AzadlıqRadiosunun 2009-cu ildə Şıxəli Qurbanovla bağlı hazırladığı yazı
«1967-ci il bu vaxtlar - iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma… Mayın 24-də onu aradan götürdülər…».
Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanovanın dedikləridir bu. Xavər xanımla söhbətə qayıdacağıq. Əvvəlcə…
KİMDİR ŞIXƏLİ QURBANOV?
Şıxəli Qurbanov 1925-ci ildə Bakıda doğulub. Ədəbiyyatşünas-alim, dramaturq, şair, yazıçı, dövlət və ictimai xadim olub. A.S.Puşkinin Azərbaycan poeziyasına təsirinin tədqiqatçısı, XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələlərinə dair monoqrafiyanın, onlarla məqalənin, publisistik əsərlərin, povest, şeir və poemaların müəllifidir. Və bütün bunlarla yanaşı Şıxəli Qurbanov uzun illər Azərbaycan KP MK-da rəhbər vəzifədə çalışıb.
NOVRUZ BAYRAMI DEYƏNDƏ…
«Şıxəli Novruz bayramı ilə bağlı hazırlıq işləri görəndə heç ailəsinin də bundan xəbəri yox idi. Bilirdi ki, mənim xəbərim olsa, həyəcanlanacağam, narahat olacağam. Axı o dövrdə belə bir addım atmaq çox təhlükəli idi…» Həyat yoldaşı Xavər Qurbanova belə deyir. Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq oldu.
«Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı bahasına...».
«BAYRAMDAN SONRA HƏYATINA ÜÇ DƏFƏ QƏSD OLUNDU»
Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. «O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil». Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. «Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb».
HƏKİM DİŞİNƏ İYNƏ VURARKƏN ŞIXƏLİ QURBANOV ÖLÜR...
Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: «Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi.
O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar».
«ATAMIN ÖLDÜRÜLMƏSİNDƏ ƏLİ OLAN HƏKİMLƏ BİR EVDƏ GECƏLƏMİŞƏM»
Gülnarə Qurbanova: «Atam səhər saat 9.40-da rəhmətə getmişdi, saat 10-da isə Vəli Axundovun göstərişi ilə ailəsinə xəbər vermədən yarmışdılar onu. Moskvadan təyyarə ilə komissiya Bakıya gəlmişdi, amma ailəsi hələ də xəbərsiz idi. Gülnarə xanımın dediyinə görə, atasının cənazəsi bir gecə evlərində qalıb və həmin gecə övladlarının başqa yerdə gecələməsi məsləhət görülüb: «Məni həmin gecə Vəli Axundovun evinə göndərdilər. O vaxt qızı ilə bir sinifdə oxuyurdum. Sonradan bildim ki, həmin gecə qonşu otaqda da atamın dişinə iynə vuran həkim yatıbmış».
«XALQ QOYMAZ Kİ, QANIM YERDƏ QALSIN»
Gülnarə Qurbanova danışır ki, atası son bir ildə öldürüləcəyini bilirdi: «Anama demişdi ki, bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın».
«ANAFİLAKTİK ŞOK»
Şıxəli Qurbanovun ölümündən 40 gün sonra xanımı Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidindən sonra prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi – Şıxəli Qurbanovun «anafilaktik şok»dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu.
İSTİNTAQLA RAZILAŞANLAR DA VAR
Novruz bayramı ilə bağlı araşdırmaların müəllifi, filologiya elmləri doktoru, professor Azad Nəbiyev Şıxəli Qurbanova qəsd olunduğu və onun Novruz bayramının təşəbbüskarı olması ilə bağlı deyilənlərlə razılaşmır. Onun dediyinə görə, 1967-ci ildə bayramın Azərbaycanda keçirilməsi elə sovet ideoloji sisteminin təşəbbüsü idi. «Bu təkcə Şıxəli Qurbanovun təşəbbüsü ola bilməzdi. O zaman ona kim icazə verərdi ki, belə bir addım atsın? Elə bayramdan öncə - açıqçalar çap etdirəm zaman onu aradan götürərdilər». Azad Nəbiyev deyir ki, Şıxəli Qurbanovun həyatına qəsd olunmasydı, bu mütləq üzə çıxardı: «Vəli Axundov dəfələrlə öz açıqlamalarında deyib ki, Şıxəli Qurbanovu onlar hakimiyyətə gətirmişdilər, onun xalq arasında çox böyük hörməti var idi. İnana bilmirəm ki, bu boyda qəsd təşkil olunsun. Belə olsaydı istintaq mütləq nəsə üzə çıxarardı».
«BƏYƏM ÖLDÜRMÜŞDÜLƏR Kİ, ÜSTÜNÜ AÇSINLAR?»
İndi Şıxəli Qurbanovun ölümündən 42 il keçir. Amma onun ölümü ilə bağlı hələ də ciddi istintaq aparılmayıb. Gülnarə xanım deyir ki, hətta müstəqillik illərində də bu qətlin üstünün açılmasına maraq göstərən olmadı. Qurbanovlar ailəsinin bu yolda göstərdikləri bütün cəhdlər daşa dəydi. Amma həmsöhbətim deyir ki, atasının öldürülməsinə şübhə ilə yanaşanlara nəyisə sübut etmək fikrində deyil: «Mən gedib kimdən nə tələb edim, kimin qarşısında bu məsələni qaldırım? Bu günədək onun ailəsi təqib olunur, incidilir. Mənim üçün və bir çoxları üçün hər şey aydındır. Zaman gələcək bu özünün rəsmi təsdiqini də tapacaq».
««SƏNSİZ»Ə BAXARSIZ MƏNSİZ…»
Mayın 24-ü – vəfat edən günü Azərbaycan Dram Teatrında Şıxəli Qurbanovun «Sənsiz» dramının ictimai baxışı idi. Gülnarə Qurbanova deyir ki, hələ bir gün öncə - mayın 23-də Şıxəli Qurbanov tamaşanın məşqini yarımçıq qoyub getməli olmuşdu, xaricdən qonaqlar gəlmişdi. Qapıdan çıxanda isə demişdi ki, ««Sənsiz»ə baxarsız mənsiz»... Elə belə də oldu. Gülnarə xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin hamısı xəstəxanada idi: «Tamaşaya gələnlərə elan etmişdilər ki, müəllif rəhmətə gedib».