən 8-i üzləşdikləri ayrı-seçkiliklə bağlı heç bir yerə şikayət etməyib.
Şikayət etməyənlərin 59 faizi, yəni hər 10 nəfərdən 6-nın fikrincə, «şikayətin xeyri yoxdur və ya heç nə deyişən deyil».
Şikayət etməyənlərin 38 faizi - hər 10 nəfərdən 4-ü isə şikayət etməyə ehtiyac görmür, fikirləşirlər ki, «bu, onların gündəlik yaşamlarının tərkib hissəsidir».
Rəyi soruşulanların 80 faizi ayrı-seçkilik halında hara müraciət etmək lazım olduğunu da bilmir.
Ayrı-seçkiliklə üzləşənlərin şikayət etməmələrinin səbəbləri
Şikayət etməyin xeyri yoxdur, heç nə dəyişən deyil | 59 |
Həmişə olub, adi şeydir | 38 |
Hara və necə şikayət etmək lazımdır, bilmirəm | 33 |
Şikayət etmək üçün bürokratik prosesləri keçməyə nə vaxtım, nə də həvəsim var | 21 |
Şikayət etsəm başımın ağrımağından qorxuram | 21 |
Özüm hesablaşmağa üstünlük verirəm | 12 |
Haqqında şikayət edəcəyim şəxslərin qisas alacağından qorxuram | 11 |
Dili bilmədiyim üçün şikayət etmirəm | 6 |
Sənədlərim qaydasında deyil, ona görə şikayət etmirəm | 2 |
Ayrı-seçkilik zəminində cinayətlər
Rəyi soruşulan müsəlmanların 11 faizi, yəni hər 10 nəfərdən 1-i son bir il ərzində ayrı-seçkilik zəminində cinayətin qurbanı olublar (təhqir, hədə-qorxu gəlmə və qorxutma, gözümçıxdıya salma).
Ayrı-seçkilik zəminində cinayətin qurbanı olanların 79 faizi yaşadıqları ölkənin daimi sakinləri olan milli çoxluğun nümayəndələri tərəfindən cinayətə məruz qalıblar.
Ayrı-seçkilik zəminində cinayətə məruz qalanların şikayətləri
Ayrı-seçkilik zəminində cinayətə məruz qalanların 53-98 faizə qədəri (ölkədən-ölkəyə dəyişir) bu cinayətlə bağlı polisə şikayət etmirlər.
Polisə müraciət etməyənlərin 43 faizi polisin nəsə edəcəyinə inanmır.
Ayrı-ayrı etnik qruplar arasında son bir ildə ayrı-seçkiliklə üzləşənlərin faizi
Hüquq-mühafizə, gömrük və sərhəd orqanları ilə kontaktlar
Rəyi soruşulan hər 4 müsəlmandan 1-i son bir ildə azı 3 dəfə polis tərəfindən saxlanıb.
Saxlananlardan 40 faizi məhz milli azlıq və ya gəlmə olduğu üçün saxlandığını bildirib.
Rəyi soruşulan hər 5 müsəlmandan 2-i, yəni 37 faizi son bir il ərzində sərhhəddə və ya gömrükdə məhz milli azlıq və ya gəlmə olduğu üçün saxlanıb.
Qeyri-müsəlman gəlmələrdən isə ancaq 5 nəfərindən 1-i gömrük və ya sərhədçilər tərəfindən saxlanıb.
Milli və irqi ayrı-seçkiliyə məruz qalma faizi
Qaradərililər
Hesabata görə, Avropa Birliyi ölkələrində ən çox milli-irqi-dini ayrı-seçkiliyə məruz qalanlar Sub-Saharan Afrikadan gələnlərdir. Bu regiondan olan hər 10 nəfərdən azı 4-ü (43 faiz) ayrı-seçkiliklə üzləşib.
Afrikalı ərəblər
Şimali Afrikadan gələn ərəb mənşəlilərin 36 faizi ildə azı bir dəfə ayrı-seçkiliklə üzləşir.
Türklər
Rəyi soruşulan türklərin 24 faizi - hər 4 nəfərdən biri ayrı-seçkiliklə üzləşib.
Eks-yuqoslavlar
Keçmiş Yuqoslaviyadan olan serblər, xorvatlar, albanlar, slovenlər və bosniyalıların 14 faizi, yəni hər 7 nəfərindən biri ayrı-seçkiliyə məruz qalıb.
İraqlılar
Hər 10 iraqlıdan biri Avropa Birliyi ölkələrində ayrı-seçkiliklə üzləşir.
Sorğulanan millətlər
Hesabat üçün sorğular Avropa Birliyinin 14 ölkəsində - Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Finlandiya, Fransa, İtaliya, Lüksemburq, Malta, Sloveniya, İspaniya, İsveç və Niderlandda həyata keçirilib.